İran “tacir”ləri
Məlumdur ki, bir az vaxt bundan qabaq Bakıda bir neçə nəfər İran “taciri” yerli hökumət tərəfindən həbsə alınıbdır. Səbəbi də bu imiş ki, həmin “tacir”lər məxfi surətdə qızıl pul alış-verişinə məşğul imişlər, bir surətdə ki, qızıl pul ticarəti hökumət tərəfindən qədəğəndir; o səbəbə qədəğəndir ki, bir belə alış-verişin əhali üçün zərərindən başqa bir mənfəəti ola bilməz, hökumətin maliyyə siyasətinə də böyük zərbədir; çünki qızıl pulu qeyri-təbii surətdə qalxızır və çervon pulu da yenə qeyri-təbii surətdə aşağa yendirir.
Və lakin Molla Nəsrəddinin dünyasına həmin işlərin dəxli yoxdur; ancaq bizi danışdıran bir məsələdir ki, o məsələni qoyub keçə bilmədik.
Axır vaxtlarda qulağımıza çatdı ki, Tehran qəzetləri Bakıda İran “tacir”lərinin həbsdə qalmaqlarına dilgir olublar.
Məlumdur ki, hər bir hökumət öz torpağında yaşayan əfradın xəyanətinin qabağını almaqda muxtardır və bir neçə nəfər İran “tacir”inin tutduqları böyük bir qələtləri üstə həbsə alınmaqlarına Tehran qəzetləri gərək siyasi rəng verməyə idilər; zira Tehran qəzetləri gərək bunu bilə idilər ki, Şura hökuməti öz torpağında yaşayan İran təbəələrinə heç bir vaxt əbəs yerə sıxıntı verməyibdir.
Və lakin, bu günlərdə əhvalatdan vaqif olduq və iranlıların bizdən giley-güzarının səbəbini bildik.
Tehranda təb olunan “Gülşən” qəzeti 6 dekabrda 709 nömrəli nüsxəsində yazır ki, gərək Bakı hökuməti İran tacirlərini həbsə almayaydı, o səbəbə ki, taciri incitmək olmaz, o səbəbə ki, “tüccar dər tamam dünya möhtərəmənd”.
Demək, burada iş açıldı: Tehran qəzetləri onu demirlər ki, Bakıda həbsə alınan “tacir”lər müqəssirdirlər, ya günahsızdırlar. Ancaq onu deyirlər ki, ümumiyyətlə, hər yerdə olsa-olsun, kim olur-olsun, tacir tayfasını incitmək olmaz; çünki tacir tayfası möhtərəm bir tayfadır.
Amma, öz aramızdı, bu söz çox qəribə sözdür: biz indiyədək dünyada spekulyantları əbəs yerə bu qədər məzəmmət edirdik. Məlum olur ki, bunlar çox möhtərəm və İran qəzetçiləri aləmində böyük bir ehtiram sahibləri imişlər.
Biz indiyədək qəflətdə imişik.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 22 yanvar 1927, №4
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-iran-tacir-leri
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qış fəsli idi. Hava şiddətli soyuq idi. Biz iki nəfər seyid, İran əhli, Araz çayından Rusiya torpağına keçib axşam vaxtı özümüzü yetirdik “Zurnalı” kəndinə. Vətəndə günümüz məşəqqət və korluqla keçirdi. Rus məmləkətinə səfər eləməyimizin səbəbi bu idi ki, buranın müsəlman əhalisindən həmişə mehribanlıq görüb əhli-əyalımıza az-çox ruzi əxz edib, vətənimizə geri qayıtmışıq. Allah razı olsun bu vilayətin müsəlmanlarından; ayda bir dəfə bunlara qonaq oluruq.Kəndə yetişib xəbərdar olduq ki, buranın camaatı axşamlar kəndin mötəbər ağası və ağsaqqalı Bala Sultanın tövlə otağına cəm olub uzun qış gecələrini orada söhbət ilə yola verirlər. Biz üz qoyduq həmin Bala Sultanın tövlə otağına.
Usta ZeynalMuğdusi Akop adlı erməniyə böyük oğlundan teleqraf gəldi ki, Tiflisdən çıxdı. Bu cavan Moskvanın darülfünununda dörd il yarım təhsil edib, dərsini itmama yetirib, vətənə gəlirdi və həmin dörd il yarımın müddətində ancaq üç il bundan əqdəm bir dəfə valideynini görməyə gəlmişdi.Bu xəbər Muğdusi Akopu, övrətini, xırda oğlunu artıq dərəcədə şad etdi: üç ilin ayrılığından sonra universitet dərsini qurtaran övladla görüşmək xoşbəxtlikdir.
İranda hürriyyətBizim məscidin dalında, qapının səkisində əlli-əlli beş yaşında bir kişi oturub kasıblıq edir; bunun peşəsi bisavad müsəlmanlara və çox vaxt İran qəriblərinə məktub yazmaqdır. Bu kişinin adı Məşədi Molla Həsəndir.Məşədini burada yayda da görmək olar, qışda da, payızda da və baharda da.
Pirverdinin xoruzuQasım əminin övrəti Həlimə xala çörək yapırdı.Hər dəfə çörək pişirən vaxt Həlimə xala iki, ya bəlkə üç övrət qonşularından özünə mədədçi çağırardı və gahdan bir Təzəkənddən bacısı Zibeydəyə də xəbər verərdi ki, gəlib ona kömək eləsin.
Başqa şairlərin şeirləri · Satira
Bir söylə görüm məktəbi-irfan nəyə lazım?Təhsili-ədəb, dərsi-dəbistan nəyə lazım?
KontorçularımızAman, kantorçularımız, dad sizdən,Bizi zar eylədiz, fəryad sizdən!
Ağam caniÜzümdə zahir etsəm nuri-imani, ağam cani,Düşürrəm ərşi-əladən Məsihani, ağam cani.
Çox yaşa!Ay bərəkallah sənə, Kamil paşa!Qəlyanı çək, qəhvəni iç, çox yaşa!