Əbdürrəhim əfəndi
Alicah Əbdürrəhim əfəndinin hünəri barəsində “Bürhanitərəqqi”, “Həyat” və “İrşad”da yazılan məqaləni oxuduq. Və lakin həmin əhvalat “Noqarelli” adlı gürcü qəzetində bir özgə məzmunda yazılıb. Məzkur qəzetə 141-ci nömrəsində yazır: “Zəmani ki, hələ rus padşahı Yaponiya ilə davanı təzə başlamışdı, Şamaxı məhkəməsinin üzvü Hacı Əbdürrəhim əfəndi öz tərəfindən ərəb dilində şeirlə bir mədhnamə inşa edib, imperator Nikolay və imperatrisa adına Peterburqa göndərmişdi. Çox çəkmədi ki, bunun əvəzində padşah tərəfindən cənab qazıya bir ədəd qızıl saat, üstündə padşahın və əyalının surəti nəsb olunmuş, – göndərildi. Cənab əfəndi isə o hədiyyəni yadbud edib, o vaxtdan bəri hər işin tərk eləyib, yenə cənab imperatordan bir başqa hədiyyəyə nail olmaqdan ötrü bu neçə vaxtlarda tamah dəndanın gecə və gündüz tiz etməyə məşğul olub, tədbirlər və politikalar tökürlər idi ki, aya yenə nə iş qayırım ki, padşahi-alindən dəxi də artıcaq bir başqa padarkaya layiq olam. Odur ki, neçə həftə bundan əqdəm cənab əfəndi 40 ədəd peçenyə manənd çörək bişirdib, hər bir çörəyin üstündə bir cür tilsimmanənd dualar yazıb və bir neçə kəlmədən ibarət olan quran ayələrindən bir parça kağıza yazıb, rusca və müsəlmanca tərcümə də həm eləyib, poçt ilə imperatorun hüzuruna irsal edib və bu mənada bir kağız yazıb göndərib: “Uca olan və yenə ucadan da, ucadan da, ucadan da uca olan imperatori-əzəm sələməllahü təaliyə poçt ilə bir pasılkeyi-həqir, – ki [ibarət] ola qırx ədəd xırda ayə ilə yazılmış çörəklərdən və yenə bir parça kağızda tilsim, – göndərdim uca olan cənabınızın xidmətinə. Həmin bu çörəkdən qırx gün hər sübh bir ədəd yeyərsiniz və bu parça kağızda olan duanı hər sübh qırx dəfə vird və təkrar oxuyarsınız, inşallah dəxi o vaxtda duma tərəfi məğlub olar və əsla duma tərtib etməyə meyil etməzlər və dumanın tifaqı bərhəm olar və özünüz (köhnə səyaq ilə) qaimməqam olarsınız, inşallah”. Və bu barədə imperatori-əzəm tərəfindən hacı Əbdürrəhim əfəndiyə bir rizaməndlik teleqramı gəldi və teleqram da polisə vasitəsilə gəlmişdir”.
Molla Nəsrəddin öz tərəfindən:
Bunlar hamısı keçəndən sonra bu sözlərə inanmaq mümkün deyil.
Yaxşı, tutaq ki, biz inandıq. Aya, görək, Şamaxı camaatı da inanarmı bu sözlərə? Məgər hacı Əbdürrəhim əfəndi haman əfəndi deyilmi ki, bir gün minbərə çıxıb, camaata belə vəz edirdi (hətta mən özüm də orada var idim, günortadan üç saat keçmişdi, çərşənbə günü idi, yağış da istəyirdi yağsın); qərəz, hacı əfəndi minbərə çıxıb, başladı:
– Ey uşaqlarını rus dərsinə qoyanlar! Açın qulaqlarınızı, eşidin. Sonra peşiman olarsınız, peşimançılıq da nəticə bağışlamaz. Eşidin mənim bu bir neçə sözümü, ey uşaqlarını rus dərsinə qoyanlar! Bilin ki, cəhənnəm olacaq axirətdə sizin məkanınız və cəhənnəmin yeddi təbəqəsi var: əvvəlinci – cəhənnəm, ikinci – səir, üçüncü – səqər, dördüncü – cəhim, beşinci – ləza, altıncı – hətəmə, yeddinci – haviyə. Cəhənnəmin şərabı həmimi-gərm və qətrandır və təamı zəqqumdur. Həmimi-gərm ibarətdir çirkdən, bu həmimi-gərm belə şeydir ki, ondan dünya əhlini sularına bir qədər məxlut olsa, onun təəffünündən tamam əhli-dünya həlak olar. Cəhənnəmdə bir dərə var ki, onun içində yetmiş min ev var və hər evin içində yetmiş min hücrə var və hər hücrənin içində yetmiş min qara ilan var və hər ilanın qarnında yetmiş min zəhər var. Bundan əlavə, cəhənnəmdə qırx zaviyə var və hər zaviyədə qırx min əqrəbin qırx min zəhərli nişi var.
Xülasə, cəhənnəmin tövsifini hacı Əbdürrəhim əfəndi yetmiş iki həftənin müddətində bəyan edib, hələ qurtarmayıb. Bu barədə gələcək nüsxələrimizdə söhbət etməyi vəd edirik.
Ey axund, ey dirəxti-bihasil,
Olma çox da təmallüqə mail.
Lacərəm, mərdi-arifü kamil
Nə nəhəd bər həyati-dünya dil.
Ucadır, yoxdu söz ki, boyda çinar,
Səndən islamə heç görülmədi bar,
Ey töhi dəst rəftə dər bazar,
Tərsəmət bər nəyəvari dəstar
Ey axund, olma dörd işə talib:
Cəhlü pulü təməllüqü calib.
Gər yeki zin çəhar şüd ğalib,
Cani-şirin bər ayəd əz qalib.
Qoy riyanı yerə gəl, etgilən ar,
Nə çıxar padşahdən sənə kar?
Asiyan əz günah tövbə künənd,
Arifan əz ibadət istiğfar.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 30 iyun 1906, №13
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-ebdurrehim-efendi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ovuc yazısı İranda indiki əsrdə yenə davam etməkdədir.Ovuc yazısı nə deməkdir?
İki cür rəvayətQəzalardan və mahallardan bizə gəlib çatan xəbərlər iki cürdür: bu xəbərlərin bir qismini biz gəlib-gedənlərin ağzından eşidirik, bir qismini də qəzetlərdə oxuya bilirik.Və bu iki qism xəbərlərin arasında nədənsə həmişə böyük təfavüt olur.
Məhərrəmül-həramMəhərrəmül-həram, yəni haman məhərrəm ayı ki, o ayın ərzində və o ayın varlığı ilə bir neçə şey haramdır.Haman ayın müddətində haram olan şeylərin bir neçəsi qabili-istirahət, ruhani dinclikdir ki, məhərrəmül-həramda hər bir qeyrət və vicdan əhlinə haramdır. Nə üçün haramdır? O səbəbə ki, biçarə xalq dünyada misli olmayan vəhşiliyi heç bir vicdan və namusa sığışdırmır. O səbəbə ki, qonşu millətlərin bizim oyunbazlığımıza şahid olmasına insafım dözmür. O səbəbə ki, məhərrəmül-həram günləri küçələrdə atılıb-düşən və yırtıcı heyvan kimi nərə təpən bambılıları özümə millət qərar verməyə həya edirəm.
BəyanMəcmuəmizin 35-ci nömrəsində birinci səhifədə biz belə şəkil çəkmişdik: Xalq Maarif Komissarlığından bir neçə teatr və qeyri tamaşagah müdirləri dallarında pul yükü aparırlar, aşağıda kasıb kəndli oturub baxır və deyir:– Maarif Komissarlığının yuxarıda göstərilən idarələrinə bu qədər pul daşınanda, əlbəttə, kənd məktəbləri pulsuz qalacaqdır.
Başqa şairlərin şeirləri · Satira
Kam almadı Hitler, nə yaman təlxkam oldu.Minlərcə fırıldaq elədi, natamam oldu.
Gözün aydın“Mus-Mus!” deyə, axır Rza xan Mustafalaşdı,Gizlin bəzənib çıxdı üzə, maskasın açdı;
Orucluğun proqrammasıGəldi yenə orucluqMeydanə, ay can, ay can!
Dükançının müştəri ilə hekayətiBu sirr komunxozdamı, baqqaldamı yoxsa?Ya inki dəmir yoldamı, ya maldamı yoxsa?