Həmidə! (8 iyun 1929)
İrəvan, çərşənbə
Çoxdan sənə müfəssəl məktub yazmıram. Odur ki, indi həyatımdakı bəzi yeniliklər haqqında İrəvandan sənə yazmaq istəyirəm. May ayında gürcü yazıçılarının nümayəndə heyəti Azərbaycan yazıçıları ilə tanış olmaq üçün Bakıya gəldilər. 18 nəfər idilər. Onlar burada bir həftə qaldılar və hər gün onların şərəfinə yığıncaqlar, hərdənbir də qonaqlıq düzəldildi. Söz yox, onlar da yola düşəndə bizi Tiflisə qonaq çağırdılar. Biz Tiflisə hazırlaşdığımız zaman erməni yazıçıları da teleqrafla bizi İrəvana dəvət etdilər. Mən heç getmək istəmirdim, amma Midhət çox təkid elədi ki, boyun qaçırmayıb gedim. Yoldaşlar da əl çəkmədilər. Razı oldum. Yola düşmək ərəfəsində Müzəffərlə Münəvvər Bakıya gəldilər. Mən onları qoyub getməli oldum. Müzəffər bir neçə həftədən sonra kəndə qayıtmaq istəyirdi. Münəvvər isə müalicə elətdirməyə hazırlaşırdı. Midhət hələ imtahan verir, fikri var ki, iyula qədər imtahanlarını verib dincəlmək üçün Şuşaya gəlsin.
Mən özüm bir həftəliyə Şuşaya getməyə hazırlaşıram: İsa bulağı və Turşsuya getmək istəyirəm.
Bu il Midhət kişi kimi oxuyub, ikinci kursa keçdi. Teymur yazıq isə həkimlərin təkidilə dərsi buraxıb payıza qədər dincəlməli oldu (demə, onda tropik malyariya və ciyər katarı varmış).
Tiflisdə, ancaq Muradı gördüm. O, öz atasını idarə işi üçün səfərə yola salmağa getmişdi. Kefləri pis deyil. Sabah bir günlüyə Naxçıvana getmək fikrindəyəm. Çərşənbə axşamı (3 gündən sonra) Leninakana (Aleksandropol) və oradan Tiflisə gedirik. Tiflisdə bir həftə qalacağam.
Bizi Qarakilsədə qarşılayıb, oradan avtomobillə apardılar Dilicana. Sevan gölündə, sonra da İrəvana gətirdilər. Yol uzunu hər yerdə bizi musiqi ilə, çox təntənə ilə mehmannavazlıqla qarşıladılar. Burada olduğumuz müddətdə bizə bir qonaq kimi baxdılar. Tiflisdə gürcülər də bizi belə qarşıladılar. Hələlik, salamat qal.
Cəlil
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-hemide-8-iyun-1929
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Oktyabr ayının ikisində, Bakıda şura qadınlarının və zəhmətkeş qadınların bir böyük yığıncağını gördüm.Və hamısını üzü açıq gördüm.
Üzr istəyirəmSənayeləşmə istiqrazı barəsində mən keçən həftə üzümü müsəlman qardaşlara tutub təklifdə bulunmuşdum. Yazmışdım ki, hər bir vətən evladının borcudur öz hökumətinin məmləkətinin təmiri yolunda ona əl uzatsın və hal-hazırda da hər bir şuralar vətəndaşının borcudur ki, sənaye istiqrazına yazılmaqla Şuralar hökumətinin səsinə səs versin.Bu xüsusda idarəmizə bir çox yerdən cavablar gəldi. Bu cavablar iki qisimdir: bir qismi zəhmətkeşlər tərəfindən gələn cavablardır. Bir qismi də iman əhllərindən gələn cavablardır.
Din söhbətləriKeçən vaxtlar Molla əminin səhifələrində bəndəyi-həqir hərdən bir din və etiqad dairəsində söhbət elərdim ki, bəlkə bir para cahillər və əvamünnas mütənəbbeh ola və bir para siratülmüstəqimi azanlar rahirasti tapalar, ta ki, xəllaqül-aləmin yanında ruzi-qiyamətdə xəcil olmayalar.Amma mən bunu görürəm və eşidirəm, yəni qəzetlərdən xeyr, ağızdan eşidirəm ki, axır vaxtlarda yenə islam dininə özlərini mənsub qılanlardan elə bir hərəkət baş verir ki, mən bunun müqabilində məəttələm və bilmirəm ki, Allahın haman bədbəxt bəndələri heç gördükləri işlərin dal və qabağını yoxlayırlar?
Qəzalarda yol məsələsi“Kəndli qəzeti” axır nömrəsində qəzada olan yollardan söhbət açmışdı.Yol məsələsi əhəmiyyətli məsələlərin biridir və bu barədə mərkəzi icraiyyə komitəsinin Lənkəranda olan iclasında çox danışıq oldu və xeyli mübahisə üz verdi.