Hər kəsdən soruşuram ki, “axır, bizim ədliyyəmiz nə səbəbə münhəll oldu?”, mənə cavab verir ki, “təzə ədliyyə əfradi-salehdən təşkil tapacaq”. “Bəs, belə məlum olur ki, təzə əfraddan təşkil tapaçaq?”. Deyir: “Bəli”. Deyirəm: “Xub, belə məlum olur ki, köhnə əfrad əfradi-saleh cümləsindən deyilmişlər?” Deyir: “Bəli”. “Çox əcəb, indi başlayaq başdan: məsələn, götürək təzə vəzarəti-ədliyyə əzasını. Bunlar ki, təzə deyil, köhnədirlər, azından dörd vəziri-ədliyyə görüblər. Əgər məqsəd köhnələri götürüb, təzələri meydana gətirməkdir, elədə, bəs, bu nə işdir?”. Deyir: “Bilmirəm”.

Deyirəm: “Xub, gələk Təbrizə: ağayani-flan ki, təzə deyillər, köhnədirlər?”. Deyir: “Bəli”. Deyirəm: “Xub, Təbriz ədliyyəsini ki, haman köhnə ağaların vasitəsilə təşkil etmək fikrindədirlər”. Deyir: “Bəli”. Deyirəm: “Xub, söz yox ki, ağayani-flan əfradi-salehdəndirlər”. Deyir: “Bəli, bəli, əlbəttə, xub”.

İndi görək axır təzə nədir, köhnə nədir? Görək köhnələr imiş əfradi-saleh, ya təzələr olacaq əfradi-saleh? Əgər köhnələr əfradi-salehdən idilər, dəxi ədliyyənin inhilalına nə bəhanə var idi? Əgər əfradi-saleh məhz təzələrə deyirlər, bəs, ağayani-flan və ağayani-flan ki, çox-çox köhnədirlər?

Mən bu sözləri danışanda mənə deyirlər ki, “dəlisən”. Danışmayanda ciyərim az qalır içərimdə od tutub yansın. Doğrudan, bəlkə mən dəliyəm?

Amma öz aramızdır, burada yaxşı fürsət düşmüşdü bir neçə ləğəbləri lüğətdə tapıb məna eləyəm; Allah baisin evini yıxsın, bizim balaca uşaq bir dəfə asqırdı, istədim gözləyəm, ta səbir keçsin, mətbəədən adam gəldi ki, tez ol durma, məqalələri gəndər düzsünlər; yoxsa, Xorasandan təzə təqvim gəlib, məşədilər bu saat qurdalayıb bir təzə tətil çıxardacaqlar, ruznamən bir gün dalı düşəçək.

Dəli

“Molla Nəsrəddin”, 28 şaban, 1339 (7 may 1921), №7

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Təbrik

Təmcid edirik haman maarif-dust yoldaşları ki, yeni türk əlifbasını indi meydana qoyublar.Təbrik edirik müsəlman aləminin cəmi əfradını ki, yeni türk əlifbasının tərəfdarıdırlar.

2 dəq
Yeni əlifba nə istəyir

Bizim yazımızda və danışığımızda bir çox hallar örtülü qalırdı. Bu hallar o qədər əhəmiyyətli görsənmirdilər, amma həqiqətdə bizim evimizi yıxan, dilimizi pozan və öldürən, yazıçılarımızı çaşdıran haman hallar idi.Yeni əlifbamız o halların hamısını açıb aydınca göstərir və onların atılmasını, dəyişilməsini və düzəlməsini çox bərk istəyir.

2 dəq
“Yeni əlifba komitəsi”nin görmüş və görəcəyi işlər

May ayında latın hərfləri tərəfdarları tərəfindən seçilən “Yeni Türk Əlifba Komitəsi” günbəgün genişlənməkdə və qüvvətlənməkdədir. Həm də bir çox maneələri yıxaraq, bir çox qərəzlik və fitnə ilə meydana atılan etirazlara baxmayaraq yaşamaqdadır. Komitəmiz yalnız iki şeyi nəzərdə tutub böyük addımlarla irəliləyir.Onlardan birisi yeni əlifba fikrinin Azərbaycanda 65 illik möhkəm bir tarixə malik olması, o birisi də komitə üzvlərinin və yeni hərflər tərəfdarlarının getdikləri yolun doğru olmasına sarsılmaz bir inam və təmiz bir vicdan ilə baxmalarıdır.

2 dəq
Yaxşı işin tarixi

Hər bir işin ayrıca, özünəməxsus bir tarixi var. Və söz yox ki, işdən də işə təfavüt var: hər bir xırda, mənasız, əhəmiyyəti az olan iş ayırıb, ona tarix qoymaq bir şeyə yaramaz, ancaq axırı xeyirli mənfəəti gözətlənən işləri gözüaçıq millət seçib tarixini yapar. Bu neçə ildən bəri meydana atılmış işlərdən biri hər bir millətini sevən şəxsin diqqətini hökmən cəzb etməlidir. Bu iş qız məktəblərinin artması və tərəqqisidir. Məktəblərimiz sırasına iki ildən bəri iki qız məktəbi daxil olub: biri Bakı darülmüəllimatı, biri də ali pedoqoji institutdur. Bunlardan ikincisinin məqsədi gələcəkdə balalarımıza orta məktəblərimizdə ali təhsil görmüş müəllimlər yetirməkdir. Bu günlərdə bu məktəbin dövlətimiz tərəfindən təsdiqi gözlənilir.Qəzetimiz bu məktəbin açılmasını təbrik edir və deyir ki, bir millətin yarısı savadsız qalsa, o millət mədəniyyət yolunda tərəqqisindən biryolluq əl çəkməlidir.

1 dəq

Başqa şairlərin şeirləri · Satira