Sənayeləşmə istiqrazı barəsində mən keçən həftə üzümü müsəlman qardaşlara tutub təklifdə bulunmuşdum. Yazmışdım ki, hər bir vətən evladının borcudur öz hökumətinin məmləkətinin təmiri yolunda ona əl uzatsın və hal-hazırda da hər bir şuralar vətəndaşının borcudur ki, sənaye istiqrazına yazılmaqla Şuralar hökumətinin səsinə səs versin.

Bu xüsusda idarəmizə bir çox yerdən cavablar gəldi. Bu cavablar iki qisimdir: bir qismi zəhmətkeşlər tərəfindən gələn cavablardır. Bir qismi də iman əhllərindən gələn cavablardır.

Zəhmətkeşlər tərəfindən gələn cavablardan belə anlaşılır ki, Şura hökuməti dairəsində cəmi zəhmətkeşlər bunu anlayıblar ki, hər bir məmləkətin tərəqqi və təalisi elm, fənn və sənayenin tərəqqisindən asılıdır və bu səbəbdən cəmi zəhmətkeşlər sənaye istiqrazına kəmaliməmnuniyyətlə iştirak etməlidirlər və edirlər də.

İman əhllərindən gələn cavabların da məzmunu belədir ki, bu dünyada nə qədər istehsalatı artırsan da, yenə axırı ölümdür; onunçün də ağıllı adamlar keçmiş zamanda deyiblər:

Lacərəm, mərdi-aqilü kamil,
Nənəhəd bər həyati-dünya dil.

Bəs, ey əzizim, bu beş günlük dünyada gərək bir an da qafil olmayasan və bunu gərək biləsən ki, sənin boynunda bir müqəddəs vəzifə var, o da ibarət olsun çəhardəh məsumi ziyarət etməkdən və bu vəzifəni hər gün və həmişə sənin yadına salan var ki, ibarət olsun islam ümmətinin məxsusi çavuşlarından: Naxçıvanda axund Cəfər molla Tarıverdizadədən, Lənkəranda Seyid Qulam Seyidəlizadədən və Danabaş kəndində Məşədi Hüseynquludan və qeyri yerlərdə də öz qaydası ilə.

Bəs, ay əzizim, sən sənaye istiqrazına yazılmaqla elə bilmə ki, daha sən öz vəzifəni bitirdin. Bunu həmişə gərək yadında saxlayasan ki, bundan başqa sənin boynunda daha qeyri bir sənaye istiqrazı da var ki, o da ibarət olsun ətəbati-aliyatın “makler”ləri hesab olunan, adları zikr olunan çavuşların “zəvvar” siyahisinə yazılmaqdan.

İndi bax öz məsləhətinə:

Ya bura yazıl,

Ya oraya yazıl.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 13 oktyabr 1927, №42

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Əzizim Həmidə! (25 avqust 1923)

Səndən çoxdan xəbər yoxdur və bilmirəm yaylaqdan qayıtmısınız, ya yox. Uşaqlardan nigaranam və onlar üçün darıxıram. Və bilirəm ki, sən də onların qeydinə az qalmırsan. Həmidə, sən Allah, öz-özünü təlqin elə, ələ al. Gümrah və təmkinli ol. Axı bizim uşaqlarımız var, hələ onlara tərbiyə vermək, onları böyütmək lazımdır.Dərslərin başlanmağına az qalıb. Uşaqlar yeni tarixlə sentyabrın onunadək mütləq burada olmalıdırlar. Onların özlərini, təhər-tövrlərini və dərs vəsaitini düzəltmələri bir neçə gün çəkəcək. Bir az əvvəl sənə yazmışdım ki, Şuşa şəhərinə sovqat göndərmişəm (qənd və sairə). Bərk heyfslənirəm ki, Lısoqorska, sənin yanına gələ bilmədim. Boynuma alıram ki, bizim adamlarımızın ədalətsiz həbs olunmalarından sonra, hətta o yerlərə üz çevirmək də mənə çox pis gəlir. Gəlməyim lap vacib olsa, o başqa məsələ.

1 dəq
Əzizim Həmidə! (28 avqust 1923)

Bizim Bakıda havalar sərinləşmişdir. Yusifxan mənə məktub göndərib xahiş edir ki, sentyabrın 15-də Radiki imtahana aparım, çünki borcu qalıb. Təzə tarixlə sentyabrın 15-də hamınız gərək burada olasınız. Bizim uşaqlar da 25-indən bir neçə gün qabaq Bakıda olmalıdırlar ki, məktəbə hazırlaşsınlar. Onlara təcrübəli fars dili müəllimi tapmışam. Uşaqlar üçün lap ürəyim əsir. Midhətə velosiped almışam. Üzeyir məsləhət görür ki, skripka da alım. Hələlik. Sağ ol.Cəlil

1 dəq
Əziz oğlum Midhət! (28 avqust 1923)

Mən çoxdan sənə velosiped almaq istəyirdim. Axırı Malakan küçəsindəki bir ustada velosiped gördüm. Amma bu işdən başım çıxmadığı üçün ala bilmədim. Axırı dünən, avqustun 27-də eşitdim ki, qonşumuz İsrafil İbrahimov velosiped sürəndir. Faytona minib getdik. Pakizəni də apardım. İbrahimov bir saata qədər həmin velosipedə minib sürdü, baxdı. Onun razılığı ilə mən bu velosipedi alıb evə gətirdim (qızıl pul verdim).Bunun əvəzində gərək sən də, vədə verdiyin kimi, ağıllı, çalışqan oğlan olasan, ən vacibi: gərək ananı istəyəsən və onun sözünə baxasan.

1 dəq
Həmidə! (30 avqust 1923)

Sənə Şuşaya və Ağdama kağız yazmışam. Amma çoxdandır ki, səndən kağız almıram.“Yeni yol” Komitəsində işləyən cavan yoldaşımız Bəhramov indi Qarabağa yola düşür. Bir neçə gündən sonra qayıdıb gələcəkdir. Əgər onunla Bakıya gəlməli olsanız, sənə can-başla kömək edər.

1 dəq

Başqa şairlərin şeirləri · Satira