Dünyada mən çox şeyi başa düşdüm, amma bu “İrşad”ın işlərini başa düşmədim. Rəhmətlik oğlu indi də başlayıbdır ki, “mənə müsəlman camaatı beş min müştəri verməsə, qəzeti bağlayacağam”.

Qardaş, bağlayacaqsan bağla, açacaqsan aç, dəxi xalq neyləsin?

Sən Allah, ay müsəlmanlar, insafı qoyun ortalığa, deyin görək, beş min də müştəri olar? Beş min demək nə demək?

Dünən bir İran tələbəsi beş min müştərini barmaqları ilə hesab eləyirdi. Barmaqlarının birini yumdu, dedi: “bu on yüz müştəri”. İkisini yumdu, dedi: “bu iyirmi yüz müştəri”. Axırda hesab elədi gördü ki, beş min müştəri əlli yüz müştəri eləyir. Sonra həmin tələbə istədi beş min müştərinin abunə pulunu cəm eləsin, biri səkkiz manatdan, amma çotqa tapılmadı. Dedi: “bunu da tək bir Allah bilir ki, nə qədər pul elər”.

Qərəz, sözüm orada deyil.

Ay qardaş, beş min də müştəri olar? Həyə zarafat eləyirsən, o bir özgə iş; yoxsa ciddən deyirsən, heç insaf eləmirsən?

Sən də gedib Frəngistanı gəzib gəlibsən, deyirsən ki, “pəh, niyə Şvetsariya Zəngəzur mahalı böyüklüyündə ola-ola oranın qəzetlərinin iki milyon müştərisi olsun, “İrşad”ın beş min də olmasın? Niyə Rusetdə “Novoye vremya”nın üç milyon müştərisi, “Mşak”ın əlli beş min müştərisi olsun, “İrşad”ın beş min də olmasın?”.

Həyə, sən də belə fikir eləyirsən, heyif olsun o elminə ki, Frəngistanın xarabasında təhsil eləyibsən!

Yoxsa sənin fikrin budur ki, biz də bilatəşbih frəng, rus və ya erməni olaq?

Sən bunu özün hamıdan gərək yaxşı biləsən ki, o tayfaların hamısı bikar bir adamdırlar. Həqiqət, Amerikanın Kolumbiya adlı məmləkətində bir qəzet nəşr olunur. Qəzetin adını müsəlman hərflərilə yazsam, qorxuram “kətrənkələ” kimi bir şey oxuna. Qərəz, sözümüz orada deyil. Həmin qəzetin iyirmi altı min müştərisi var. Amma haman vilayətin nüfusunun qədəri ancaq iyirmi bir mindir. Demək ki, bir adam başına bir qəzetdən artıq düşür.

Dəxi aşkardır ki, bunlar hamısı bikarçılıq əlamətidir. Yoxsa nə qəzetbazlıqdır, nə məktəbbazlıqdar, nə elmbazlıqdır? Haradadır elm?

Vallah, billah, mən bilirəm ki, sən mənim bu sözlərimin qabağında mənə nə deyəcəksən; deyəcəksən ki, “onlarda elm var”. Həyə sən bu sözü desən, mən də səndən bir söz soruşaram:

– Gedib Avropanın veyilxanalarında guya elm oxuyubsan, bir mənə de görüm: “asmurş” nədir? Həyə bildin? Di get, dəxi elmdən dəm vurma. “Asmurş” bir cin adıdı. İndi tutaq ki, bilmədin, di qalan cinlərin adını həyə tapdın? Di tap görüm. Hə… Necədi? Di bilmirsən, qoy deyim: “cəmlixa”, “məhmuil”, “zəbəndərə”, “qaruş”, “şaruş”…

Hələ çoxdur; bunlardan savayı yüz cin adı sayaram. Bunları mən həmin İrandan gələn tələbədən öyrəndim. Dedi ki, “kitaba baxaram, qalanların da adını sənə öyrədərəm”.

Elm budur, əzizim! Yoxsa nə Frəngistan, nə qəzet, nə məktəb?

Bir də, sən Allah, məktəbdən-zaddan çox danışma. Xarab olsun o məktəblər ki, sən qəzetində yazırsan! O məktəblərdən çıxan şeytanlar deyilmi? Rusiyanı hərc-mərc edən kimdirlər? Hüriyyət axtaranlar kimdirlər? İrana bomba daşıyanlar kimdirlər? Bir hünərləri var İstambula da getsinlər görüm. Dadanıblar biçarə rus və İran padşahlarına. Bir Osmanlıya keçsinlər, Sultan Həmid onları diri-diri udsun.

Qərəz, sözümüz orada deyil…

Və bir də, ay qardaş, “İrşad!” Axır müsəlmanlardan nə istəyirsən? Bilmirəm sözün nədir?

Ah, fəryad eyləyirsən, söylə fərmanın nədir?
Məqsədin bildir nə şeydir, ahü əfqanın nədir?

Ruznamə nə, nə məktəb, elm və övraq nə?
Bir dəqiqə yox qərarın, suzü giryanın nədir?

Yirmi il keçdi və lakin sən vətəndən keçmədin,
Aləmi rüsva edirsən, söylə vicdanın nədir?

Xanəni viran edər təhsili-məktəbxanədən,
Anladım məktəb nə şeydir, elmü ürfanın nədir.

Etiqadın yox Zünuzlar, ya da Şirvan pirinə,
Boylə olsa qanmıram ta dinü imanın nədir?

Binəva sənsən ki, aldandın camaat qeydinə,
Axırı bir gör nə oldun, malü samanın nədir?

Tulladın dünyada hər bir ləzzəti, nemətləri,
Axirətdə kim bilir huri və qılmanın nədir?

Baxma millət xəstədir, cindarə ümmid et, dadaş,
Bundan özgə ta sözün nə, özgə dərmanın nədir?

Sən deyirsən qoymaram millət təmamən məhv ola,
Valla heç bir kəs də bilməz boylə ehsanın nədir?

Saxla yadında, sənə lazımdı beş min müştəri,
Saxla yadında görək hacı, bəyü xanın nədir?

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 1 dekabr 1906, №35

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Qəssab

Bir dəfə bunu eşitdim ki, qonşu Məşədi Məmmədəli qızını verir qəssab Şamilə. Bir dəfə də eşitdim ki, daha vermir. Axır vaxtlarda deyirdilər ki, Məşədi Məmmədəli qızını qəssab Şamilə verməyə razı olub. Ən axırda genə dedilər ki, Məşədi Məmmədəli qəssab Şamildən inciyib və qızını daha ona vermir.Üç-dörd gün bundan qabaq qəssab Şamil gəldi bizə. Bununla bizim bir yüngülvarı qohumluğumuz da varmış (yəni: özünün rəvayətinə görə). Məlum oldu ki, qızı nəhayət xoşlayıb, amma Məşədi Məmmədəli genə nədənsə, qızını vermək istəmir. Şamil xahiş etdi ki, mən vasitə olam və bəlkə Məşədi Məmmədəlini yumşaldam. Qəbul etdim. Dedim:

5 dəq
Zırrama

Günortadan üç saat yarım keçmişdi gəlirdim mənzilimə. Yorulmuşdum və acımışdım. Az qalırdım evə yetişəm, küçənin ortasında bir nəfər kişi mənə yavıq gəlib salam verdi və yapışdı sağ əlimdən:– Molla əmi, yəqin ki, məni tanımırsan?

6 dəq
Rus qızı

Tarixi-İsəvinin min səkkiz yüz doxsan dördüncü ilində piyada gedən Reynqarten Rusiya tərəfindən gəlmişdi ki, Qafqazdan keçsin İrana, oradan Hindistana, Kitaya, Yaponiyadan dərya ilə gedəcək idi Amerikaya, Amerikadan gələcək idi İngiltərəyə, Firəngistana, Almaniyaya və beləliklə qərb tərəfindən daxil olacaq idi vətəni Riqa şəhərinə.Reynqarten xəyalında qoymuşdu həmin səfəri dörd ilin müddətində tamam etsin; amma elə yadımdadır ki, ancaq altı il ondan sonra Rusiya qəzetləri Reynqartenin Riqa şəhərinə qayıdıb gəlməyini xəbər verirdilər.

11 dəq
Sirkə

Bir neçə gün bundan qabaq bizim ədib yoldaşlarımızın biri gəlmişdi Bakıya və düşmüşdü orta mehmanxanaların birində.Mən və Bakı ədiblərindən birisi bir gün günorta zamanı, getdik haman ədib rəfiqimizin görüşünə. İçəri girdik. Xoş-beş… Görüşəndən sonra oturduq və bir yarım saata qədər oradan-buradan söhbət elədik, sonra istədik duraq çıxaq gedək. Rəfiqimiz də o meyldə oldu ki, bizlə bahəm təmiz havada bir qədər dolansın və üçümüz də çıxdıq küçəyə.

6 dəq

Başqa şairlərin şeirləri · Satira