Din söhbətləri
Keçən vaxtlar Molla əminin səhifələrində bəndəyi-həqir hərdən bir din və etiqad dairəsində söhbət elərdim ki, bəlkə bir para cahillər və əvamünnas mütənəbbeh ola və bir para siratülmüstəqimi azanlar rahirasti tapalar, ta ki, xəllaqül-aləmin yanında ruzi-qiyamətdə xəcil olmayalar.
Amma mən bunu görürəm və eşidirəm, yəni qəzetlərdən xeyr, ağızdan eşidirəm ki, axır vaxtlarda yenə islam dininə özlərini mənsub qılanlardan elə bir hərəkət baş verir ki, mən bunun müqabilində məəttələm və bilmirəm ki, Allahın haman bədbəxt bəndələri heç gördükləri işlərin dal və qabağını yoxlayırlar?
Yaxud elə bilir ki, dünya başlıbaşınadır, hər nə eləyirsən elə; ta bunu düşünmək istəmirlər ki, bu dünyada hər nə bir iş ki, tutursan, onun ruzi-məhşərdə məsuliyyəti var; necə ki, xudavəndi-aləm öz müshəfişərifində buyurubdur ki, fəmən yəməlu misqalə zərrətün xeyrən... və ilax; yəni hər kəs ki, bu dünyada bir misqal qədərində xeyir iş tutmuş olsa, o qədər də onun xeyrini görəcəkdir. Və nə qədər şər iş tutsa, yenə ona görə onun nəticəsinə nail olacaqdır.
Bəs, əzizim, bu söhbətlər əbəs yerə deyil və əbəs yerə bu kitabları milyonerlərin pulu ilə qazılarımız çapa verib ortalığa qoymayıblar ki, müsəlmanlar oxusunlar və bilsinlər ki, hər bir kəs gedib iznsiz bir milyonçunun bir qəpiyinə əl vursa, onu axirətdə cəzalandıracaqlar ki, qeyrilərinə də ibrət olsun, ta gedib mülkədarların on min desyatində mülkündən iznsiz işğal etdikləri yer qəsb olar, orada nə dəstəmaz almaq olar, nə namaz qılmaq olar.
Bəs, ay əzizim bunu bil və eşit ki, bu dünya başına deyil ki, sən kənddən-kəsəkdən naməhrəm arvadları yığasan və onlar da üzüaçıq başlayalar nitqlər söyləməyə; bir surətdə harada görülübdür ki, arvad nitq söyləyə, o da üzüaçıq naməhrəm kişilərin içində və bir naqisül-əql arvad xəlayiqinin nitqindən nə fayda hasil olacaq?
Məgər eşitməyibsiniz ki, bari-pərvərdigara fürqani-məcidində buyurubdur ki, əlricali əleyhünnə dərəcətü, yəni kişilərin dərəcəsi arvadlardan artıqdır və məgər Qurani-şərifin bu ayeyi-mübarəkəsini oxuyan bir insaf əhli bir də deyə bilər ki, arvad kişi ilə hər bir hüquqda bərabər olmalıdır?
Xeyr, xeyr.
Bu axır vaxtlarda qulağıma çatır ki, guya bəzi yoldan azmışlar hər bir şeyi qurtarandan sonra və hər bir deşiyə əl uzadandan sonra, Allah həzrətlərinə də, nəuzübillah, sataşmağa iqdam edirlər. Və hətta eşidirəm ki, bu yolda cəmiyyətlər də qərar verirlər, Allahsızlar cəmiyyəti də təşkil eləməyə hazırlaşırlar.
Əvvəla, mən bu sözlərə heç də inanmıram və inana da bilmərəm; o səbəbə ki, nə qədər fikirləşirsən, yenə baxıb görürsən ki, bu yerigöyü bir yaradan var. İndi söhbət o yerə gəlib çıxır ki, bəs hanı o Allah və haradadır o Allah? Elə bir para ağlı zəifləri şəkkə salan bu məsələdir ki, bəs o Allah dediyin haradadır?
Və dünya yaranandan indiyədək yer üzünün tayfaları cənab Allahın yerini və məkanını axtarmaqdadır.
Qədim peyğəmbərlərin bir parasına həmin bu sualı verəndə cavab ediblər ki, Allah-taala göydədir və hətta Musa Əleyhüssəlam Fironu vəhdaniyyətə dəvət edəndə Fironu başa salmaq istəyirdi ki, Allahtaalanın məkanı asimandır, onunçün də Fironi-məlun öz vəziri olan Hamana hökm etdi ki, Misir camaatını toplasın və çox uca bir qala qayırsın, ta ki, o qalanın üstünə çıxıb Allahı görmək mümkün olsun.
Və elə ki, neçə-neçə illərdən sonra qala hazır oldu və Firon çıxdı ən uca hesab olunan qəsrin təpəsinə və yenə orada Allahı tapa bilmədi, onunçün aşağı endi və camaata xəbər verdi ki, Musa yalançıdır. Çünki yalandan deyir ki, Allah var (Əstəğfürullah rəbbi və ətubillah).
Demək, Allahın varlığını inkar etmək söhbəti təzə söhbət deyil, qədim söhbətdir; bu söhbət haman söhbətdir ki, Musanın möcüzələrinin (yəni indiki istilahda fırıldaqlarının) qabağında Firon onun bicliyini duyub, məcbur olub cavab verməyə ki, Allah yoxdur.
Mən öz tərəfimdən burada bir söz demirəm; yəni nə hə deyirəm və nə yox deyirəm, çünki desəm Allah var, gərək doğrudan da yerini göstərəm və necə də göstərə bilərəm ki, nəinki, Misrin uca qalalarından baxıb Allahı görə bilmədilər, hətta Yunkersin aeroplanından baxıb Allahı görə bilmirəm.
Desəm də Allah yoxdur, onda da qorxuram ağzım quruya, dilim lal ola (Əstəğfürullah rəbbi və ətubillah).
Dəli
“Molla Nəsrəddin”, 27 oktyabr 1927, №42 və №44
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-din-sohbetleri-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
– Ağa, mərhəmətiniz artıq.– Ağa, lütfünüz artıq.
FahişəxanaMən Təbrizə gəlməmişdən elə bilirdim ki, fahişəxana pis şeydir; məsələn, Tiflisdə görürdüm ki, fahişəxananı ermənilər də öz məhəllələrinə qoymurdular, gürcülər də və ruslar da öz məhəllələrinə qoymurdular. Müsəlmanlar da qabaqca qoyurdular, amma gördülər ki, xaçpərəst tayfaları qoymurlar, bunlar da fikirləşdilər-fikirləşdilər, axırda istixarədən sonra qərar qoydular ki, fahişəxananı öz məhəllələrindən kənar etsinlər.Amma elə ki, mən gəldim Təbrizə, gördüm ki, bu şəhərdə müsəlman məhəllələrində dörd yerdə fahişəxana var və bihayə qızlar balkona çıxıb, mədrəsəyə gedən islam balalarını qonaq dəvət edirlər. İndi mən də, doğrusu, çaşmışam, bilmirəm fahişəxana yaxşı şeydir, ya pis şeydir? Əgər deyim ki, yaxşı şeydir, axır öz aramızdır, insafən danışsaq, görərik ki, yaxşı deyil; o səbəbə ki, əvvələn, fahişəxana millətin əxlaqını xarab edir. Saniyən, orada cavanlar nagəhan bəlalara düçar olurlar və əlacı olmayan dərdlərə düşürlər. Salisən, bizim şəriətimiz də belə-belə qəbih işləri günahi-kəbirə cərkəsinə yazıb.
Bikarlar məhəlləsiTəbrizdə bir gün bazarla gedirdim, gördüm küçənin sağ tərəfində və sol tərəfində divar dibində elə hey adamdır oturub baxır. Soruşdum:– Bunlar niyə burada oturublar?
TikanBir gün bizə bir əbalı qonaq gəldi və salam verib istədi otura. Mən də istəyirdim oturam, birdən gördüm qonaq birdən dik durdu ayağa. Mən çox xəcalət çəkdim; çünki xəyalıma gəldi ki, nökərimiz evi süpürəndə süpürgənin tikanı düşüb fərşin üstünə və batıb qonağın yumşaq yerinə.Mən çıxdım dalana və nökəri çağırdım və başladım məzəmmət eləməyə ki, ey namərd, sən niyə məni xəcalət eləyirsən ki, evi süpürəndə süpürgənin tikanını fərşin üstünə salırsan?!
Başqa şairlərin şeirləri · Satira
Dindar olanın halı pərişan gerək olsun,Əfsürdə-dili, bisərüsaman gərek olsun.
Ax!..Ax!.. necə kef çəkməli əyyam idi,Onda ki, övladı-vətən xam idi!
TövbəTövbə... ey mollanümalər, sizə ağ olmağıma,Çox təəssüf edirəm sizdən uzaq olmağıma.
FərmanMəsciddə bu il hökm elədi Molla Süleyman,Bir gündə gərəkdir kəsilə Bakıda qurban.