Doğrudan da, birisinin qabağından qaçdıqca daldan səni qovalayacaq.

Sözüm İran azərbaycanlılarının barəsindədir.

Bu gün Tehran padşahlarını yendirdilər; sabah görək nə istəyəcəklər.

Qeyri məsələlər hələ öz yolu ilə, mən qorxuram indi də başlayalar ki, bizə Tehranın dili də lazım deyil. Amma öz aramızdı, xudanəkərdə, əgər təbrizlilər indi də belə bir şıltağa başlasalar, yəni indi də deyələr, bizə farsi-marsi dili lazım deyil, bizim öz ana dilimiz var, yəni bizim türk dilimiz var – onda nəuzübillah, bilmirəm işlər nə yerə gəlib çatacaq?

Mən heç zarafat-zad eləmirəm və sözün doğrusunu deyirəm. Çünki hələ şah məsələsi, səhldir, hələ demək olar ki, şahsız da ötüşmək olar, onda da Əhməd şah kimi Allahın bir azarsız bəndəsilə ki, beş-on şahı qabağına atırdın, Firəngistanda gündüz kefdə, gecə damağda, heç bir şeylə işi yox idi. Amma bu dil məsələsini səhl saymaq olmaz və sən bu sözləri Təbrizdən durub danışsan, ağzını cırarlar.


Zarafat kənarda qalsın, mən qorxuram ki, İran azərbaycanlıları deyələr ki, Culfadan başlamış, bir tərəfi Savuc bulaq İran Kürdüstanı: Həmədan, Qəzvin, ta gəldi çıxdı Gilana və şimal tərəfdə Şura Azərbaycanına qədər, belə bir məmləkətin – ki, adı İran Azərbaycanıdır, – cəmi əhalisinin ana dili türk dilidir və turk dili də olmalıdır.


Hə, necə gördün daduşu?

Mən bu saat burada otura-otura bilirəm ki, bu saat xah Təbrizdə və xah Marağa və Ərdəbildə türk dili tərəfdarları yavaş-yavaş qımıldanırlar; bunu da bilirəm ki, türk dili tərəfdarlarına cavab olaraq Arif adında bir dılğır şair qoltuq cibindən bir tuğra çıxardıb, fars dilinin şənində öz əşarından oxuyur və türk dili barəsində belə deyir: ar olsun sizə, ey türkcə danışan azərbaycanlılar ki, vəhşi türk dilinə aldanıb, fars dilinə qədr-qiymət vermirsiniz, vaveyla, vamüsibəta!..

Doğrudan da bu nə mərəkə və məhşərdi?

Bu gün Əhməd şahı və onun bütün nəslini taxtdan saldılar, – bu hələ səhldir.

Sabah tac və taxtı da cümhuriyyət üsul-idarəsinə çöndərdilər, deyərik ki, “arifçi”lər və fars dilçiləri bəlkə buna da tab gətirdilər. Amma əsil qorxu bunun dalındadır ki, birdən başlayarlar fars dilinin çürük-mürük meybaz və beçəbaz kitablarını və tiryakbaz “arif”lərini də təpikləyib birbaş şah Əbdüləzimə qovalar.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 14 noyabr 1925, №46

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Abru

Abru farsca üzüm suyuna deyirlər. Bunun mənasını mən indiyədək bilmirdim. Ancaq dünən Göygünbəz məscidinin qabağından keçirdim. Gördüm bir neçə övrət xeylağı məsciddən çıxıb, gedirlər və çarşaflarının ucu ilə üzlərinin suyunu silirlər.Mən qabaqca elə bildim ki, məsciddə dəstəmaz alıb, çıxırlar. Amma məlum oldu ki, bunların üzlərinin suyu dəstəmaz suyu deyil, tərdir. Dedim:

1 dəq
Qızarar

Dəmirçixanada dəmiri zindan üstə qoyub, ağır çəkic ilə döyəndə dəmir başlayır qızmağa; döydükcə dəxi bərk qızır.Axır nə ola bilər? Axır o ola bilər ki, dəmir isinər, isinər, axırda yavaş-yavaş başlar qızarmağa; elə qızarar ki, sən ona əlini vurmamış, uzaqdan əlini yandırar.

1 dəq
Dinc qulağım, yaxud yeddi il

Deyirlər bu gün Şura Azərbaycanının yeddinci ilidir.Mən bir fağır mollayam və siyasətnən-zadnan da o qədər də işim yoxdur və bu cür işlərdən o qədər də başım çıxmaz. Ancaq bu yeddi ili götürəndə və bu yeddi ildən qabaqkı illəri götürəndə, mənim zehnimə bir şey gəlir.

2 dəq
Mətbuat bayramı, yaxud tacgüzarlıq

Ola bilər ki, bəzi oxucularımız deyələr ki, “xub, bunun nə dəxli var, mətbuatın tacgüzarlığa nə rəbti ola bilər?”.Mən də, atalar deyən kimi: “Mal bir yerə gedər, güman min yerə”, mən də bir mətləbi ki, başlayıram, o mətləbi oradaca yarımçıq qoyub min yerə gedirəm; məsələn, mətbuat bayramından başlayıb tacgüzarlığa gedib çıxıram.

2 dəq

Başqa şairlərin şeirləri · Satira