Rus qızı
Səhifə 1 / 2
Tarixi-İsəvinin min səkkiz yüz doxsan dördüncü ilində piyada gedən Reynqarten Rusiya tərəfindən gəlmişdi ki, Qafqazdan keçsin İrana, oradan Hindistana, Kitaya, Yaponiyadan dərya ilə gedəcək idi Amerikaya, Amerikadan gələcək idi İngiltərəyə, Firəngistana, Almaniyaya və beləliklə qərb tərəfindən daxil olacaq idi vətəni Riqa şəhərinə.
Reynqarten xəyalında qoymuşdu həmin səfəri dörd ilin müddətində tamam etsin; amma elə yadımdadır ki, ancaq altı il ondan sonra Rusiya qəzetləri Reynqartenin Riqa şəhərinə qayıdıb gəlməyini xəbər verirdilər.
Naxçıvana Reynqarten yaz fəsli aprel ayının əvvəllərində gəlmişdi. Mən nədənsə bu cənabı dost tutanların içinə daxil oldum və hətta onlardan da qabağa keçdim; çünki mən də buna qoşulub Naxçıvandan bununla piyada düşdük yola və beş-altı saatın ərzində kəsə yol ilə gəldik çıxdıq Culfaya. Burada Reynqarten üçün artıq hörmət göstərildi, xüsusən qulluqçular tərəfindən.
Bir gün burada qalandan sonra Reynqarten paroma minib Araz çayından keçdi İran torpağına. Mən də camaat içində idim. Yaxşı yadımdadır ki, şiddətli yağış başladı və mənim həmin müvəqqəti və misli az tapılan dostum xurcunu dalında və əlində ağac piyada üz qoydu dumanlı Təbriz yoluna. Nə qədər təkid etdik ki, bəlkə ata ya arabaya minsin, söz yox, qəbul eləmədi; çünki onun da şan və şöhrəti elə həmin piyadaçılıqla idi.
Mən haman gecəni qaldım köhnə rəfiqim və həmşəhərlim Məşədi Qulamhüseynin mənzilində.
Həmin Məşədi Qulamhüseyn neçə illər idi Rusiya Culfasında ticarət edirdi və komisyon işlərinə də baxırdı; yaxşı da güzəranı var idi. Əhlü-əyalı burada olmazdı. Ancaq Məşədi İmaməli adında bir iranlı bunun pişmişini pişirərdi və həmi də ticarət işlərinə kömək edərdi.
Məşədi Qulamhüseyn yaşlı adam idi və hərçənd saqqalını həmişə rəng ilə qaraldardı, amma yaşı əllidən əskik olmazdı. Doğrudur, zahirdə mömin və namaz qılana oxşayırdı, amma batində əhli-damağ idi. Bununla bərabər çox sədaqətli və xoşxasiyyət idi və hər necə olmuş olsa, mən ilə onun dostluğu həqiqi və köhnə idi. Hərçənd yaşımızda təfavüt çox idi, amma meyl-məzağımız bir-birinə çox uyardı. Və aramızda da o qədər zarafat var idi ki, səhərdən-axşamadək deyib gülərdik.
Gecəni yatdım və sabahısı istəyirdim ki, qayıdam Naxçıvana, Məşədi Qulamhüseyn qoymadı. Mən qalmazdım, amma dostum söz verdi ki, sabah mən ilə o da Naxçıvana bahəm gedək. Bu təklif mənə xoş gəldi və haman günü Culfada qaldım. Amma necə qaldım? Məşədi Qulamhüseyn məni axşama kimi güldürdü.
Yadımdadır ki, gecə yerimin içində Məşədi Qulamhüseyn gündüz söylədiyi sözləri bir-bir yadıma salıb gülürdüm. Xüsusən bir əhvalat olmuşdu ki, onu mən o vədə Məşədi Qulamhüseyndən eşidəndən sonra gəlib Naxçıvanda yazmışdım ki, yadigar olsun; amma haman dəftəri mən itirmişəm, yadıma düşən budur ki, indi yazıram.
Söhbət haman rus qızı barəsindədir ki, onun hekayəsi bu balaca kitabçada rəvayət olunur.
Səhər yuxudan bir az gec oyandım. Məşədi Qulamhüseynin samavarı qabaq otaqda oxuyurdu. Dostum özü evdə gözümə sataşmırdı; amma Məşədi İmaməli samavarın yanında səliqə salmaqda idi.
Durdum geyindim, çay içdim. Dostum getmişdi tamojnaya. Çıxdım həyətə və yarım saata qədər orada gəzdim və Məşədi Qulamhüseyn də gəldi. Əlində kağız-kuğuz var idi, yerbəyer elədi. Məşədi İmaməliyə nahardan yana nə isə tapşırdı və mənə təklif etdi ki, çıxaq Culfanı gəzək. Araz qırağı ilə başı aşağı başladıq yavaş-yavaş getməyə. Bir qədər gedib qayıtdıq. Hava çox xoş idi; amma bir azca yel var idi.
