Midhətin bu səfəri məni çox incitdi. Hələ onu demirəm ki, bu istidə havası adamı yandıran Bakıda qalmalı olmuşam, gündə yüz put çiy su içirəm.

İş ondadır ki, ayın 19-da Midhət Leninqraddan 25 manat pul istədi. Həmin gün onun üçün 45 manat göndərdim. Deyəsən, bu barədə sənə yazmışdım.

Ayın 24-də vurduğu ikinci teleqram məni lap mat-məəttəl qoydu. Bu teleqramda əvvəlki xahişini təkrar edirdi: “Poçta, mənim adıma pul göndər”.

Bundan mən belə başa düşdüm ki, o, 45 manatı almayıb. Özlüyümdə fikirləşib, 45 manatın ona çatmamasının səbəbini bu pulu Oktyabr vağzalına göndərməyimdə gördüm. Mən bu pulu ona görə bu ünvana göndərmişəm ki, Midhətin teleqramının üstündə “Oktyabrskiy vokzal” yazılmışdı. Odur ki, ayın 24-də dərhal təcili teleqrafla 50 manat göndərdim və teleqrafla ona bu barədə xəbər verdim.

Bu dəfə mən xatircəm idim ki, dəxi o, pulu alacaq, çünki pulu onun teleqramda göstərdiyi ünvana göndərmişdim: Leninqrad, dovostrebovaniya.

Buna nə deyirsən ki, ayın 27-də ondan belə teleqram aldım: “Ata, 25 manat göndər, yolpulum çatmır”.

İndi özün halımı təsəvvür elə: mənə yazmır ki, əvvəl göndərdiyim pulları alıb, ya yox. Əgər alıbsa, onda nə üçün 25 manat istəyir? Almayıbsa, axı niyə almayıb?

Ayın 27-də teleqrafla tez ona 25 manat da göndərdim və təvəqqe elədim ki, pulu alması ilə yola düşməsi barədə xüsusi bir teleqrafla mənə xəbər versin.

Hələlik ondan heç bir xəbər yoxdur. Belə güman eləyirəm ki, indi yoldadır, qayıdır.

Bəlkə o, nə əvvəlki, nə də sonrakı pulları almayıb? İndi ki, bu çox təəccüblü şey deyil. Bir həftə bundan qabaq Tonyaya da teleqrafla Samara quberniyasına 30 manat göndərmişdim. Dünən o, teleqrafla xəbər verir ki, pulu almayıb.

Bu minvalla Midhətin səfəri məni Bakıdan tərpənməyə qoymur. Bu istidə burada mıxlanıb qalmalı olmuşam. Axı, elə eləyə bilmərəm ki, uşaq uzaq yerdə köməksiz qalsın. O məndən hər gün nəsə istəyə bilər. Mən nə Borcoma gedə bildim, – ki səhhətimə xeyir eləyir, – nə də Kislovodska, – ki vannaları ürəyim üçün çox vacibdir.

Evdə oturub, gecə-gündüz onun yolunu gözləyirəm. Gecəyarısı küçədən keçən hər faytonun səsindən dik atılıb dururam.

Midhət gələn kimi gərək dərhal, zorla da olsa, onu faytona oturdub sənin yanına, Şuşaya gətirəm. Bunu eləməyincə mən Kislovodska müalicəyə gedə bilmərəm.

Sənə və uşaqlara salam. Mənim o biri yaxşı oğlum Ənvəri qucaqlayıb öpürəm.

Cəlil

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri