Birinin üstünə gülmək pis şeydir. Biz uşaqlıqda birinin üstünə güləndə anamız bizə deyərdi: “Balam, gülməyin, yoxsa axırda sizin də üstünüzə gülərlər”. Və anamız bizi öyrətmişdi: bir kəsin üstünə güləndə yapışardıq qulaqlarımızın ucundan çəkərdik ki, bizim də başımıza gəlməsin və üstümüzə gülməsinlər.

Biz Qafqaz müsəlmanları indiyədək iranlıların üstünə gülərdik ki, yazıqlar dalı qalıblar.

İndi belə məlum olur ki, biz o vaxtlar iranlıların üstünə güləndə qulağımızın ucundan yapışıb çəkməmişik və bu səbəbdən indi biz də o hala düşmüşük ki, bizim üstümüzə iranlılar gülürlər.

“Həbül-mətin” ruznaməsi Gəncə mollaları barəsində uzun bir söhbət açıb və axırda yazır ki, Gəncə mollaları işi o yerə yetiriblər ki, Qafqaz Şeyxül-islamına götürüb yazırlar ki, Şeyxül-islam müəllimlərin ictimaına mane olsun, ondan ötrü ki, müəllimlərin və məktəblərin tərəqqisi və artmağı axırda bais olacaq mollaların fənd və fellərinin üstünün açılmağına.

Məqalənin axırında “Həbül-mətin” belə yazır:

Təbrizdə Hacı Mirzə Həsən ağa bircə dəfə mücahidlər barəsində narazılıq izhar etmək ilə onu təbrizlilər şəhərdən kənar elədilər, amma Gəncə Hacı Mirzə Həsən ağaları Qafqaz mücahidlərinin xüsusunda danosbazlıq və şeytançılıq eləyə-eləyə bunların hörməti gəncəlilərin içində daha da artır.

“Həbül-mətin” deyir: gör təfavüt nə dərəcədədir?

“Molla Nəsrəddin”, 19 may 1907, №20

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira