Məktublarınızı, həmçinin göndərdiyiniz yağı aldıq. Sənə və Müzəffərlə Münəvvərə ona görə gec-gec kağız yazıram ki, uzun məktublar yaza bilmirəm. Naxoşluğum hələ keçib getməyib.

Xəstəliyimə görə MİK-dən də, jurnaldan da getmişəm. Günümü uşaqlarla keçirir və dincəlirəm. Midhət və Ənvər yaxşı oxuyurlar və ümumiyyətlə, xoşbəxtlikdən, onların heç birini oxumağa məcbur eləmək lazım gəlmir, çünki bu barədə onlar ağıllıdırlar.

Midhət ayın 10-u Leninqradın şimalına, Sbir çayına təcrübə işlərinə getməyə hazırlaşır, on nəfər yoldaşı ilə. Xeyli məsrəf lazım olacaq, burada isə indi pul vermirlər. Təkcə palto 150 manatdır. Getməmək də olmaz (xaric elərlər). Bilmirəm, onu necə yola salacağam; necə olsa, gərək yola salam.

Uşaqların dərsi barədə Yusifxanınkı gətirmir. Rəşid yenə pis deyil; Murad isə bilmərrə oxumaq istəmir. Yusifxan məndən xahiş eləyir öyrənim görüm ki, Muradı burada hərbi məktəbə götürərlər, ya yox? Nə mümkünsə eləyəcəyəm və ona yazacağam.

Kefiniz-halınız necədir? Ənvər doqquzilliyi qurtarmaq üzrədir və APİ-yə girməyə hazırlaşır. Zaqsda qulluq eləyir. O, ağıllı bir cavan olub. Mənim sözəbaxan, ağıllı oğlumdur. Midhət, çox güman ki, sənin yanına gələ bilməyəcək. Ənvər şövqlə Kürdəmirə getməyə hazırlaşır.

Münəvvərin paltosu ona necə gəldi? Yağ gəlib çatdı. Çəkisi – 9 girvəngə idi.

Mənə kağız yaz. Müzəffərə və qızım Münəvvərə mənim ürək salamımı yetir.

Yorğanı Blaqovidovnadan istərik və göndərərik. Hələlik, xudahafiz.

Cəlil

Yadımdan çıxdı bayramınızı təbrik eləyim. Uşaqlar üçün bir neçə cür çərşənbə yemişi aldım. Hərəsindən bir az; kişmişdən başqa ki, “nema”.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri