Nə tövr oldusa, bu dəfə adını Sidqi yazdım, çünki “Sidqi” çox şirin düşür. Bəlkə ondan ötrü ki, mərhum Sidqini yada salır. Heyf ki, Sidqinin axırına “zadə” qondarırsan və məşhur olan Sidqinin ləzzətini azaldırsan. Xülasə.

Yazırsan ki, tez cavab yazmıram sənin kağızlarına. Bunun səbəbi ikidir; biri budur ki, mən əslində kağız yazmağa tənbələm, bir səbəbi də budur ki, qıçlarım gecə və gündüz ağrıyır. Qoymur rahat olam. İki aydır sağ əlimin baş barmağına yara çıxıb, qoymur qələmimi əlimə alam.

Mən hazırlaşıram gələm, amma bir o qədər də işim var. Əgər 20- sinədək gələ bilməsəm, yüz manatı göndərərəm, verərsən banka, vekselimi oradan çıxardarsan. O vədəyədək Bıxovdan soruş, bil, vekseli hansı banka qoyub. Əgər pulu teleqraf ilə göndərsəm, əlbəttə, ayın iyirmisini gərək keçirməyib, pulu banka verib, vekseli gərək alasan.

Təzə abunə dəftəri barəsində belə eləmək lazımdır: kağız sənə çatan kimi mən göndərdiyim səhifəni ver İsmayıl təzə abunə üçün bir sərlövhə düzsün, onun altından klişeni qoysun və başlar dəxi qoyulmasın. Başların yerinə də nabor düzülsün, jurnal öz qaydası ilə həftə-bəhəftə çıxsın. Yəni kağız sənə yetişən gündən bu növ abunə elanı çap olunsun hər nömrədə.

Curnalın təxirə düşməyi barəsində bir söz jurnalda yazma. Hər kəs ki, beş manat göndərib, biz onun jurnalını təzə ildən kəsmənik, ta ki, əlli iki nömrə ona çatmayınca. Yəni təxminən təzə ilin onuncu nömrəsinədək. O vədəyə təki mən özüm, söz yox, gələrəm və danışarıq.

Mən bilmirəm poçtdan pul alırsan, ya yox. Əgər alırsansa, nə tövr alırsan ki, mənim imzam yoxdur? Əgər almırsansa, nə əcəb ki, bu qədər vaxtda heç səsin gəlmir?!

Bu kağızın içində Artistiçeski klubun kağızını göndərdim. Əhmədə de ki, o kitabları ki, klubdan alıb, kimə veribsə, tapıb aparıb versin yerinə, çünki mənim xəbərim yoxdur.

Gələn poçt ilə məqalə və şəkil göndərərəm.

Hələ ki, xudahafiz.

Cəlil

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Şahsevənlər

İndiyə təki hər nə yazmışıq, hər nə danışmışıq hamısını zarafat hesab eləyiblər; halbuki, yazdıqlarımızın çoxu zarafat babətindən yazılmayıb, bəlkə lap doğrudan-doğruya yazılıb. Götürək məsələn, indiki şahsevənlər söhbətini. Aya bu söhbət indi görək zarafatdır, ya qeyri zarafat? Məsələn, bu saat şahsevənlər İran sərhədini keçib bu taya, Muğan tərəfindən başlamış yalan-gerçək deyirlər ki, gəliblər Hacıqəbul dəmir yolunu kəsib, istəyirlər dəmiryol körpülərini dağıdalar. Guya şahsevənlərin bu iqdamatı rus qoşunları İranda göstərdikləri qanunsuzluqlara cavabdır. Guya belə də deyirlər ki, şahsevən qəhrəmanları tərəfindən rus qoşunları sərkərdələrinə işarə olunub ki, əgər bundan sonra da ruslar müsəlman haqqında zülm-flan eləsələr, o vədə flan və flan.Şahsevənlər barəsində bu sözləri danışanlar biçarə ruslar, ermənilər və gürcülərdir. Və bizim bəxtimiz orada kəsib ki, bu şayiələrə və bu rəvayətlərə qail olan ruslar, ermənilər və gürcülər şahsevənləri tanımırlar. Və bizim bəxtimiz elə orada kəsib ki, tanımırlar. Və bizim başımızın ucalığı elə oradadır ki, ruslar, ermənilər şahsevənləri tanımırlar və bizim xoşbəxtliyimiz və başımızın ucalığı oradadır ki, ruslar şahsevənləri tanımırlar.

2 dəq
Millət

“Millət” ləfzi İranda yoxdur. Nə qədər ki, qamusları vərəqlədim, nə qədər ki, camaat içində dolandım, – “millət” sözünü nə eşitdim, nə də bir kitabda gördüm.O yerdə ki, lüğət kitabında gərək yazılaydı “millət”, orada “millət” əvəzinə yazılıb: “şəxs”. O yerdə ki, söz düşəndə gərək sözü danışıla – orada “əşxas” ləfzi istemal olunur.

2 dəq
Təzvir ustadları

– Ağa, mərhəmətiniz artıq.– Ağa, lütfünüz artıq.

1 dəq
Fahişəxana

Mən Təbrizə gəlməmişdən elə bilirdim ki, fahişəxana pis şeydir; məsələn, Tiflisdə görürdüm ki, fahişəxananı ermənilər də öz məhəllələrinə qoymurdular, gürcülər də və ruslar da öz məhəllələrinə qoymurdular. Müsəlmanlar da qabaqca qoyurdular, amma gördülər ki, xaçpərəst tayfaları qoymurlar, bunlar da fikirləşdilər-fikirləşdilər, axırda istixarədən sonra qərar qoydular ki, fahişəxananı öz məhəllələrindən kənar etsinlər.Amma elə ki, mən gəldim Təbrizə, gördüm ki, bu şəhərdə müsəlman məhəllələrində dörd yerdə fahişəxana var və bihayə qızlar balkona çıxıb, mədrəsəyə gedən islam balalarını qonaq dəvət edirlər. İndi mən də, doğrusu, çaşmışam, bilmirəm fahişəxana yaxşı şeydir, ya pis şeydir? Əgər deyim ki, yaxşı şeydir, axır öz aramızdır, insafən danışsaq, görərik ki, yaxşı deyil; o səbəbə ki, əvvələn, fahişəxana millətin əxlaqını xarab edir. Saniyən, orada cavanlar nagəhan bəlalara düçar olurlar və əlacı olmayan dərdlərə düşürlər. Salisən, bizim şəriətimiz də belə-belə qəbih işləri günahi-kəbirə cərkəsinə yazıb.

1 dəq

Başqa şairlərin şeirləri