Dəmirçixanada dəmiri zindan üstə qoyub, ağır çəkic ilə döyəndə dəmir başlayır qızmağa; döydükcə dəxi bərk qızır.

Axır nə ola bilər? Axır o ola bilər ki, dəmir isinər, isinər, axırda yavaş-yavaş başlar qızarmağa; elə qızarar ki, sən ona əlini vurmamış, uzaqdan əlini yandırar.

Bu dəmirin xasiyyətidir.

Bu söhbəti mən o səbəbə burada başladım ki, bu axır vaxtlarda, kənd-kəsəyə yolum düşən zaman kənd əhalisilə görüşüb danışanda, təbiidir ki, onlar dünya siyasətindən də əhval-pürsan olurlar və Çin məmləkətində indi vaqe olan hadisələrdən söz düşəndə, avam kəndlilər axırda mənə belə sual verirlər ki, “bunun axırı nə ola bilər?”.

O vədə mən kəndlilərə haman yuxarıdakı misalı çəkirəm; deyirəm:

– İndi İngilis hökuməti və onun qolu çomaq yoldaşları Şərq zəhmətkeşlərini bir zindan üstə qoyub, böyük çəkiclər ilə tapdalayıb döyürlər. Amma onu düşünmürlər ki, indi səbəbsiz yerə döyülən zəhmətkeşlər döyüldükcə yavaş-yavaş isinməyə başlayacaqlar və isindikcə də üz qoyacaqlar yavaş-yavaş qızarmağa.

Amma axırından qorxuram. Səbəb budur ki, zəmani ki, nahaq yerə indi tapdanan Şərq əhalisi mürur ilə isindilər, qızardılar – onda dəxi onlardan elə bir atəş zühur edə bilər ki, istibdad dəmirçixanasının çəkicini də yandırar və dəmirçinin özünü də yandırıb puç edə bilər.

Mən bundan qorxuram.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 21 aprel 1927, №17

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira