Tazə şəhərdən Qəyyur əyyar əfəndiyə oxşatma

Arifin hər işi dünyada fənadır, görürəm,Arif olmaq özü bir başa bəladır, görürəm.

Qədrü qiymət hanı ol rind qoya ürfanə?Ya ki, əql əhlini zənn eyləməyə divanə?Arifin haqq sözünə söyləməyə əfsanə,Can deyilmi, olasan məsti-meyü meyxanə!Xalq hamı maili-mey, zövqü səfadır, görürəm.

Nə gərəkdir mənə, fəryad qılam millət üçün,Ya ki, sərf eyləyəm övqatımı milliyyət üçün?Ya verim badi-fənaya özümü qeyrət üçün,Nolur hasil mənə, aya, bu qədər zəhmət üçün?Mənim haqqımda həqiqət, bu cəfadır, görürəm.

Millətin möhnətinə yandım əbəs sübhü məsa;Etmədim kamimcə dəhrdə bir seyrü səfa,Der idim, xalq məni zənn eləsin, həm ürəfa,Tutalım, oldum əfəndi, ürəfa ya üdəba,Baxıram halinə, ölkə ürəfadır, görürəm.

Sevirəm mən bunu, əlhəqq, bu imiş ünsiyyət,Qoyasan adını dünyada fəqət intiligent,Lakin heç bilməyəsən kim, nə imiş milliyyət,Olasan sübhü məsa maili-eyşü işrət,Mey içib söyləyəsən, ruhə qəzadır, görürəm.

Arif olmaq yaraşır boynuyoğun, şişpapağa,Xəlq gördükdə onu bəzmdə dursun ayağa.Xoş gəlibsiz, – hamı bir yerdə desinlər: – ay ağa!Hörmətin tutmasalar “movzeri” çəksin ayağa,Dəhrin övzayi-əzəldən bu binadır, görürəm.

Tazəşəhr içrə nə qədri görürəm, vardır ədib,Elmü tarixə bələd, cümləsi hər dərdə təbib,Gəlməmiş əsrə nə bunlar kimi bir “mərdi-nəcib”,Aşina zənn eləyirlər kimi gördükdə rəqib,Bu əda məndən həqiqətdə cidadır, görürəm.Arif olmaq özü bir başa bəladır, görürəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mey və meyxana