Şura qadınları
Oktyabr ayının ikisində, Bakıda şura qadınlarının və zəhmətkeş qadınların bir böyük yığıncağını gördüm.
Və hamısını üzü açıq gördüm.
Və hamısını naməhrəm kişilər içində danışan gördüm.
İndi burada bir məsələ var: bu iş, yəni min nəfər qadının bir yerə cəm olub azad danışmaqları da yaxşı işdir, ya pis işdir?
Və bu barədə hərənin bir əqidəsi var: bir para təzə cavanlarımız axır vaxtlarda qadınları başdan salıblar ki, guya qadın da kişilər tək bir insandır və yaramaz ki, qadın kişinin qabağında əli bağlı dursun və ona qul olsun.
Amma belə göyçək danışanlar bunu unudurlar ki, dünya başına deyil ki, hərə ağzına nə gəlir danışsın və qadın da nə bilir eləsin.
Heç bir an da gərək bunu nəzərimizdən çıxarmayaq ki, bu dünyanı bir xəlq edən var ki, onun min bir adı var və o adların biri də cənab Allahdır ki, nə yeri bəllidir, nə məkanı var, nə yerdədir, nə göydə və dünyada yaşayan insanlar hələ indiyədək bilmirlər ki, haman cənab Allah haradadır və nəyə məşğuldur.
Xülasə, sözü uzatmayaq və mənim də müxtəsərcə ərzim buradadır ki, haman yox olan cənab Allah tərəfindən bir neçə müqəddəs kitablar nazil olub ki, onların ən axırıncısı Qurani-şərifdir ki, əgər biz durub onun müqəddəs səhifələrini vərəqləsək, elə bir sözlərə gəlib çatarıq ki, əgər haman ayələrin bir parçasını oxuyub onları təfsir etsək və onların məzmununu indiki üzüaçıq qadınlarımıza bəyan etsək, o vədə o qadınlar görə bilər ki, onların cümləsi öləndən sonra behişt nədir, huri və qılman nədir, bəlkə cəhənnəmin dib bucağında cız-vız yanıb kül olacaqlar.
Heç uzağa getmə; götürək fürqani-kərimin qadınlar barəsində danışan “surətül-nisa” səhifələrini: aya bir qadın ki, dini-mübini-islama mənsubdur, aya bu qadın, kişisi razı olmasa, bir iş görə bilərmi və bir yana bir qədəm basa bilərmi?
Və əgər haman qadın, nəuzübillah, dilim lal olsun, kişisinə təbiyyət göstərmək istəmədi, onda kişiyə haman surənin ayətinin mövcibincə nə qədər ixtiyar verilir?
Məsələn, övrəti söyə bilər?
Yaxud döyə bilər?
Siz mənim bu sualımın cavabını haman surənin 36-cı ayəsində axtarmağa məşğul olun, mən bir tənəffüs edim.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 6 oktyabr 1927, №41
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-sura-qadinlari
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hacı Mirzəli ağa vəfat etmişdi. Çün bizim ev adamına bir növ qohumluğu çatırdı, mərhumun dəfninə ta qəbr üstə kimi mən getməyə məcbur oldum və hətta axşam vaxtı sər-səlamətinə də getdim; mən özüm də getdim və ev adamımızı da apardım.Kişilər qabaq otağa yığışmışdılar və övrət də həyətə girəndən sonra məndən ayrıldı, getdi içəri otağa (qohumluğu cəhətdən oraya bələd idi).
QiyamətYaxud kəndli qadınlar*Bu ilki oktyabr ayı ola bilər ki, bir çoxları üçün bir şadlıq yadigarı hesab oluna, amma mən baxtıqaradan ötrü həmin oktyabr qəmgin bir ay oldu, o səbəbə ki, bu ayın ərzində saysız və hesabsız kəndli qadınlar bir yerə cəm oldular və üzü açıq, naməhrəm kişilərin içində nitq söyləməyə başladılar.
UcuzluqNaxçıvan şəhərindən bir nəfər yetim oğlan gəldi mənim yanıma və məndən iltimas elədi ki, Bakının flan texnikum məktəbinin müdiri flan… dan iltimas edim ki, onu yetim olmaq cəhətindən texnikum məktəbinə götürsün.Yetim çox xoşuma gəldi: on beş yaşında həmin oğlan dilənib dolanmaqla Naxçıvanın darülmüəlliminini bitirmişdi.
Proletar şairiMənə dedilər ki, iki adam məni görmək istəyir: biri proletar şairi Təhsin Fevzidir, o birisi də Nuruxanın oğlu Şahverdixandır.Çıxdım onların yanına. İki şəxs idi: biri olardı on səkkiz-iyirmi yaşında, çox səliqəli geyinmiş, başının telləri qız saçı kimi daranıb, alnına düzülmüş, qız kimi üzü tüksüz, təm-təzə frenc və kalifeli, beli incə, parıldayan uzunboğaz çəkməli bir centlmen idi. O birisi sadə və həqir geyimli, otuz ya bir qədər artıq sinli bir adam idi.
Başqa şairlərin şeirləri · Satira
Yatmış idim, gecə röyada məni tutdu köpək,Ol qədər keçmədi ki, gördüyüm oldu gerçək.
“Mehtər Nəim”əEyləmə çox dadü-fəryadü-nəva “Mehtər Nəim”!Ümməti-islamı tutmaz heç Süratəlmüstəqim.
Əşar (13-cü nömrədə "Yetim cücə"yə cavab)Al gəldi**Bir para axmaq-uxmaq çünkü qahblar bikar,
Olursa!Naxçıvan, İrəvan xan, bəylərinin, Ordubad qırmızısaqqallarının, Bakı, Quba başıqırxıqlarının və Kürdəmir başı hanalı cavanlarının əhaliyə müraciəti:*Vətəndaşlar!*