Nə Xızra bağlıdır, nə Məsihə əlacımız,Zəhmətlə hasil olmalıdır ehtiyacımız!

Qılsaq kədərdən ayineyi-qəlbi saf əgər,Haşa ki, səngi-tən ilə sınsın zücacımız.

Bazari-rəzmə çəksən əgər can mətaini,Şəmşiri-abidar ilə artar rəvacımız.

Hürriyyət ilə nəşvü nüma bulmuşuz müdam,Qılmaz qəbul qeydi-əsarət məzacımız.

Bir zərrə ilə məhv qılar əbrü-zülməti,Olduqca nuri-ədl ilə rövşən səracımız.

Düşmən sözünə bavər edib qəflət etməriz,Tutmaz dənilər ilə bizim imtizacımız.

Qət etməyincə rişeyi-ömrünü zalımın,Hərgiz cahanda olmayacaq ibtihacımız.

Daim gərək biz əsgər olaq, istəsək nicat,Yox bundan özgə iştə cahanda əlacımız.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri