Məsciddə bu il hökm elədi Molla Süleyman,Bir gündə gərəkdir kəsilə Bakıda qurban.

Vəz eylədi minbərdə bu növ ilə o, mövla,Cəm idi başında o zaman bir neçə molla.Bəsdir, dedi kim, eylədilər milləti rüsva,Hər ildəkitək verməyiniz bir cürə fitva.Məsciddə bu il hökm elədi Molla Süleyman,Bir gündə gərəkdir kəsilə Bakıda qurban.

Bir yerdə edək cümlə sədaqət ilə bayram,Hər məclisi-ixvanə edək şövqlə iqdam.Fəqr əhlinə ehsan edək, ey milləti-bədnam!Bəlkə, sanalar bizləri də sərvəri-əyyam.Məsciddə bu il hökm elədi Molla Süleyman,Bir gündə gərəkdir kəsilə Bakıda qurban.

Mehr ilə edək bir-birinə ərzi-üxüvvət,Heç olmaya ortada qərəz, kin ilə bidət.Bilmərrə yoxalsın aradan kibrü məniyyət,Əğyar baxıb bizlərə ta ki ala ibrət.Məsciddə bu il hökm elədi Molla Süleyman,Bir gündə gərəkdir kəsilə Bakıda qurban.

Tiri-qəmə istərsək əgər, olmayaq amac,Əl tutmalıyıq şəhrdə varsa nə qədər ac.Qeyrət günüdür, olmayalar özgəyə möhtac,Kim qatsa xələl şərə, edin ortadan ixrac.Məsciddə bu il hökm elədi Molla Süleyman,Bir gündə gərəkdir kəsilə Bakıda qurban.

Hər kəs belə molla sözünü eyləsə inkar,Bişübhəvü şəkk aqibət, əlbəttə, olur xar.Hər kəs ki, bu şeyxə ola dünyada tərəfdar,Azadə gedər cənnətə, olmaz o günahkar.Məsciddə bu il hökm elədi Molla Süleyman,Bir gündə gərəkdir kəsilə Bakıda qurban.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən