İndiyə təki hər nə yazmışıq, hər nə danışmışıq hamısını zarafat hesab eləyiblər; halbuki, yazdıqlarımızın çoxu zarafat babətindən yazılmayıb, bəlkə lap doğrudan-doğruya yazılıb. Götürək məsələn, indiki şahsevənlər söhbətini. Aya bu söhbət indi görək zarafatdır, ya qeyri zarafat? Məsələn, bu saat şahsevənlər İran sərhədini keçib bu taya, Muğan tərəfindən başlamış yalan-gerçək deyirlər ki, gəliblər Hacıqəbul dəmir yolunu kəsib, istəyirlər dəmiryol körpülərini dağıdalar. Guya şahsevənlərin bu iqdamatı rus qoşunları İranda göstərdikləri qanunsuzluqlara cavabdır. Guya belə də deyirlər ki, şahsevən qəhrəmanları tərəfindən rus qoşunları sərkərdələrinə işarə olunub ki, əgər bundan sonra da ruslar müsəlman haqqında zülm-flan eləsələr, o vədə flan və flan.

Şahsevənlər barəsində bu sözləri danışanlar biçarə ruslar, ermənilər və gürcülərdir. Və bizim bəxtimiz orada kəsib ki, bu şayiələrə və bu rəvayətlərə qail olan ruslar, ermənilər və gürcülər şahsevənləri tanımırlar. Və bizim bəxtimiz elə orada kəsib ki, tanımırlar. Və bizim başımızın ucalığı elə oradadır ki, ruslar, ermənilər şahsevənləri tanımırlar və bizim xoşbəxtliyimiz və başımızın ucalığı oradadır ki, ruslar şahsevənləri tanımırlar.

Yazıq, biçarə, sadəlövh ruslar elə başa düşüblər ki, şahsevənlər həqiqətdə elə bir qeyrətli tayfadır ki, Urmu və Xoy şəhərində baş verən müsibətləri eşidib baş qalxızıblar ki, belə-belə insafsızlığın və Allahsızlığın qabağını alsınlar. Biçarə ruslar elə qanıblar ki, bizim İranda millətin bir parçasının başı ağrısa, o biri parçası bunun müalicəsinin qeydinə qalar. Yazıq ruslar elə bilir ki, şahsevənlər qeyrətli bir insanlardır ki, doğma qardaşlarının dadına yetişmək göstərirlər. Amma biçarə ruslar bunu heç demirlər ki, “şahsevən, şahsevən” dedikdə bir quldur tayfasıdır: peşələri öz doğma qardaşlarının başlarını kəsib, öz doğma qardaşlarının malını oğurlamaq və öz doğma qardaşlarının evini yıxmaqdır.

Fəqir və sadədil ruslar bunu bilmirlər ki, İran ibarətdir iki hissədən: bir hissəsi zalım və o biri hissəsi məzlum və fəqir rəiyyətdir. Ya zalım şah, vəliəhd, vüzəra və xanlar, şahsevənlər və quldurlardır; ya da ki, dilənçilikdə gün keçirən rəiyyət, fəhlə və kənkandır. Ya şahsevəndir, ya fəhlə. Ya şahdır, ya rəiyyət. Ya hakimdir, ya dilsiz və ağızsız camaat.

Yoxsa İrana yaraşan iş deyil ki, oradan şahsevən nüfuzlu bir qəhrəman xüruc edib politika işinə qarışsın. Belə bidətlər İranın alnına yazılmayıb.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 18 dekabr 1917, №25

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira