Yer üzündə maşallah, üç yüz milyon müsəlman var.

Hamısı da keçəldi.

Bu bir sözdü ki, mən deyirəm və hər bir kəsin də ixtiyarı var, bu sözə nə cür istəyir baxsın. Bəzi adam deyə bilər ki, “bu nə bir əhəmiyyətli sözdü və bundan nə çıxsın?”. Amma elə bir kəs də tapılar ki, özgə cür deyər; deyər ki, “yox, bu sözün mənası var”.

Hər kəs nə cür istəyir başa düşsün, amma bu saat məndən ötrü hər bir məsələdən vacib, hər bir politika işlərindən, “Koreya məsələsi”ndən, rus və Almaniya padşahlarının görüşməyindən, İran və Osmanlı sərhəddinin vüquatından, Qaaqanın sülh kanfransiyasından, İran və rus məşrutəsindən vacib və lazımlı məsələ “keçəllər” məsələsidir.

Yer üzündə üç yüz milyon müsəlman var, maşallah, hamısı keçəldi.

Deyəsən, başağrısı oldu.

(Mabədi qalsın gələn nömrəyə)

Cırcırama

“Molla Nəsrəddin”, 12 avqust 1907, №30

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Müzəffər! (6 sentyabr 1922)

Deyirlər Həmidə xanım indiyəcən Şuşadadır. Halbuki bu gün sentyabrın 6-sıdır. Uşaqlar isə 15-indən gec olmayaraq burada olmalıdır. Yaxşı olardı ki, bir az tez gəlsinlər ki, dərs vəsaiti və pal-paltarlarını hazırlayaq. Sən Allah, uşaqları ləngitməyin və vaxtında gətirin. Qoy Həmidə xanım da uşaqlarla gəlsin.Cəlil

1 dəq
Həmidə! (7 noyabr 1922)

Bakı*Kağızını alıb sənin və uşaqların naxoşlamağından bərk təşvişə düşdüm. Odur ki, qət elədim gəlim Kəhrizliyə. Sənin üçün fayton və istədiyin bütün şeyləri almışam. Yolda atları da alacaq və elə güman eləyirəm ki, hazır faytonla gələcəyəm. Amma bu vacib işlər gəlməyimi ləngidir: 1) Kəhrizlilərin işi. 2) Dəzgahların, yunun və pambığın sənə qaytarılması və 3) Dəyirmanı təmir eləmək üçün 10 dənə taxta verilməsi. Bütün günü bu işlər üçün idarələri dolaşıram. Bilirsən də, bizdə iş necə daşdan çıxır. Hamımız sağ-salamatıq və Müzəffər universitetə gedir. Əsədin oğlunu tez yola salmağa tələsir və məktubu bu ümidlə qurtarıram ki, yaxın günlərdə görüşəcəyik.

1 dəq
Əzizim Həmidə! (15 noyabr 1922)

Dünən Komissar Qədirli ilə Münəvvər barəsində danışdım. Mən yazmaq istəyirdim ki, Münəvvər Bakıda işləməyə gəlsin. Amma Qədirli məsləhət görür ki, bir neçə ay Ağdam xəstəxanasında təcrübə keçsin. Söz verir ki, sonra orada onu işə düzəltsin. Əgər Münəvvər bunu istəməsə, onda qoy gəlsin Bakıya, burada işə düzəlsin.Dünən Qulam Axundov vasitəsilə sənə kağız göndərdim. Sən nahaq yerə orada oturmusan. Uşaqlar sənin üçün darıxırlar.

1 dəq
Fəzilətli Fərəculla Pişnamazzadəyə (21 noyabr 1922)

Əziz olan qardaşım!Bir vaxt bunu bəhanə gətirdim ki, qoy alma, armud yeyək, sonra razılıq kağızı yazaq. Məlum ki, alma və armud çoxdan yeyildi, qurtardı, amma kağız yazılmadı. Xudaya, yemək nə qədər kağız yazmaqdan asan imiş... Amma keçən-keçib və indi istəyirəm borcdan çıxam. Əvvəla, bu saat uşaqların yanında bu kağızı yazıram. Ənvər deyir: dədə, görəsən, Əhməd nə yekəlikdədir? Qızım Pakizə soruşur: görəsən, Siddiqə xanım nə təhər xanımdı və nə qədər dərs oxuyur? Mən onlara deyirəm bu işləri yazı-pozu ilə öyrənmək olmaz, bunun çarəsi may ayının axırında köçüb Nuxuya yaylağa getməkdir. Vaqeən bu iş yaman olmazdı, həm ziyarət, həm ticarət olardı. Amma, çünki Həmidə xanım bu saat Qarabağdadır, odur ki, indi bu məsələni həll edə bilmərəm, yəni hələ tezdir. Hər halda sizdən nəhayət təşəkkürüm var.

1 dəq

Başqa şairlərin şeirləri · Satira