Naxçıvan şəhərindən bir nəfər yetim oğlan gəldi mənim yanıma və məndən iltimas elədi ki, Bakının flan texnikum məktəbinin müdiri flan… dan iltimas edim ki, onu yetim olmaq cəhətindən texnikum məktəbinə götürsün.

Yetim çox xoşuma gəldi: on beş yaşında həmin oğlan dilənib dolanmaqla Naxçıvanın darülmüəlliminini bitirmişdi.

Sabahısı geyinib getdim texnikuma və müdir flanı orada dəftərxanada tapdım.

Girdim içəri. Xoş-beş… Və müdir flan ayağa durdu və bir əlini yox, iki əlini də mənə tərəf uzatdı.

Mən başladım ərz eləməyə ki, Naxçıvandan gələn yetimi, əlbəttə gərək məktəbə qəbul edəsən. Müdir mənə bu barədə bir cavab verməyib, spiçkanı alışdırdı və papirosunu tüstüləyib soruşdu ki, mən bu yayı hansı yaylaqda idim. Mən cavab verdim ki, Barjom yaylağında idim. Müdir də öz tərəfindən mənə söylədi ki, o da mədən sularının “Dəmirsu” yaylağında idi ki, rusca “Jeleznovodsk” deyirdilər. Mən dedim:

– Çox əcəb.

Və çünki buradan bir qeyri yerə də gedəcəkdim, onunçun da yoldaşdan yetim barəsində bir nəticə almaq istədim.

Mənim bu sualımın cavabında da müdir yoldaş məndən Barjomun bahalıq və ucuzluğunu soruşdu. Mən dedim ki, Barjom bu il bahalıq idi. Mən bunu deyəndən sonra müdir yoldaş sağ əlindəki qələmi və sol əlindəki papirosu da qoydu mürəkkəb dəstgahının karandaşının üstünə və mənə dedi:

– Sənin canın üçün, bu il Jeleznovodskidə yemək şeyləri lap müftə idi: məsələn, nə ağlın kəsir, qoyun ətini neçəyə alırdıq? Girvənkəsini iyirmi iki qəpiyə. Özü də necə ət? Qaraçay qoyununun əti adnandır; odun üstə qoyan kimi, çək ye. Elə lətifdir ki!..

Burada məndən də savayı çoxluca cavan bizi əhatə etmişdilər. Bunlar müdiri gözləyirdilər ki, bundan dərdlərinə bir dərman ala bilsinlər. Onların da dərdi bizimki kimi həmin texnikuma daxil olmaq idi.

Mən istədim duram ayağa. Müdir mənim hazırlaşmağımı gördüsə də, genə yetimin qəbulu barəsində bir söz danışmadı; ancaq Dəmirsu yaylağının ərzağının ucuzluğundan rəvayət etməkdə idi. O dedi ki:

– Ağ-appaq çörəyi nə qədər istəyirsən al. Girvənkəsi yeddi qəpiyə satırdılar. Südün vedrəsi elə gün olurdu ki, iki şahıya satılırdı. İnək yağı yarım manat idi. Yumurtanın biri dörd qəpik idi.

Naxçıvandan gələn yetim bir az kənarda, əlləri dalında, divara dayanmışdı və qulaq asırdı. Qeyri uşaqlardan müdirin söhbətinə qulaq asan da var idi, asmayan da vardı. Ancaq söz yox ki, bunların tək bircə fikir-xəyalı texnikuma qəbul olacaqları, ya olmayacaqları məsələsi idi.


Mən ayağa qalxdım və müdir flandan bunu bilmək istədim ki, yetimin barəsində onun fikri nədir və iltimasımız müdir tərəfindən qəbul olunur, ya yox. Burada müdir də mənim kimi ayaq üstə qalxdı və xudahafiz əlini mənə uzatdı və genə yaylağın ucuzluğuna qayıtdı.

– Elə olurdu ki, gedirdik səyahətə və on-on beş adam xərc qoyurduq. Haman gün xərcimiz iki-üç manatdan artıq olmurdu; adam başına yarım manat ancaq düşürdü. Bir gün gətiricidən on iki girvəngə, bir baş pendirə ancaq bir manat otuz qəpik verdim. Elə gün olurdu ki, ətraf kənddən gələn südü alan olmurdu. Sənin canın üçün dəxi geri aparmaq istəmirdilər, südü yerə calayırdılar.

