Haqq söz
Qəzetələr yazır ki, Şamxor müəllimləri acından dilənirlər. Əlbəttə, qəzetələrin sözü haqdır. Əgər maarif müdiri deyir ki, “Mən nə eləyim?”, “Artıq pulu haradan alım ki, müəllimlərə də artıq məvacib verim?”. Əlbəttə, bu da haqdır. Əgər bunun müqabilində Şamxor müəllimləri deyir ki;
– Xob, bizə ki, artıq pul tapa bilmirsiniz verəsiz, eybi yoxdu, biz ötüşərik. Amma bu şərt ilə hamı qulluqçular bizim kimi ayda bir dəfə ət pişimişindən artıq bir şey yeməsin və gecə-gündüz yağ ilə bal içində üzməsin. Bu da haqdır.
Əgər Şamxor müəllimlərinin bir kəlamı da budur ki, onlar iclasa gedib gözlədilər, sədr gəlib çıxmadı və zəhmətləri bihudə getdi. Bu da haqdır.
Əgər bunun cavabında sədr deyir ki, mən iclasa gedəndə tək səbir gəldi, qayıtdım. Bu söz də haqdır.
Əgər Şamxor müəllimləri gündüz cocuqlara dərs verib, yorulandan sonra bir də yekə kişilərə dərs verirlər. Amma kitab yoxdu. Bu da düzdü. Əgər bunun müqabilində Lağlağı da deyir ki, bəs bu qədər mətbəələr gecə-gündüz hədsiz kitab çap eləyirlər, bəs, niyə dərs kitabı gedib çıxmayıb? Bu da düzdü.
Əgər Şamxor müəllimi sinifdə bir uşağın qulağından yapışanda qulaq əzbəski o qədər çirkli olur ki, müəllimin əlindən zuvulduyub çıxır. Bu, düzdü.
Əgər uşağın atası deyir ki, nə yaxşı ki, Şamxorda kooperativdə sabun tapılmır ki, uşağımın qulağını təmiz saxlayım. Təmiz olsaydı qulaq zuvuldamazdı. Uşaq bir az inciyərdi. Bu da haqdır.
Əgər Şamxor doludu azarlı zarınan. Bu söz düz sözdü. Əgər bunun cavabında Şamxor məhəlli hökuməti deyir:
“Mən nə eləyim ki, həkim tapılmır. Çünki Bakıda böyük məmuriyyəti qoyub, heç kəs Şamxora gəlmir. ” Bu da düzdü.
Əgər Şamxora gedən “bakılı” elə bilib ki, iki arşın donmuş qarın altı şosse yolu da elə beləcə düz yoldu, bu bir qəflətdi. Amma düz söz arabanı sürənin sözüdü ki, şossenin ayıbını ancaq qar örtüb. Yoxsa şossenin çala-çuxuruna “Azvin”-in cəmi şərab butulkalarını doldursan, yenə gərək konkordiyadan hələ borc götürəsən.
Əgər bu sətirləri oxuyan desə ki, Lağlağının başına soyuq dəyib, bunun cavabında Lağlağı da and içib, deyə bilər ki, “Vallah, yazmağa bundan savayı bir söz tapmadım”.
Lağlağı
“Molla Nəsrəddin”, 10 yanvar 1925, №2, səh. 4
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-haqq-soz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Lay-lay deyim, yat, ciyərim parəsi,Ağlama çox, ey gözümün qarəsi,
DedilərGördülər yuxlamışam, şad olub oxqay dedilərBir deyirdim ki, duram, yox hələ lay-lay dedilər.
O kimdir?O kimdir: Dəndəli dəndəlani – Küçələri dolaniAxırda alim olar, amma bilməz Qurani?
GörəndəSöylə mənə, ey şapka, nədir səndə əlamət,Baş yendiririk doğrudu bir xanı görəndə,
Başqa şairlərin şeirləri · Satira
Səndən ayrılandan sonra, Nəsir bəg!İstədim qayıram bir nəzmi-göyçək!
Özündən razıYaşadı, həmişə özündən dedi,Göydəki günəşə özündən dedi.
Əvvəl və indiƏvvəl kəbin kəsərdi bir kəllə qəndə molla,Gündə nikah oxurdu dörd-beş həpəndə molla.
Odessa xəyalatıGündən-günə zülmün, a fələk, lap betər oldu,Hər kəs özünə çul toxudu, bəxtəvər oldu.