Təzə təlim kitabı
Məlum şeydir ki, məktəblərdə təzə üsulla dərs vermək üçün kitablar azdır. Bu səbəbdən millət, vətən adına bir qulluq eləmək niyyətilə yoldaşlarım “Mozalan”, “Hop-hop”, “Lağlağı” və “Hərdəmxəyal”la himmət edib və köməkləşib bir hesab kitabı cəm etmək fikrinə düşdük.
Hər bir məktəb şagirdi bu hesabların birini tapıb, cavabını yazıb idarəmizə göndərsə, ona həmin kitab çapdan çıxandan sonra bir cild göndəriləcək; amma bu şərtlə ki, şagirdin adının axırında “of” ola.
Yazdığımız kitab ibarətdir hesab məsələlərindən ki, ruslar “zadaça” deyirlər.
Kitabın əvvəlinci hissəsi
(Mübtədilərdən ötrü)
Bir külfətdə dörd nəfər uşaq var və hər bir uşağın ayrıca anası. Ev sahibinin neçə arvadı var?
Molla dərs verdiyi kitabın 42 səhifəsi var, hər səhifəni uşaq iki ay oxuyur. Nə müddətdə uşaq həmin kitabı qurtara bilər?
Balaxanıda Talışxanov fəhlənin hər birinə üç yumruq və 17 qəpik muzd verir. Bu hesabla dörd min fəhləyə gündə nə qədər müzd gərək verilə?
Yeri buynuzları üstə saxlayan öküzün bir buynuzu Şamaxı zəlzələsində dibindən qırıldı. İndi həmin öküzün neçə büynüzü qalır?
Uşaq on dörd yaşına çatana kimi, gündə ona iki girvənkə xurma verirlər. Dörd ilin müddətində həmin uşaq nə qədər xurma yeyər?
Rusiyada camaat vəkilləri iki aydır çalışıb bir iş görə bilmirlər. Bu hesabla on iki il çalışsalar, nə qədər iş görə bilərlər?
Molla bir uşağın ayaqlarını fələqqəyə qoyanda on bir çubuq sındırır. Yeddi uşağa nə qədər çubuq gərək hazır edə?
Təbriz bazarında satılan çörəyin bir hissəsi un və üç hissəsi torpaqdır. Bu hesabla Azərbaycan vilayətinin çölləri və dağları neçə ilin müddətində fövt ola bilər?
Ayda Qafqazda bir milyon müsəlman və erməni bizə ömrünü bağışlayır. Bu hesabla beş ildən sonra Qafqazda neçə müsəlman və erməni qalar?
Əkinçi əkdiyi buğdanın otuzdan on hissəsini verir mülkədara, on hissəsini verir molla və dərvişə (yuxu təbiri, qızdırma duası və qeyri zəhmətlərin əvəzində), on hissəsini də qlava və pristava rüşvət və divan xərci. Əkinçinin özünə nə qədər buğda qaldı?
Bir kişi evinə üç dənə alma gətirdi, birini verdi oğluna, birini qızına və birini də özü yedi. Arvada neçə alma yetişdi?
Yetmiş il bundan irəli bina olunan Naxçıvan hamamlarının xəzinəsinin suyu ildə bir dəyişilir. İndiyə kimi bu hamamların suyu neçə dəfə dəyişilib?
Ehsana dəvət olunan molla, xan və bəylər cəm olan kimi küçə qapıları bağlanır ki, fəqirlər həyətə dolanmasınlar. İldə iki min dəfə belə ehsan verilsə, neçə fəqirin qarnı doyar?
İrəvan qubernatoru on dörd ildir ki, bu mənsəbdədir, hər il on dörd müsəlmanı qulluğundan kənar edir. Bu müddətdə qubernator neçə müsəlman çıxardıb?
Müsəlman uşağı dörd il rus dərsi oxuyub evinə qayıdanda anası ilə rusca danışır. Bu hesabla cavan on dörd il oxuyandan sonra nə dildə danışacaq?
Qafqazda təzə müsəlman mühərrirləri yazdıqları hər bir sətirdə beş dəfə “şu” və yeddi dəfə “iştə” kəlməsi işlədirlər. Bu hesabla mətbəələrdə gündə neçə dənə “ş” hərfi tərtib olunur?
Tiflisdə “Svyataya Nina” adlı qız məktəbinin təzə məscidində müsəlman qızları namazı rus dilində qılırlar. Neçə müddətdən sonra Qafqazda müsəlman qızları millətin tərəqqi və təməddünü yolunda çalışmağa qabil olacaqlar?
Şəhərlərdə “Molla Nəsrəddin” məcmuəsini satan vəkillərimizin hər birinə on dörd dəfə kağız göndərilib ki, ələ gələn pulları hər həftə idarəyə yetirsinlər. Bu hesabla otuz iki vəkilə indiyə kimi nə qədər marka verilib?
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 9 iyun və 23 iyun 1906, №10 və 12
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-teze-telim-kitabi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yer üzündə maşallah, üç yüz milyon müsəlman var.Hamısı da keçəldi.
Qorxuram“İrşad” yatan kimi bir neçə gün müsəlmanlar başladılar haray-dad eləməyə ki, “ay aman, qoymuyun “İrşad” əldən getsin!”Mən həmişə bu haray-dadları eşidəndə yanımda oturanlara deyərdim: “qorxuram”.
Xanımlara“Füyuzat”ın 24-cü nömrəsində axırıncı səhifədə “Azad” təxəllüslü şair üzünü xanımlara tutub ərəbcə deyir:Vətən övladının təmini-istiqbalı müşküldür.
Bakının əlacıBakıya lazımdır bir çarə qılmaq, dəxi bundan sonra səbr eləmək mümkün deyil. Heç mümkün deyil səbr eləmək. Bakının üfunəti dünya və aləmə dağılıb qoymur nəfəs almağa.Nə qədər Bakı bu halətdədir, Qafqaz müsəlmanlarının tərəqqisi mümkün deyil, o səbəb ki, hamı gözünü dikib Bakıya və o Bakıdan nicat yolu gözləyir, amma nicat əvəzinə şəhərin müzür həşəratı vilayətlərə dağılıb camaatı puça çıxarmaqdadır. Bakının şöhrəti müsəlmanların fikrini çaşdırır. Cavanlarımız özlərini Bakı qoçularına oxşadırlar, milyonçularımız Bakı milyonçularına oxşadırlar, müəllimlər özlərini Bakı müəllimlərinə oxşadırlar.
Başqa şairlərin şeirləri · Satira
Şurə gəlib şad olun, iranlılar!Qüssədən azad olun, iranlılar!
Vilayətin məğşuşluğu haqqındaMirzə Fətəliyə*Xəbər alsan bu vilanın əhvalın, –
Bir, iki, üç kərəSöyləmişəm bu sözü məxluqa mən,Ay Baba can, bir, iki, üç kərə.
Dad çəkməkdənƏ.Müznib əfəndiyə nəzirə*Tükəndi ömrümüz millət yolunda dad çəkməkdən,