Çöl qapıdan mən çıxanda müdir yoldaş məni daldan çağırdı. Yazıq yetim sevindi ki, bəlkə müdir insafa gələ və texnikumdan da bir söz deyə; müdir genə belə dedi:

– Yumurtanı tək-tək alanda biri üç qəpik idi. On-on alanda, onu iyirmi beş qəpik idi. Amma sənin canın üçün, bir dəfə yüz yumurtaya məhz ikicə manat verdim.

Kor-peşman çıxdıq küçəyə. Sonra bilmədim ki, dəxi yetimim hara getdi və başına nə iş gəldi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Həmidə! (19 aprel 1929)

İndicə Ənvər Şuşaya, sənin adına 40 manat pul yola saldı. Gecikməyimin səbəbi təqaüdümün gecikməsidir. Təqaüdlərin hamısını dəyişdirmək barədə məsələ qaldırırıq, görək nə olacaq. Odur ki, mən sənin üçün Şuşada bahalı mənzil tuta bilmirəm. Hər halda necə olur-olsun ev sahiblərinin sözünə əməl eləməli və evlərini boşaltmalısan.Müzəffər və Münəvvər səsləri barədə verdikləri ərizənin nəticəsini gözləyirlər, zənnimcə [müsbət] cavab alacaqlar. Müzəffər hələlik jurnala kömək eləyir. Münəvvər də [evin] təsərrüfat işlərinə baxır. Uşaqlar oxuyurlar. Hələlik bir yenilik yoxdur.

1 dəq
Həmidə! (8 iyun 1929)

İrəvan, çərşənbə*Çoxdan sənə müfəssəl məktub yazmıram. Odur ki, indi həyatımdakı bəzi yeniliklər haqqında İrəvandan sənə yazmaq istəyirəm. May ayında gürcü yazıçılarının nümayəndə heyəti Azərbaycan yazıçıları ilə tanış olmaq üçün Bakıya gəldilər. 18 nəfər idilər. Onlar burada bir həftə qaldılar və hər gün onların şərəfinə yığıncaqlar, hərdənbir də qonaqlıq düzəldildi. Söz yox, onlar da yola düşəndə bizi Tiflisə qonaq çağırdılar. Biz Tiflisə hazırlaşdığımız zaman erməni yazıçıları da teleqrafla bizi İrəvana dəvət etdilər. Mən heç getmək istəmirdim, amma Midhət çox təkid elədi ki, boyun qaçırmayıb gedim. Yoldaşlar da əl çəkmədilər. Razı oldum. Yola düşmək ərəfəsində Müzəffərlə Münəvvər Bakıya gəldilər. Mən onları qoyub getməli oldum. Müzəffər bir neçə həftədən sonra kəndə qayıtmaq istəyirdi. Münəvvər isə müalicə elətdirməyə hazırlaşırdı. Midhət hələ imtahan verir, fikri var ki, iyula qədər imtahanlarını verib dincəlmək üçün Şuşaya gəlsin.

1 dəq
Məmmədəli! (9 iyun 1929)

İrəvandan*Biz iki gün də İrəvanda qalandan sonra gəlirik Tiflisə, beş gün də orada qalıb gələcəyik Bakıya.

1 dəq
Münəvvər! (14 iyul 1929)

Bakı*Mən bu saat Borjoma yola düşürəm. İndi özümü bir az yaxşı hiss edirəm. Borjomdan ünvanımı yazacağam. Bu məktubu sənə yazmaqda məqsədim var. Sən qabaqlar Həmidə xanımla yola getmirdin. Ona görə mən bu məktubu sənə yazdım ki, sən ona qulaq asıb yola gedəsən. Əgər sən belə etsən, mən səndən razı qalacaq və səni əvvəlki kimi sevəcəyəm. Sən bunu yadında saxla və yadında saxlamağa da borclusan.

1 dəq

Başqa şairlərin şeirləri