Moskva qəzetlərində oxuduq ki, oranın nəşriyyat idarəsi on səkkizinci əsr miladinin məşhur şairlərindən Derjavinin əsərlərinin hamısını çapa verib, kəndli və əmələ içində intişar etmək xəyalındadır.

Bu məsələ Rusiya mətbuatı dairəsində xeyli danışıqlar törədib; belə ki, “Pravda” qəzeti nəşriyyat idarəsi ünvanına bir para tənəli sözlər yazıb soruşur:

– Aya, rəvadırmı indiki yaşadığımız əsrdə ki, şahlar nüfuzu altından təzə xilas olmuş avam kəndli və əmələ camaatı bizdən fikirlər açan azad mətbuat gözləyir, – bunun əvəzində peşəsi rus padşahlarının şənində mədh və qəsidə yazmaqla məşhur olan bir boşboğaz, təməllüqçü və böhtançı Derjavinin əsərlərinin çapına bu qədər pullar sərf edək?

“Pravda” qəzetinin həmin iradına “İzvestiya” qəzetində bir neçə dəyərli cavablar oxuduq. Bunların biri məşhur kəndli və əmələ yazıçısı yoldaş İvanovun məqaləsidir. Biri də Qazan ruhani Darülfünunun professoru Markinin cavabıdır ki, bir neçə il bundan qabaq Bakı Darülfünunun Şərq fakültəsində osmanlı ədəbiyyatı müdərrisliyinə dəvət olunmuşdu.

Bu iki cavabın biz şərqlilər üçün şayani-əhəmiyyət olanı haman Markinin Derjavin barəsində nəzəriyyəsidir. Markin yazır:

– Doğrudur, biz yer üzünün zəhmətkeşləri cəmi padşahların və soltanların qəddar düşmənləriyik, necə ki, onlar da bizim düşmənlərimizdirlər. Yenə doğrudur ki, öz qələmi ilə padşahları və soltanları vəsfə çəkən hər bir qələm sahibi gərək bizim bədxahımız hesab oluna; amma buradan şairlər müstəsna olmalıdırlar. Səbəb də budur ki, şair dediyin Allahın doğma bacısı oğludur ki, [biz] Qərb tayfaları onları necə ki, lazımdır təqdir edə bilməmişik; amma Şərq millətlərinin içində şairlər əhalinin qənaət və əfkarında qibləgah mənziləsində bir mövqe tutublar.

Götürək, məsələn, Azərbaycan nəşriyyat işlərini. Orada təzə çapdan çıxan böyük divanlar içində gözə sataşan türk ədəbiyyatı tarixində məşhur Ziya Paşa haqqında kitab sahibi belə yazır: “Fransızların əfkarında böyük inqilab yapan Jan Jak Russonun “Emil” adlı kitabını türkcəyə tərcümə edən Ziya Paşa bir gün Soltan Əbdüləzizlə görüşmüş və məqami-təşəkkürdə atidəki şərqiyi söyləmiş:

Dərdinlə görsən nə hala girdim,
Varımı, canımı yoluna verdim.
İllərcə vəslini gözlədim durdum,
Dünya gözü ilə bən səni gördüm.
Ömrümdə bu gün murada erdim.

Şəninlə sənin dünyalar dolsun,
Səbəb olanlar o qadar bulsun,
Bin kərə həqqə şükürlər olsun,
Dünya gözü ilə bən səni gördüm,
Ömrümdə bu gün murada erdim”.

Jan Jak Russonu da tərcümə etmək olar, soltana qəsidə də söyləmək olar; bunun heç eybi yoxdur.

Məqalə sahibinin bu sözünün müqabilində bir paraları da belə deyir:

– Əgər Ziya paşaların və qeyri köhnə şairlərin şahnamələrini və qəsidələrini biz indiki əsrdə çap edirik ki, asari-ətiqə cümləsində muzeylərdə bir yadigar qalsın, – bu bir qeyri məsələdir. Amma söz buradadır ki, köhnə şairləri təzə oxuculara qələmə vermək və onları yazmaq üçün padşahları tərif haqqındakı şeirlərindən başqa şey tapmamaq da başqa məsələdir.

Dəli

“Molla Nəsrəddin”, 10 aprel 1926, № 15

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri