“Əbvabül-cinan”
“Xüruci-Dəccali-ləin vəqti xahəd bud ki, mərdüman bazənan dər kar məşvərət könənd…”.
Bu sözlər yazılıb “Əbvab” kitabının əvvəlinci cildinin 73-cü səhifəsində və mənası da budur ki, Dəccalın xürucu o vaxt olacaq ki, kişilər övrətlərlə məşvərət eləyələr.
Bu sözləri səhl saymaq olmaz; çünki bu sözlər yazılıb “Əbvabülcinan” kitabında. “Əbvabül-cinan” bizim dildə – “behiştin qapıları” deməkdir. Müsəlman aləmində “Əbvab” kitabını oxuyub çıxmayınca heç kəsin ixtiyarı yoxdur özünə alim adı qoysun və müsəlman kitablarının içində heç bir kitab “Əbvab” kimi hörmət qazanmayıb və çox adamlar bu kitabı əllərinə götürəndə qabaqca öpüb sonra açırlar.
“Əbvabül-cinan”, “Əbvabül-cinan!”
Məktəblərdə “Əbvab” oxuyan şagirdləri barmaqla göstərirlər.
Ərzimiz buradadır ki, həmin “Əbvab” kitabının 73-cü səhifəsində yazılıb ki, kişilər övrətlərlə məşvərət eləyəndə Dəccal xüruc edəcək. Amma biz müsəlmanlar hər bir şeyi səhl saya-saya burada da qəflət eləmişik; çünki “Əbvab” kitabı bizə bu nəsihəti edə-edə biz yenə gedib bir övrət həkimi tapıb deyirik ki, ay xanım, bizim övrətin flan azarı var, nə cür dava verək ki, şəfa tapsın?
Aşkar işdir ki, biz burada övrətlə məşvərət edirik və yadımızdan çıxardırıq ki, “Əbvab” kitabı övrətlə məşvərət eləməyi qədəğən buyurur.
Hələ övrət həkimi qalsın kənarda: bəzi kişilər var ki, bazara gedəndə övrətlərindən soruşurlar ki, ay qız Fatma, ağlın nə kəsir, istəyirəm bu gün düyü alıb göndərəm plov bişirəsən?
Övrət cavab verir ki, yox, plov bişirməyəcəyəm. Yağımız azdı. Bu gün ət al göndər, kabab eləyək. Amma sən Allah, ət çox sümüklü olmasın, uşaqlar doymurlar.
Biz görürük ki, burada kişi övrətlə məşvərət eləyir. Amma xəyalından çıxardır ki, bunun məşvərətinin ucundan Dəccal xüruc eləyə bilər, necə ki, “Əbvab” kitabında bəyan olunub.
Hərçənd ki, şükür olsun Allaha, bizim içimizdə bu tövr günahkar bəndələr az olur, yəni arvadlarla məşvərət eləyən kişilər çox deyillər. Amma yenə hərdənbir oyanda-buyanda tapılır; çünki məlun şeytan heç bir vaxt, heç bir dəqiqə bikar deyil.
Xüruci-Dəccali-ləin vəqti xahənd bud ki, mərdüman bazənan dər kar məşvərət konənd…
Bu sözlər yazılıb “Əbvab” kitabında və mənası da budur ki, Dəccal o vaxt xüruc eləyəcək ki, kişilər övrətlərlə məşvərət edələr, yəni övrətlərlə məşvərət eləməyi “Əbvab” o dərəcədə günah əməl hesab eləyir ki, əgər bir belə iş kişilərdən baş versə, Dəccal xüruc eləyəcək və qiyamət qopacaq və axırda Dəccali-ləin həzrəti-İsa əleyhüssəlam tərəfindən qətlə yetişəcəkdir.
İşlərin axırını xarab görürəm: bax ki, indi hər yanda müsəlmanlar başlayıblar qızlarını dərsə qoymağa. Nuxada axund Pişnamazzadə cənabları hələ qızlar üçün öz əli ilə məktəb açır. Misirdə müctəhidlər qızlarını göndərirlər Frəngistana, kafirlər içinə ki, orada firəng elmləri oxusunlar. Axırda bu qızlar oxuyub qayıdacaqlar vətənlərinə və hər biri bir cür elm sahibi olacaq. Kişilərimiz də başlayacaqlar lazım olanda bu qızlarla məşvərət eləməyə.
Dəxi aşkardır ki, Dəccal xüruc eləyəcək, necə ki, hazır indinin bu saatında İran məmləkətində Dəccalın bəzi əlamətləri görsənir.
Allah baisin evini yıxsın!
Bu sözləri mən yazmazdım, amma bircə cəhətdən yazdım. “Əbvab” kitabını bir yerdə görəndə az qalırıq səcdəyə düşək; amma səcdəyə düşə-düşə yenə qızlarımızı oxuduruq ki, böyüyüb elm və mərifət sahibi olsunlar, yəni məşvərət eləməyə ləyaqətləri olsun.
Bu iki iş bir-birini tutmadı; ondan ötrü ki, xüruci-Dəccali-ləin vəqti xahəd bud ki, mərdüman bazənan dər kar məşvərət konənd. Yəni bir tərəfə baxanda müsəlmançılıqda övrətlə məşvərət eləməyin heç mənası yoxdur; çünki bizim cəmi kitablarımızda yazılıb ki, övrətlərin ağlı naqisdir. Məsələn, sən, ha övrətinə de ki, nə məsləhət görürsən, mən gedirəm bir arvad da alam, ya inki gedirəm mütrüb oynatmağa; söz yox ki, övrət başa düşməyəcək, çünki naqisül-əqldir.
Elə “Əbvab” da bu mülahizə ilə müsəlmanlara belə nəsihətlər eləyir; çünki “Əbvabül-cinan” kişilərimizi yaxşı tanıyır.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 28 iyul 1908, №30
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-ebvabul-cinan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ola bilər ki, bəzi oxucularımız deyələr ki, “xub, bunun nə dəxli var, mətbuatın tacgüzarlığa nə rəbti ola bilər?”.Mən də, atalar deyən kimi: “Mal bir yerə gedər, güman min yerə”, mən də bir mətləbi ki, başlayıram, o mətləbi oradaca yarımçıq qoyub min yerə gedirəm; məsələn, mətbuat bayramından başlayıb tacgüzarlığa gedib çıxıram.
Xan hünəriİçib keflənmək və kefli halda at minib fəqir-füqəranın evinə soxulmaq, oğul-uşağı qorxutmaq və hətta övrətləri təhqir etmək – bunlar qədim əsrdə xan hünəri hesab olunardı. Və çünki mən özüm qədim əsrin adamıyam, xanların bu hünərini mən öz gözümlə görmüşəm. Amma indi dəxi bu işlər rədd oldu getdi. İndi dəxi “xan qalmadı”...Ay sən öləsən!..
Bir qətrə göz yaşıBir tərəfdən sarıqlı axundlar düşüblər mömin müsəlmanların canına və onları inandırırlar ki, hər kəs imam yolunda bir qətrə göz yaşı töksə, axirətdə onun cəmi günahları bağışlanacaqdır. Avam camaat da bu sözlərə inanıb, mahi-məhərrəmdə kəsbkarını buraxıb, imam yolunda ağlamaqdan gözlərini kor edibdir ki, bəlkə axirətdə onun günahları bağışlana.Bir tərəfdən də mahi-məhərrəm yavuqlaşanda avam camaatın halına yanan cavanlar başlayırlar möminlərə dəlil-nəsihət eləməyə ki, elm və sənət dalınca getsinlər, yalançı axundlara inanmasınlar, imam yolunda gözlərinin işığını zay etməsinlər, çünki min gün və min gecə də imam yolunda ağlasan, bunun sənə bir çürük qəpikcə mənfəəti ola bilməz.
Traktor və əli şiəsiTraktor ibarətdir elə bir maşından ki, onun dalına bir neçə kotan dəmirini bağlayırsan, bir saatın müddətində az qalır bir desyatin yeri əkib çıxsın başa.Əli şiəsi də ibarətdir elə bir yaranmışdan ki, onun gecə-gündüz fikri-zikri cənnətin qəbzini mollalardan yalvarıb istəməkdir.
Başqa şairlərin şeirləri · Satira
Qaçın, qaçın, yol verin, atlandı Nasirəlmülk!Avropadan Tehrana, yollandı Nasirəlmülk!
Yubiley aşiqiYubiley istəyirəm, yubiley istəyirəm,Çox az şey istəyirəm, çox az şey istəyirəm,
GörürəmTazə şəhərdən Qəyyur əyyar əfəndiyə oxşatma*Arifin hər işi dünyada fənadır, görürəm,
Lə’nət sənə, ey cəhl, nə bidad ediyorsan!Lənət sənə, ey cəhl, nə bidad ediyorsan!Hər gün yeni min məl’ənət icad ediyorsan!