Bu Təbriz-Culfa dəmir yolu da başımıza bəla oldu!.. Doğrudan deyirmişlər ki, Nikolayın bizə çox əziyyətləri yetişib, biri də bu dəmir yoludu. Mağıl keçən vaxtlar dəvə karvanları düzülürdü yola, ticarət malını yükləyirdik dəvələrə, bir həftə-on günə Təbrizdən sağsəlamət gedib yetişirdi Culfaya.

Bəli, dəmir yol çəkdilər ki, tərəddüd guya asan olsun və sürətli olsun; guya ki, bizi atlı qovalayır, guya ki, bu dəmir yol ilə bizim cavanlar gedib Almaniya, Amerika darülfünunlarında dərs oxuyacaqlar.

İndi gəl, bu da sənə dəmir yol! İşə düşəndə ilan kimi burulur və öküz kimi anqırır; dəvələri və kəndlərdə arvadları qorxudur, işə düşməyib yatanda bir para bikar adamlar başlayırlar hökuməti və tacirləri məzəmmət eləməyə ki, bax gör bu iranlıların himmətinə! Nikolay on iki milyon pul sərf etdi və bunlara dəmir yol qoydu getdi, amma bu təşəxxüsdə hökumət və bu qədər dövlətmənd tüccar bir balaca dəmir yolu abad saxlamağa acizdirlər.

Mən ölüm, bir gör nə danışırlar?

Qardaş, aciz niyə oluruq? Əvvələn, biz hamıdan ağıllıyıq və hamıdan qoçağıq. Qoçaqlığımızın biri budur ki, görürsən gürcu camaatı öz cibindən pul çıxardıb, Kaxet dəmir yolunu qayırdı, amma biz işi elə gətirdik ki, dəmir yol bizə müftə qaldı. İkinci də budur ki, özgələrin dəmir yolu nahaq yerə gecəni də, gündüzü də işləyir və bir aləm neft yandırır, bir aləm əmələni və qulluqçuları məəttəl eləyib, bunlara bir aləm pul paylayır, amma biz baxıb görürük ki, dəmir yol bizə lazım olanda on altı tümənlik odun alırıq yandırırıq və qoşunlarımızı mindirib bir yana yola salırıq; yainki bir yerə mal göndəririk. Amma elə ki, bizə qoşun göndərmək və mal göndərmək lazım olmadı, – onda dəxi yolun işdə olmağının nə lüzumu?

Onda da yolu qoyuruq yatır, əmələləri də göndəririk kənd-kəsəyə.

Doğrudur, bir para ağzıgöyçəklər deyirlər ki, yol işdə olmayanda başlayır dağılmağa, çöl əhli tökülür dəmir-dümürünü söküb aparır.

Cəhənnəmə aparır, gora aparır! Sağ olsun dəvələrimiz! Yoxsa mən əlimnən götürüb ayda üç min tümən verim ki, yol işləsin? Cəhənnəmə işləsin, gor da yanıca! Sağ olsun ulaq-qatır karvanımız! İşində ol!

Mozalan

“Molla Nəsrəddin”, 6 rəməzan, 1339 (15 may 1921), №8

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Üləma

Bəndə ömrümdə çox moizələr, çox xütbələr eşitmişəm; lakin tasua günü “Səadət”də fəxrül-islam olan Axund Molla Ələkbər cənablarının moizəsi kimi bir moizə hələ eşitməmişəm. Bu moizə insanın ruhunu guya quş qanadları üstünə alıb, cümlə avam insaniyyəti seyr etdirir idi və insan seyr etdikcə qəlbi riqqətlənib, ruhu ucalıb, özündə bir ülviyyət, bir əzəmət hiss etməyə məcbur edirdi.Bilmirsiniz axund həzrətləri nədən danışırdı?

3 dəq
Küflə qurdu

“Tərəqqi”nin 25-ci nömrəsini oxuyanlarla bir az söhbət edək.Bəli, Aşqabadda mərsiyəxan Hacı Molla Əbdüləli camaata söz verir ki, şami-qəriban gecəsi qabaqca Firudini və Müzəffəri məktəblərinə pul yığsın, sonra özünə pul istəsin.

2 dəq
Bisavad

“Bisavad” bəzi vaxt pis sözdü, bəzi vaxt yaxşı sözdü. Elə adam var ki, ona “bisavad” desən – inciyər. Elə adam var ki, sən deməsən də özü döşünə döyə-döyə deyər “Mən bisavadam”.Adamına baxar və yerinə baxar.

1 dəq
İp

İrəvandan bir belə kağız aldıq:“Bir gün Hacı Şeyx Ələkbər ağa, Hacı Molla Sadıq ağanın təziyəsində moizə edirdi. Əsnayi-moizədə dedi: Camaat, bir gün bir neçə adam gəldilər ikinci xəlifə Ömərdən sual elədilər ki, ya xəlifə, biz şiələri tanımırıq ki, tutub öldürək. Xədifə çıxartdı bir ip verdi ki, bu sizin ölçünüz. Bu ip hər kəsin boyuna gəlsə öldürün – o şiədir!”.

1 dəq

Başqa şairlərin şeirləri · Satira