– Gecə-gündüz içirəm əhli-mazağam, sənə nə?
Mərifətdən, mədəniyyətdən uzağam, sənə nə!

Nəsihətçi

– A kül olsun gözünə! Oxşama fərsiz dayına,
Baxsana qonşunun oğlu Kərimə – həmtayına!
Sən də get, dərs oxu, düşsün iki min hər ayına,
Xalqımız elmlə, ürfanla gedir çox irəli!
Çünki xulqanlığın heç bir kəsə yoxdur səməri.

Avara

– Nə kitab bilirəm ömrümdə, nə dəftər, nə qələm;
Sərf edəm ömrümü boş bir şeyə, əbləh deyiləm,
Ağlın olsun, yeri get xəftədamağam, sənə nə!
Mərifətdən, mədəniyyətdən uzağam, sənə nə!

Nəsihətçi

– İndi namuslu oğullar çəkilir iş başına,
Hamı kolxozda, zavodlarda dönübdür maşına,
Tarlamız, pambığımız çölləri almış başına;
İşçi, kolxozçu coşur, səyü hünərlə çalışır;
Bunu gördükdə yanır, düşmən içərdən alışır.

Avara

– Hansı mey məclisidir, olmayım orda tamada?
İclasa getdiyim heç gəlməyir ömrümdə yada.
Şayəd, işdirsə, çaşıb bir dəfə getsəm arada,
Onda da qaçmağa tez yüngülayağam, sənə nə?
Mərifətdən, mədəniyyətdən uzağam, sənə nə!

Nəsihətçi

– Bir özün fikr elə, gör, tonbəl adamdan nə çıxar,
Boşla xulqanlığı, axırda bu iş evini yıxar.
Bu bəladan özünü cəhd elə birdibli qutar.
Sən də namusla, şərəflə vətənə xidmət elə,
Aciz olma, bax igid xalqımıza, ibrət elə!

Avara

– Çox da aciz deyiləm, parka tərəf bir gecə gəl!
Sən mənim orda igidliyimə qalarsan mətəl.
Piyvə gec gəlsə bizim stola, sallam cəncəl.
“İnturist”də gecələr müftə qonağam, sənə nə!
Mərifətdən, mədəniyyətdən uzağam, sənə nə!

Nəsihətçi

– Nə nəsihətdən arın var, nə də yalvarmaqdan,
Tövbə et sən mal alıb-satmağı unvermaqdan;
Yorulur gündə milislər səni axtarmaqdan,
İnsan ol, tərk elə bundan sora bu axmaq işi,
Bir qədər də sənə lazımdı sovet pərvərişi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət