İrəvandan (xəbər)
Şəhər dumamızın son növbəti iclasında başqa məsələlər cümləsində su kəməri məsələsinə də baxıldı. Görəsən, bədbəxt şəhərimizə su kəmərini görmək qismət olacaqmı? Cənab Babova verilən konsessiyanın təsdiqi işi güc-bəla başa çatmaqda idi ki, ortaya təzə bir maneə çıxdı. Səhər dumasına tacir İsay Canpoladovun bu məzmunda bir ərizəsi yetişdi ki, o, su kəmərini şəhər üçün daha əlverişli şərtlərlə çəkməyə hazırdır. Şəhərin bu iki ağadan hansını seçəcəyini qabaqcadan demək çətindir; amma bir şey şəksizdir ki, hələlik bu məsələ dedikcə ləng həll olunur. İndilik belə bir sual ortaya çıxır: C. Babovla bağlanıb, artıq müvafiq başçılar tərəfindən bəyənilmiş müqaviləni ləğv etməyə dumanın haqqı varmı? Hazırda duma məmurları bu hüquqi sualın cavabı üzərində baş çatladırlar.
Bu iclasda irəvanlı Məşədi Abbas Xararatovun boş qalmış şəhər torpağının ona icarəyə verilməsi barədə ərizəsinə də baxıldı. Duma bu ərizəni yekdilliklə rədd etdi. Yerli tatarlardan bir başqasının eyni məzmunda ərizəsinin də başına o işi gətirdilər. Lakin bu cür məsələləri həll etmə üsulu olduqca maraqlıdır. Sədr məlumat verir: “Məşədi Abbas ərizə vermişdir ki,...”, sədr sözünü qurtarmamış duma üzvlərinin səsi eşidilir: “olmaz”; yaxud da belə olur: sədr məlumat verir: “İrəvan şəhərinin sakini kərbəlayı Cəfər Əli oğlu uprava idarəsinə ərizəsində xahiş edir ki,... “ Qlasnılar içərisindən “olmaz”, “olmaz” sözləri eşidilir. Bu surətlə duma məzmunu ilə tanış olmadığı ərizələr haqqında qərar çıxarır.
Sonra şəhərin çəki işlərini icarəyə götürmüş şəxsin ərizəsi haqqında məlumat verildi. Həmin şəxs xahiş edir ki, keçən ilin dekabrından bəri pambıq firmalarından şəhər upravası hesabına vüsul olan tərəzi pulunu yığmaq üçün ona ixtiyar verilsin. Məsələ ondadır ki, dekabr ayınadək tərəzi pulunu şəhər təsərrüfatı idarəsi yığırdı. Dekabr ayında isə bu iş indi tərəziləri icarəyə götürmüş şəxsə icarəyə verildi, lakin müxtəsər dekabr müqaviləsində göstərilməmişdir ki, yerli pambıq firmalarından alınan tərəzi pulları kimin hesabına vüsul olmalıdır, odur ki, müqavilədə gözdən qaçan bu cəhəti şəhər də, icarəçi də – hərəsi öz xeyrinə izah edir. Duma bu məsələni müzakirə edərək, icarəçinin xahişini rədd etdi.
C. m.
“Kaspi” qəzeti, 28 mart 1902, № 82
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-irevandan-xeber
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mən təəccüb edirəm bir para müsəlman qardaşlara ki, evlərinə kişi qonağı gələndə övrətlərini çıxardıb aparırlar qonaqların yanına və oturub bir yerdə söhbət eləyirlər. Doğrusu, belə bir əməli mən xoşlaya bilmərəm və heç razı ola bilmərəm ki, mənim övrətim dünyada məndən savayı bir kişini görsün, bir kişi ilə danışsın.Və bilirəm də ki, bu məsələ barəsində mənim tərəfdarlarım çoxdur və hədsiz şükürlər də edirəm ki, yer üzünün cəmi müsəlman qardaşları bu xüsusda mənnən yoldaşdırlar.
PyatiqorskHələ yenə nainsaf köhnəpərəstlər mədəniyyətin və maarifin mənfəətlərini inkar edirlər.Ax, namərdlər! Ax, nainsaflar! Məgər görmürsünüzmü ki, otuzqırx il bundan qabaq millətimiz nə halda idi, indi nə haldadır? Məgər kordur gözləriniz?
Dili tutulubGöyçay şkolasında iki yüz şagirdin çoxu müsəlmandır. Bununla belə elmi-ilahi müəllimi ayda səkkiz manat on dörd şahı üç qəpik məvacib alır: yəni müsəlman uşaqlarına ayda səkkiz manat bir neçə qəpiklik dərs verir.Bəzi külfətdə uşaqların biri gözüac olar, anası balalarına aş bişirib paylayanda bu gözüac uşaq hələ payını yeyib qurtarmamış elə hay deyər:
ŞükürBir şey yadıma düşdü: keçən həftə müsəlman qəzetlərində yazılmışdı ki, İrəvan şəhərində bir möhtərəm və dövlətmənd şəxs vəfat edib. Mərhumun adını da yazmışdılar, amma mənim yadımda deyil. Yazmışdılar ki, İrəvan camaatının beli qırıldı; çünki mərhum çox şikəstə-nəfs bir adam idi. Yazmışdılar ki, İrəvan müsəlmanları üçün mərhumun ölməyi bir böyük bədbəxtçilikdir; o səbəbə ki, bu vücud çox səlamət və özgə ilə işi olmayan sakit bir vücud idi. Bir də yazılmışdı ki, mərhum millətin cibindən getdi; çünki mərhum dövlətli mülkədarlardan hesab olunardı və cibində həmişə çox pulu olardı. Müxbir cənabları bu xəbəri yazandan sonra, axırda bunu yazmışdı ki: “inna lillahi və inna ileyhi raciun”.Həqiqət, bu xəbər cəmi müsəlman şəhərlərində xalq arasında bir vəlvələ saldı. Çox danışıqlar oldu və yenə olmaqdadır.