Yaşadığımız əsrdə və yaşadığımız Bakıda lazımdı hər gün və hər gecə, hər namazdan sonra əl qaziyül-hacətə götürüb, haqq-taaladan istiğasə etmək ki, yaranmışına bir azar-mazar göndərməsin və həkimlərə möhtac qalmasın; yoxsa vay azarlının halına. Çünki indiki əsrdə, indiki Bakı paytaxtında hər bir bədbəxt ki, azarladı – dəxi onun işi bitdi.


Bir mən yazığı başa salın görüm, mən başıdaşlı başıma nə çarə qılım; özüm hərdən bir azarlayıram. Və beş-altı nəfər külfətim var, söz yox ki, onları da hərdən bir Allahın dərdi gəlib tapır. Özüm də çünki qulluqdayam, söz yox ki, məcburi straxavoy olmuşam ki, buna da türkcə “sığorta” deyirlər, nə deyirlər.

Qabaqlarda çünki xam idim, azarlayanda knickanı götürüb gedərdim müftə müalicəxanaya. Amma indi dəxi ora getmirəm; çünki keçən dəfələrdə, özüm naxoş, biabır oldum.

Niyə?

Növbə gözləməkdən, bir çox-çox saatlarımı zay etməkdən. Odur ki, axırı təngə qalıb, bir dəfəlik müftə həkimdən, müftə müalicədən əl çəkdim və and içdim ki, uzanıb müftəcə can verərəm, amma straxavoydu, nədi – bir də helə yerlərə getmərəm.

Deməli, mən straxavoya getmirəm. Bəs, hara gedirəm?

Xırda həkimlərə də adam getməyə qorxur, çünki bu saat Bakıda bildir qurtaranlar da, bu il qurtaranlar da – hamısı kabinet açıblar. Təzəsi, köhnəsi – hamısı qatışıb bir-birinə. Cürət eləmək olmur.

Bir də tutaq ki, bir-iki manat cibinə qoyub, bir adsız həkimin yanına gedəsən, söz yoxdur ki, baxacaq və dava da yazacaq. Amma ürəyində həmişə bir nigarançılıq və bir nisgil qalacaq ki, filan məşhur həkimin və ya filan professorun yanına getsə idim, ya xəstəmi aparsa idim, haman gün azar rədd olub gedəcək idi.

Bir də can şirin olar və insanın bir yeri ağrıyanda var-yoxunu verməyə hazırdır ki, gecəni rahat yatsın. Adam həmişə istəyir ki, yaxşı həkimə getsin.

İndi gəl görək böyük həkimin yanına necə gedəcəksən. Hər dəfə gedəndə gərək beş manat aparasan və yarım manat əskik olsa, qəbul eləməz.

Srağa günlərdə canımı dişimə tutub, beş manat cibimə qoyub, haman məşhur professorların birisinin yanına getdim. Qapıdan içəri girməmiş əvvəl 5 manatı alıb bilet verdilər. Baxıb gördüm biletimin nömrəsi 59-dur.

Nə isə, professorun evindən çıxanda fikir eləyirdim ki, yaşadığımız əsrdə Bakıda lazımdır hər dəstəmaz alanda qülhüvallah əvəzinə Allaha yalvarmaq ki, biz, aciz bəndələrə rəhmi gəlsin və azar-mazardan bizi saxlasın. Yoxsa bir küçədə kommunxoz iris satan Əhmədəlidən gündə dörd qəpik naloq alır, o biri küçədə də məşhur professor bir gündə istəyir beş-altı yüz manat xəstələrdən pul alıb cibinə doldursun.

Dəli

“Molla Nəsrəddin”, 21 noyabr 1925, №47

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Cavanlara

Bircə ümidim cavanlara idi. Həmişə və hər bir məkanda vətən məhz cavanlardan öz nicatını gözləyib. Mən də bu səbəbdən məhz cavanlarımıza ümid bağlayırdım. Mən onlara dedim: “Xub, həftənin altı gününü öz kəsbi-karınıza məşğul olub, amma tək bircə gününü verin mənə. Bəlkə həftədə bircə gün də olsa, əl-ələ verək və Allah bədnəzərdən saxlasa, vətən yolunda, eyib olmasın, bir az xidmət edək”. Cavanlar dedilər: “Xub, biz hazırıq”. Mən də müntəzir oldum. Pəncşənbə günü cavanları gözlədim, gəlmədilər. Dedim bəlkə cümə günü yığışacaqlar. Cümə günü də gördüm ki, gəlmədilər, çıxdım küçəyə və küçəyə çıxdıqda nə gördüm? Gördüm ki, haman cavanlar Ermənistanda gəzirlər, amma nə halətdə? Gözləri qızarmış.– Ağa, niyə gözləriniz qızarıb?

1 dəq
Firqələr davası

Allah ölənlərinizə rəhmət eləsin, rəhmətlik nənəm İranın firqələr davasından qəribə hekayələr elərdi. Mən onda uşaq idim, ağlım kəsmirdi, amma indi bilirəm ki, o vədələr İranda necə qəribə-qəribə firqələr var imiş.Rəhmətlik nənəm nağıl eləyərdi ki, 150 il bundan əqdəm, – ki, İran indiki vaxtından bir az qaranlıqda imiş, – o vədə İranda indiki elm, maarif və təməddün yox imiş. O vədələr azadixah firqələr də var imiş; yəni o vədələr sosial-demokrat da var imiş, demokrat da var imiş, ittihadi-islam da var imiş, tənqiddiyyun da var imiş, etidal da var imiş və 72 min yaxud 72 mücahid əncüməni var imiş. Allah bərəkət vermiş bu firqələrin özgə bir vəzifəsi yox imiş, məhz bir-birini əzib yox eləmək fikrindən savayı.

2 dəq
Maarif dostlarına bəşarət

Cəmadi yəs-saninin on doqquzunda düşənbə günü maarifin təravici yolunda elə bir binagüzarlıq olunub ki, İran tarixində bunun misli yada düşmür.Həmin gün millətin təlaşı və hökumətin müsaidəti sayəsində qərar qoyulub şəhri-Təbrizdə və Azərbaycanın sair şəhərlərində və qəryələrində min iki yüz təzə mədrəsə təsis olunsun: beş yüz mədrəsə Təbrizdə və yeddi yüz mədrəsə kənar nöqtələrdə.

2 dəq
Elanın zərəri

“Təkamül” ruznaməsi hər nömrəsində xəbər verir ki, bir kəs istəsə ruznamədə elan çap elətdirə, qiyməti flan qədərdir. Mən elə qanıram bu sözləri ruznamədə yazmağın mənası yoxdur. Səbəb budur ki, xalq dəli deyil ki, öz əlilə özünə ziyan vursun və hələ idarəyə pul da versin.Elanın zərəri budur ki, məsələn, biri elan etdirəcək ki, məsələn, flan yerə bu qədər yaxşı içməli çay gəlib, ya flan yerdə yaxşı təzə varid olmuş xurma satıram. Bunu camaata xəbər verməyin heç bir faydası yoxdur, zərərindən savayı. Zərəri budur: əvvəla, oğrular biləcək ki, flan yerdə çay, ya xurma var. Saniyən, bir möhtac adam, ola bilər ki, gedə yalvara ki, hacı, qadan alım, o çaydan bir çimdik ver uşağıma çay dəmləyim. Salisən, burda bədnəzər məsələsi də var.

1 dəq

Başqa şairlərin şeirləri · Satira