Qədim əsrlərdə də avam camaatı möcüzələrlə aldadırdılar ki, avamın başını qatıb onu yükləmək asan olsun və onun südünü sağmaq (yəni istismar eləmək) asan olsun.

İndiki əsrdə də hərdən bir oyunbazlar zühur edir və hər növ bicliklərlə sadədil zəhmətkeş camaatı iğfal edirlər ki, onların ciblərinə sahib olsunlar.

Bu müqəddimədən sonra keçək rəvayətimizə: Əbu Haşim Cəfəri rəvayət edir ki, bir gün küçə ilə keçirdim, gördüm yolun üstündə bir yekə sərp it durub, mənim üstümə elə bir qeyzlə hürür ki, gördüm ki, bu heyvan qoymayacaq buradan keçib gedim. Buradan qayıtdım və küçədə əsrin imamı həzrət Əbülhəsən Əli Ənnəqi Əlhadi səlləlahü səlləmə rast gəldim və itin əhvalatını həzrətin xidməti-basəadətinə ərz etdim. Həzrət mənlə bərabər itin yanından gəldi keçdi, Allahın heyvanı quyruğunu qısıb çəkildi kənara. Ancaq mən itin mənə olan kəmiltifatının səbəbini o həzrətdən sual etdim. Burada İmam Əli Ənnəqi geri çönüb itə ərəb dilində ded: “beynə əlqəziyyəti əlləti vəqəə lil-rəcül”.

Burada heyvan dilə gəldi və dedi...

Bəli, çün burada səhifəmizin darlığından itin uzun cavabını dərc edə bilmədim, ancaq məqsəd imamın möcüzatından bir fəqərə oxucuların nəzərinə yetirməkdir.

Əsrimizin möcüzələrindən də bir növünə bu günlərdə sirkdə bir nəfər “turama” adlı oyunbazın fokuslarıdır, necə ki, qəzetlərdə və elanlarda hər gün camaata xəbər verilir ki, əsrin imamı “turama” şirləri və nəhəngləri kiridibdir, necə ki, imam Əli Ənnəqi küçənin sərp itlərini kiridirdi.

Ancaq qədim möcüzələrlə indiki möcüzələrin bir təfavütü var: təfavüt budur ki, qədim əsrlərdə camaat o qədər avam idi ki, imamların möcüzələrini tənqid etməyə nə elmləri və nə cürətləri var idi, amma indi hər kəs ki, sirkə gedir və “turamın” oyunlarına diqqət edir, görür ki, burada bir biclikdən və adam aldatmaqdan savayı bir özgə mətləb yoxdur, o yerə də gəldikdə ki, nə məqsəd ilə bu oyunbazlıqlara icazə verilir, bunu da tək bircə Allah-taala özü bilər (bizə dəxli yoxdur).

Molla Nəsrəddin

“Molla Nəsrəddin” 30 dekabr 1927, №52

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira