Dünyavü aləm dəyişildi, mənalar özgə təbir əxz elədi, yəni bizim dilcə söyləsək, o şeylər ki əsl mənalarını itirmişdi, qayıdıb əslini tapdı – inna lillahi və inna ileyhi raciun, amma buna hamı qail oldu ki, vətən, vətən, vətən; dil, dil, dil; millət, millət, millət!.. Dəxi bu dairələrdən kənar bəni-növibəşər üçün nicat yolu yoxdur.
Qur’an ayəsindəndir: “Biz Allahın bəndələriyik və [öləndən sonra] Ona tərəf [Onun gərgahına] qayıdacağıq” (Qur’an, “Bəqərə” surəsi: 156) . Bunuyla bərabər, yəni “bavücude inki” hər söz danışıldı, hər mətləbə əl vuruldu, hamı pəhləvanlarımız öz hünərlərini çıxartdılar meydana və lakin bunuyla bərabər bu qədər var ki, bircə lazımlı söz ki, mənim zəndeyizəhləmi aparır – haman söz Azərbaycan Vətənimin üstündədir. Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə gedirəm, xəyalata cumuram, özümdən soruşuram ki:
– Mənim anam kimdir?
Öz-özümə də cavab verirəm ki:
– Mənim anam rəhmətlik Zöhrəbanu bacı idi.
– Dilim nə dildi?
– Azərbaycan dili!
– Yəni Vətənim haradır?
– Azərbaycan vilayətidir.
Demək, çünki dilimin adı türk-Azərbaycan dilidir, belə məlum olur ki, Vətənim də Azərbaycan vilayətidir.
– Haradır Azərbaycan?
– Azərbaycanın çox hissəsi İrandadır ki, mərkəzi ibarət olsun Təbriz
şəhərindən; qalan hissələri də Gilandan dutub qədim Rusiya hökuməti
ilə Osmanlı hökuməti daxillərindədir ki, bizim Qafqazın böyük parçası ilə Osmanlı Kürdüstanından və Bayəziddən ibarət olsun.

      Bilirsiniz bu söhbət haradan yadıma düşdü? Bu söhbət oradan yadıma düşdü ki, keçən həftə Tiflisdə müsəlmanların Milli Komitəsində bir məsələyə baxılırdı ki, aya, bizim bu məclisdə nə dil ilə gərək müzakirə olunsun? Biri dedi rusca, biri dedi osmanlıca, biri dedi ermənicə. Axırda belə qərar qoydular ki, türk dili müəllimlərinin və müəllimələrinin çoxusu türkcə danışmağı yaxşı bacarmır, bu səbəbdən bunlara izn verilsin ki, rusca danışsınlar. O ki qaldı rus darülfünunu oxuyub başa çıxan bəzi üzvlər – bunlara da izn verildi ki, rusca danışsınlar. Və həqiqətdə, mən ki gedib sümük sındırıb illər ilə kafirlər içində əlimi murdar prafessorlara verə-verə elm oxumuşam, insafdırmı ki, bugünkü gündə də oxuduğum elmi gizlədim və rusca danışmayım? Hərçənd məclisdə oturan əsnaflar və hətta axundlar rusca danışılan mətləbləri başa düşmürdülər, cəhənnəmə düşmürdülər, gora düşmürdülər!

      O ki qaldı Bakı qurultaylarında olan səliqəyə, bu barədə yaxşısı budur ki, heç danışmayım; onsuz da, düşmənimiz çoxdur, xəbərdar olarlar və gəlib baxıb və qurultaylarımızda olan nəzmü nizamı görüb bizə göz vurarlar, çünki nədənsə, bizim bədxahların hamısı bədnəzərdir.

      Ax, gözəl Azərbaycan Vətənim! Harada qalmısan? Gəl, gəl, bir gəl gör bizi zornan rusca danışdıran türk qardaşlar bizdən nə istəyirlər. Ay torpaq çörəyi yeyən təbrizli qardaşlarım, ay keçəpapaq xoylu, meşkinli, sərablı, coruslu və moruslu qardaşlarım, ay bitli marağalı, mərəndli, gülüstanlı qulibiyaban
      vətəndaşlarım, ey vəhşi ərdəbilli, qəlxanlı bəradərlərim! Gəlin, gəlin, gəlin mənə bir yol göstərin! Vallah ağlım çaşıb! Axır, dünyavü və aləm dəyişildi, hər bir şey qayıdıb öz əslini tapdı, hər mətləbə əl vuruldu, gəlin biz də bir dəfə oturaq və keçə papaqlarımızı ortalığa qoyub bir fikirləşək görək
      haradır bizim Vətənimiz.

Gəlin, gəlin, ey unudulmuş Vətənin cırıq-mırıq qardaşları!
Gəlin görək beşikdə yad millətlərin südünü əmmiş, Vətənimizdən
yadırğamış və millətimizin ruhundan xəbərsiz bir para millət
başçılarımız sizə nə gün ağlayacaqlar.
Niyə sakitsiz, ey mənim lüt-üryan Vətən qardaşlarım?!.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Münəvvər! (14 iyul 1929)

Bakı*Mən bu saat Borjoma yola düşürəm. İndi özümü bir az yaxşı hiss edirəm. Borjomdan ünvanımı yazacağam. Bu məktubu sənə yazmaqda məqsədim var. Sən qabaqlar Həmidə xanımla yola getmirdin. Ona görə mən bu məktubu sənə yazdım ki, sən ona qulaq asıb yola gedəsən. Əgər sən belə etsən, mən səndən razı qalacaq və səni əvvəlki kimi sevəcəyəm. Sən bunu yadında saxla və yadında saxlamağa da borclusan.

1 dəq
Teymur! (25 avqust 1929, Kislovodsk)

Avqustun axırı üçün mən Bakıda olacağam və ayın axırınacan Şuşaya Midhət, Ənvər və sənin üçün 60 manat yolpulu göndərəcəyəm. Hərçənd mən eşitmişəm ki, sən Şuşada qalmaq və orada hazırlaşmaq istəyirsən, mən buna razı ola bilmərəm, çünki oradakı hazırlaşmanın nə faydası? O biri tərəfdən sən gərək sentyabrın biri üçün Bakıda olasan ki, Əsgərxanın otağına köçüb onu həmişəlik bizim əlimizdə saxlayasan. Əgər sən möhkəm qət eləmisən ki, bu il Bakıya gəlməyəsən, onda, heç olmazsa, bunun xətrinə gərək müvəqqəti gələsən. Güman eləyirəm elə belə olacaq.Tiflisə həkim Yeritsyana Həmidə xanım barəsində məktub yazdım. Bilmirəm ondan bir cavab almışsınız, ya yox! Qoy Həmidə xanım avqustun axırlarında bu barədə mənə, Bakıya kağız yazsın (mən Bakıda olacağam). Uşaqlar avqustun axırından o yana yubanmasınlar.

1 dəq
Mənim əziz qızım Münəvvər! (Bakı, 28 fevral 1929)

Sənin kağızını, həmçinin Müzəffərin kağızını Ənvər gətirdi. Amma çox pis iş görüb ki, dərsə gecikib.Bizdə heç bir təzə xəbər yoxdur, sizdə isə, həmişə də xoş olmasa, daim yenilik var. Amma bu işləri ürəyinə salıb fikir eləmə. Ən vacibi budur ki, növbənöv çəkişmələrə qarışmayasan və cürbəcür naxunəçilərdən uzaqda olasan.

1 dəq
Həmidə! (1929)

Sənin ikinci dəfə yazdığın kağızı aldım və həmin gün Azərbaycan MİK-ə ərizə verdim. İndi sənə Azərbaycan MİK-ə yazılmalı olan müxtəsər ərizənin formasını göndərirəm ki, özün öz əlinlə (əgər bacarsan) yazasan, yaxud başqa bir adama yazdırıb bu ünvana göndərəsən: Bakı şəhəri, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə (zərfin üstünü rusca yazmaq olar). Məktubu poçta verdiyin günü mənə xəbər ver ki, bilim və nə lazımdır eləyim. Sənin səsin sənə qaytarılacaq. Amma sənə məsləhət bilirəm ki, bu barədə heç kimlə bir kəlmə də olsun danışmayasan.Müzəffər uşaqlara yolpulu göndərib onları bayram üçün kəndə çağırmışdı. Lakin Midhət gedə bilmədi. Ənvəri isə mən tək buraxmadım. Pulu məndən yarıbayarı alıb özlərinə xırda xərclik eləyirlər. Bu gün sənə 40 manat göndərilmişdir. Hələlik, salamat qal.

1 dəq

Başqa şairlərin şeirləri