Çay dəsgahı
Səhifə 2 / 2 · 50%
Samavar
(Qaşığa)
Etmisən sən dünən belə görükür,
Biədəblik, həmi günahi-kəbir.
Ağa, xanım səni təmiz bilibən
İstəkana səni salubla dünən.
İndi bildik günah edən kim imiş,
Ağa, xanım nəçün deyirlərimiş
Ki, çayın rəngi yox, nə təmi gəlir,
Nə xoş ətri, nə ləzzəti bilinir.
Qaşıq
İzn ver, mən sənə, baba Samavar,
Bir neçə söz edim bu dəm izhar.
Mən bu işdə müqəssir olsam əgər,
Öldürün siz məni, edin bisər.
Mən cəvanəm, adım gümüş Qaşıq,
Cəmi məxluq olub mənə aşiq.
Çünki ömrü mənəm edən asan,
Var-yoxun xərc edər mənə insan.
Mənsiz heç kəs çayın dadın bilməz,
Olmasam istəkanda, qənd əriməz.
Heç olar isti çaya əl vurmaq?
Kimdə var beylə bir uzun barmaq –
Ki, yetişsin Qaşıq kimi qəndə.
Bu hünər vardı bircə tək məndə.
Vay o şəxsin, o yazığın halına –
Ki, uzun çöp kəsib alar əlinə.
İstəkanı qarışdırır çöpnən
Və çayın təmini kəsir qətən.
Mən problu, özüm təmiz gümüşəm,
Dəxi mən bilmirəm nə eyləmişəm –
Ki, çayın rəngi yox, nə təmi gəlir,
Nə xoş ətri, nə ləzzəti bilinir?
Vazehi beylədir, bəyan edirəm –
Amma indi belə güman edirəm –
Ki, səbəbkar beylə əmrə, baba,
Ya Maşadır, ya da qara Truba.
(göstərir Maşanı və Trubanı. Truba üzünü tutub yana, oxuyur bu beyti)
Truba
“Xabi nuşini bamidadi rəhil,
Baz darəd piyadəra zisəbil”.
Samavar
(Trubanın sözünü kəsib acıqlı səslə çığırır onun üstünə)
Kəs səsin, biədəb və nalayiq!
Nə üçün üz verib sənə şadlıq?
Biz bəladə və fikrdə, qəmdə,
Amma siz həm fərəhdə, həm dəmdə.
Çayı sizsiz həmişə zaye edən,
Oluruq biz xəcil nahəqdən.
Gərək indi mənə bəyan edəsiz,
Hansınız olmusuz buna bais?
Maşa
(Samavara)
Yoxdu, vallah, baba, mənim xəbərim,
Dəyməyib mənim heç kəsə zərərim.
Truba
(Samavara)
Şahid olsun bu əmrə ol qadir,
Olmayıb məndən heç günah sadir.
Gəlmişəm mən bu sinnə, görməmişəm
Nalayıq iş, günah etməmişəm.
Bənzərəm sərvə, qədd-qamətli,
Olmuşam mən ziyadə qiymətli.
Ondan ötrü ki, tək mənəm mahir –
Ki, kömür bir dəqiqədə qızarır.
Padnos
Nisfi-şəbdir, belə güman edirəm,
(Maşa və Trubaya işarə edir)
Bunların barəsində söz verirəm –
Ki, müqəssir deyillər heç birisi,
Ondan ötrü ki, bunlar hər ikisi
Heç deyil çay busatına daxil,
Oldu indi mənə yəqin hasil –
Ki, müqəssir bu işdə biz deyilik,
Necə ki, cəmimiz bunu görürük.
(bir az duruxur)
Baba, indi gör ağlıma nə gəlir:
Hamıya gün kimi müşəxxəsdir –
Ki, çayın gər suyu bir az lil ola,
Olmaz heç rəngi də onun əsla.
Gərçi su lazımınca qaynamadı,
Çayın olmaz nə ləzzəti, nə dadı.
İndi mən beylə məsləhət görürəm,
Çağıraq Nökəri buraya bu dəm.
Soruşaq biz həqiqətin ondan,
Odu bəlkə bizi bəlayə salan.
Samavar
(Padnosa)
Mərhəba, mərhəba sənə olsun!
(üzünü tutur uşaqlara)
Çağırın Nökəri ki, tez gəlsin!
(Padnosa işarə edir)
Əsb tazi əgər zəif bəvəd
(o biri uşaqlara işarə edir)
Həmçinin əz təvileyi xər beh.
Ərəb at gər ölə zəiflikdən,
Yaxşıdır bir təvilə eşşəkdən.
Gəlir nökər Əli, köhnə və cındır paltarda, əlləri kömürçü əli kimi qara və çirkli, Samavara baş əyir.
Samavar
(nökərə)
Niyə sən çirklisən, a bədheybət?
Bu ətəklər nəçün olub neybət?
Əli
Silirəm bunlar ilə qab-qaşığı,
Nəlbəki, istəkanları, qaşığı.
(əli ilə göstərir)
Samavar
(irəli çağırıb ətəklərini qoxlayır, sonra üzünü turşudub deyir)
Neftə sən batmısan, belə bilirəm.
Əli
(ətəklərini göstərir)
Lampanı bunlar ilə mən silirəm.
Samavar
(Padnosa)
Yaz, bəradər, bu sözləri kağıza –
Ki, düşə istəyəndə yadımıza.
(Padnos götürür kağızı, qələmi və yazır)
Samavar
(Əliyə)
Doğrusun indi sən gərək deyəsən,
Nə su ilə çayı qoyursan sən?
Əli
Deməyibdir hələ mənə birisi –
Ki, suyun vardı yaxşısı və pisi.
Padnos
(Əliyə)
Qaynadıbsanmı, sən mənə degilən,
Çay qoyanda suyu babamda dünən?
Əli
Bilmədim qaynadı, ya qaynamadı,
Çünki hər vaxt qaidəm belədi:
Açıram mən sudan bir az əlimə,
Su əgər təsir eylədi dərimə,
Mən haman vaxt çayı dəmləyirəm.
Padnos
(onun sözünü kəsir)
Bilirəm belədir, yəqin edirəm.
Əli ilə işarə edir ki, dəxi danışmasın. Padnos yazdığı kağızı götürüb, oturanlara başı ilə ayağa qalxmağı bildirir, cəmiən dururlar.
Padnos
(oxuyur)
Nökərin sözlərindən indi bizə,
Belə məlum oldu cümləmizə,
Əvvəla, bizləri silir nəynən?
Neftə batmış cırıq ətəklərinən.
Saniyən, Nökər heç özü bilmir,
Nə su ilə həmişə çayı qoyur.
Salisən, zəhməti qəbul etməz
Və suyu lazımınca qaynatmaz.
Bizə çün beylə aşikar oldu –
Ki, səbəb qilü-qalə məhz budu.
Eləyək indi biz ağaya xəbər –
Ki, müqəssir gərək ola Nökər.
Əli
Bir dəqiqə əgər məcal verəsiz
Və mənim sözlərimə lütf edəsiz.
İnanasız ki, yoxdu burda mənim –
Həm günahım, həmi də təqsirim.
Nökərəm mən, adım Əli nökər.
Hansı nökər bu tövr qulluq edər?
(ətəklərini göstərir)
Edirəm altı aydı mən xidmət,
Amma görməm məvacibi heç vəqt.
Köhnə paltar mənim vəzifəmdir.
Belə paltar görək nə aləmdir?
Bircə dəsmal verib mənə xanım,
Onilə evdə qab-qacağı silim.
O da itmişdi çay qoyanda dünən,
Nəyinən bunları sileydim mən?
(uşaqları göstərir)
Samavar
(Samavar başını əyib aşağa, bir az fikir edir)
Bələdəm zatına sənin, Nökər,
Dəyməz heç bir pula bu cür sözlər.
İş qurtardı və qaldı bircə sözüm,
Bundan əqdəm dedim sizə mən özüm –
Ki, tutaq insaf ilə hər işi biz,
Bunu da indi siz nəzərdə tutuz.
Nə üçün eşşəyi kənara qoyaq
Və günahsız palanı tapdalayaq?
Hansı evdə olar belə neybət,
(Əlini göstərir)
Bu qoyan çayə kim edər rəğbət?
Çünki rəğbət edər buna ağamız
Qilü-qalə səbəb odur şəksiz.
Bu qoyan çay ona güvarə gəlir,
Hansı ki, ağzının dadın bilmir.
Hansı ki, çay içir nədən ötəri –
Ki, içirlər çayı həm özgələri.
Amma keçmiş zamanda mən bədbəxt
Eylər idim bir evdə mən xidmət,
Ax cavanlıq, şükufəsi ömrün!
Doğrudur çatmaz heç keçən günə gün,
Mən o evdə nə tövr ömr elədim!
Olmaz idi o evdə dərdü qəmim.
Çay içən vəqtdə məni nökər
Mizin üstə qoyardı şamü səhər,
Çay tökərdi həmişə xanım özü.
Heç olarmı belə günün əvəzi!
Görmürəm beylə hörməti indi,
Nökərin mənzili məkanımdı.
Hər tərəfdə kömür, sabın, piy, şam,
Qalaram orda mən səhər, axşam.
Mənə rəhm etməyib həmin nadan
(Nökəri göstərir)
Çirklənəndə silir məni qumnan.
Amma bilmir onu ki, qırmızı yağ
Məni eylər həmi təmiz, həmi ağ.
Heyf o qəndə, o çayə, ay ağalar –
Ki, onu xar edər belə nökər!
Etmişəm beylə təcrübə hasil:
Çay qoyub içməyi bilən aqil
Çün tutar çox ziyadə qədrimizi,
Silər o bizləri həmişə özü.
Nökərə verməz o çayı-qəndi,
Çayi pis dəmləyib tökən kimdi?
Xanımın borcudur çayı tökmək,
Necə xoşdur belə çayı içmək!
Pərdə salınır
Dekabrın 2-sində 1889, Baş Noraşen
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-cay-desgahi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey Gəncə mollaları!Mən sizdən çox artıq təvəqqe eləyirəm ki, öz təklifinizi biləsiniz və cızığınızdan kənara çıxmayasınız.
Molla CəfərquluƏcnabi millətlərin içində çox lotular var, çox arvadbazlar var…Birisi gedə bir neçə müddət Rusiyanın və Avropanın şəhərlərini gəzə və sonra gələ müsəlman içinə və Təbrizi, Tehranı, Ərdəbili, Astaranı, Bakını, Naxçıvanı və Danabaş kəndini gəzib dolana, elə bilər ki, müsəlman içində lotuluq, arvadbazlıq və fahişəbazlıq heç əslindən yoxdur və elə bilər ki, bu əməllər ancaq əcnəbilərin əməlidir.
Erməni və müsəlman övrətləriBiz Qafqaz müsəlmanları razı olmarıq ki, övrətlərimiz evdən eşiyə çıxsınlar və üzüaçıq gəzsinlər. Bu bir yaxşı adətdir.İndi baxıb görək ki, niyə buna razı olmuruq?
GülməkBirinin üstünə gülmək pis şeydir. Biz uşaqlıqda birinin üstünə güləndə anamız bizə deyərdi: “Balam, gülməyin, yoxsa axırda sizin də üstünüzə gülərlər”. Və anamız bizi öyrətmişdi: bir kəsin üstünə güləndə yapışardıq qulaqlarımızın ucundan çəkərdik ki, bizim də başımıza gəlməsin və üstümüzə gülməsinlər.Biz Qafqaz müsəlmanları indiyədək iranlıların üstünə gülərdik ki, yazıqlar dalı qalıblar.