Ballı badımcan xala,
Qoyma qızı çox qala,
Sinni çatıb doqquza,
Lap da gəlibdir hala.

– Mən nə deyirəm, Nurcahan bacı, bir Allah bəndəsi olsun, qızı verək getsin. Amma hələ bir yaxşı yerdən istiyən yoxdur. Mən də qızımı çölə tullaya bilmənəm ki, verəm hər bir baqqala

Ay, xalacan, ballıca,
Bir kişi var xallıca,
Heç də deyildir qoca,
Adı Həsən xan, bala,
Qoyma qızı çox qala,
Bəlkə Həsən xan ala?

– Nurcahan bacı, qadan alım, axı Həsən xan əba örtmür, lümə palton geyir. Mən qızımı necə verim hər çaqqala.

Ballıca qurban sənə,
Mirzə Süleyman genə-
Eylədi peyğam mənə.
Qoyma qızı çox qala,
Çünki gəlibdir hala,
Bəlkə Süleyman ala?

– Nurcahan bacı, vallah deyirlər Mirzə Süleyman teatrdı, nədi, orda oyunbazlıq eləyir. Heyif deyilmi, gül kimi qızımı verim belə bir naqqala?

Pəs elədə, ay bacı,
Qonşuda var bir hacı,
Sinni çatıb həştada,
Çox da deyildir acı.
Qoyma qızı çox qala,
Çünki hala,
Bəlkə hacıcan ala?

– Ay Nurcahan bacı, Allah atova rəhmət eləsin, bax, bu hacıya nə demişəm, nə demişəm bu qırmızı saqqala!

Dabanı çattax xala

“Molla Nəsrəddin”, 31 mart 1921, №4

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira