Çox şeylər dünyada var ki, mən onu bilmirəm. Mən bilmədiyim şeylərin biri də budur ki, aşağıda ərz edəcəyəm.

Osmanlıda qanuni-əsasi yolunda çığır-bağır eləyənlərin çoxu arvadlardır. Biz qəzetlərdə oxuduq ki, osmanlı arvadları bir yerə cəm olub nitqlər söyləyiblər və and içiblər ki, payimal olan hüquq və ixtiyarlarını qanuni-əsasi vasitəsilə geri alsınlar. Və hamı görür ki, minlərcə osmanlı arvadları bir meydana yığışıb, utanmaya-utanmaya və heç bir kişidən qaçmaya-qaçmaya, kişi kimi bir uca stolun üstünə çıxıb, kişilərin içində səslərini ucaldıb, nitqlər söyləyirlər.

Bəs insafdırmı ki, biz bu işləri görə-görə öz-özümüzə deməyək ki, “bu nədir?”.

Söz yox ki, dünyada çox şeylər var ki, adam onu bilmir; amma bir adam ki, bir şeyi bilmir, həmişə istəyir ki, onu bilsin.

Biz kənardan durub baxırıq, baxırıq və üzümüzü çöndərib qoyub gedirik. İstəmirik özümüzə zəhmət verib, heç olmasa soruşaq ki, “bu nədir?”.

Bu nədir? Yəni osmanlı arvadları nə istəyirlər? Necə hüquq? Necə ixtiyarat? Kimdir onların hüququnu pozan? Kimdir onların ixtiyarını əllərindən alan? Və necə hüquq? Necə ixtiyar?


Əgər biz cəmi fiqh kitablarını qabağımıza açsaq və övrətlərimizin indiki əhvalını nəzərə alsaq, gərək hələ min dəfə şükr eləyək. Və hər halda heç bir yerdə bir işarə də tapa bilmərik ki, indiki əsrimizdə arvadlarımızın hüququ kişilər tərəfindən pozulmuş ola. Götürək, misal üçün, mötəbər fəqihlərimizin qələmindən çıxmış məşhur “Təharəti-Şeyx” kitabını.

Heyif ki, məcburuq sözü müxtəsər söyləməyə; çünki bundan artıq təfsilata məcmuəmizdə yer yoxdur.

Və yenə də biz başa düşmürük ki, osmanlı arvadları nə hüquq istəyirlər? Məgər onlara bəs deyil ki, üzü-gözü açıq frəng arvadları kimi İstambulun küçələrinə düşüb, bayraq qalxızıb, ucadan nitqlər oxuyurlar?

Dəxi bundan artıq nə istəyirlər?

Vallah, dəli şeytan deyir vur qoltuğuna “Cameyi-Abbas” kitabını, get İstambula və aç kitabı o sırtıq qızı sırtıqların qabağına və onlardan bir neçə vacib məsələ soruş! And olsun Gorusda Molla Muxtar əminin canına ki, onlardan elə sözlər soruşaram ki, qızarıb yerə girərlər!

İstambulda şeyxülislam da təsdiq edib ki, müsəlmanların xoşbəxtliyi üçün və Türkiyənin tərəqqisi üçün qanuni-əsasi vacib bir şeydir və müvafiqi-şəriətdir. Bəs bu nədir? Məgər şeyxülislam osmanlı övrətlərinin yığıncaqlarını görmür? Necə hüquq? Necə ixtiyar? Övrətlər nə ixtiyar istəyirlər? Bəs şeyxülislam nə deyir? Bəs hicab necə oldu?

“Bu nədir?”.

Mən arzu eləyirəm ki, müsəlman qardaşlar kənarda bir şeyi görəndə və o şeyi bilməyəndə bir dayanıb soruşalar ki, “bu nədir?”. Əgər adam buna adət eləsə, axırda çox şey öyrənər.

Yoxsa mən bir yandan deyim ki, qanuni-əsasi çox yaxşı şeydir, bir yandan baxıb görüm ki, osmanlıda qanuni-əsasi arvadları o dərəcədə şövqə gətirib ki, dəxi gözləri naməhrəm kişiləri görmür; bir yandan qanuni-əsasi tərəfdarı olum və bir yandan da gedim Mərdəkanda “Pir Həsən” pirinə və bunların hamısını eləyə-eləyə heç bir soruşmayım ki, “axır bu nədir?”

Bu olmadı! Buna erməni dilində deyirlər “isqi”.

Osmanlıda müsəlman övrətləri nə istəyirlər?

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 11 avqust 1908, №32

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Üzr istəyirəm

Sənayeləşmə istiqrazı barəsində mən keçən həftə üzümü müsəlman qardaşlara tutub təklifdə bulunmuşdum. Yazmışdım ki, hər bir vətən evladının borcudur öz hökumətinin məmləkətinin təmiri yolunda ona əl uzatsın və hal-hazırda da hər bir şuralar vətəndaşının borcudur ki, sənaye istiqrazına yazılmaqla Şuralar hökumətinin səsinə səs versin.Bu xüsusda idarəmizə bir çox yerdən cavablar gəldi. Bu cavablar iki qisimdir: bir qismi zəhmətkeşlər tərəfindən gələn cavablardır. Bir qismi də iman əhllərindən gələn cavablardır.

2 dəq
Din söhbətləri

Keçən vaxtlar Molla əminin səhifələrində bəndəyi-həqir hərdən bir din və etiqad dairəsində söhbət elərdim ki, bəlkə bir para cahillər və əvamünnas mütənəbbeh ola və bir para siratülmüstəqimi azanlar rahirasti tapalar, ta ki, xəllaqül-aləmin yanında ruzi-qiyamətdə xəcil olmayalar.Amma mən bunu görürəm və eşidirəm, yəni qəzetlərdən xeyr, ağızdan eşidirəm ki, axır vaxtlarda yenə islam dininə özlərini mənsub qılanlardan elə bir hərəkət baş verir ki, mən bunun müqabilində məəttələm və bilmirəm ki, Allahın haman bədbəxt bəndələri heç gördükləri işlərin dal və qabağını yoxlayırlar?

3 dəq
Qəzalarda yol məsələsi

“Kəndli qəzeti” axır nömrəsində qəzada olan yollardan söhbət açmışdı.Yol məsələsi əhəmiyyətli məsələlərin biridir və bu barədə mərkəzi icraiyyə komitəsinin Lənkəranda olan iclasında çox danışıq oldu və xeyli mübahisə üz verdi.

2 dəq
Əsatiri-əvvəlin

starıe skazki*Dili qurusun mədinəlilərin!

1 dəq

Başqa şairlərin şeirləri · Satira