Plan ilə təzə tikilmiş evlərin qabağında tək-tük rus əhalisi görsənirdi. Bunlar tamojna qulluqçularının əhlü-əyalı ola bilərdi. Bir dükana girdik, papiros aldıq və genə çıxdıq, başladıq gəzməyə. Burada dostum Qulamhüseyn bilmədim uzaqdan nə isə görüb qayıtdı girdi dükana və mənə dedi:
– Mən dükanda olacağam. Amma sən bu gələn qıza diqqət ilə bax.
Mən durdum küçənin ortasında və gördüm ki, gələn on altı-on yeddi yaşında bir rus qızıdı. Qızın zahiri çox sadə və bəlkə də kasıb nəzərə gəlirdi. Bir qədər diqqət edib gördüm ki, qız vaqeən çox qəribə qızdı: ucaboy, kağız kimi ağ, xeyli lətif və çox gözəldi. Qız keçib uzaqlaşandan sonra Məşədi Qulamhüseyn gəldi yapışdı qolumdan və bir qədər dinmədi, sonra dayandı baxdı üzümə və soruşdu:
– Necə, gördün? – Mən cavab verdim ki:
– Gözəl qızdı.
Dostum deyəsən bir şey fikirləşirdi və məni çəkə-çəkə apardı, bir az kənarda bir daşın üstünə oturtdu və özü əyləşdi. Sonra başladı:
– Əzizim, sən bilirsənmi ki, mən səni nə qədər istiyirəm və bunu da bilirsən ki, mən səndən heç bir sirri gizlətmərəm. İndi mən sənə bir söz deyəcəyəm, amma qorxuram inanmıyasan. And olsun bizim dostluğumuza, and olsun o əzizlərimizin canına ki, həmin bu rus qızı ilə iki həftə bundan qabaq mən elə bir şirin-şirin öpüşmüşəm, necə ki, aşiq ilə məşuq çox illər ayrı düşəndən sonra görüşüb öpüşərlər.
Doğrudan mən istədim şəkk edəm, amma bir tərəfdən dostumun andı, o biri tərəfdən də mənim barəmdə hər xüsusda onun sədaqəti gözümün qabağında durub məni bir halətə gətirdi ki, öz-özümə quruyub mat qaldım.
Bunu gərək qabaqca ərz edəm ki, Məşədi Qulamhüseyn qoca olduğu halda çox da çirkin idi: qabaq dişlərinin çoxu düşmüşdü, qalanları da qaralıb uzanmışdı; bilmək olmurdu onların hansı üst dişləridi; hansı alt dişlərdi. Mən güman edirəm ki, nəinki on altı yaşında gözəl rus qızı, bəlkə altmış altı yaşında çirkin müsəlman arvadı da bundan iyrənib qaça bilərdi.
Mən dostum Qulamhüseynə belə cavab verdim:
– Yəqin ki, qız sənnən öpüşən vaxt kefli imiş.
– Yox, and olsun sənin əziz canına, lap ayıq idi; çünki o qız heç vaxt kefli olmaz və heç vaxt içki içməz. – Dedim:
– Bəlkə qız yuxuda olan vaxt sən gedib onu öpmüsən ki, xəbəri olmuyub. – Dedi:
– Əziz canın üçün lap ayıq vaxtda olub. – Dedim:
– Elədə o öpüşü çox baha qiymətə almısan. – Dedi:
– And olsun sədaqətə, bir qəpiyə də almamışam. – Dedim:
– Əzizim, dəxi mən bir şey anlamadım.
Rəfiqim düşdü qabağa və yavaş-yavaş gəlirdik mənzilə tərəf. Nahar vaxtı deyildi. Mənzilə çatdıq və gördük ki, çay dəmdədi. Məşədi İmaməli çay gətirdi, yaxşı İran qurabiyəsi gətirdi, yaxşı püstə-badam gətirdi qoydu qabağımıza.
Nədənsə rus qızının söhbəti yadımdan çıxmadı. Əgər mən Məşədi Qulamhüseyni yaxşı tanımamış olsa idim, xəyalıma gələrdi ki, şayəd yalan deyir; amma bilirdim ki, rəfiqim mənə yalan deməz. O biri tərəfdən də inana bilmirdim ki, bayaq gördüyüm gözəl rus qızı belə çirkin qoca kişiyə müftə yerə rəğbət edə.
İkinci stəkana qənd salıb başladım qarışdırmağa və istədim qız söhbətini təzələyəm, amma Məşədi İmaməlinin girib-çıxmağı mane olurdu.
Çay içib qurtardıq və Məşədi Qulamhüseyn İmaməlini göndərdi tamojnaya ki, Məşədi Əbdüləli dostunu nahara qonaq çağırsın. Mən fürsət tapıb üzümü tutdum Qulamhüseynə və dedim:
– Mən müntəzirəm. – Dedi:
– Niyə? – Dedim:
– Rus qızının söhbətinin axırına.
Məşədi Qulamhüseyn gülümsündü, amma dinmədi. Papirosunu yandırıb başladı sümürməyə və bir qədər fikrə gedəndən sonra dedi:
– Qulaq as. – Dedim:
– Asıram.
Dostum genə bir qədər fikrə gedib dedi:
– Qoy bu söhbəti bilmərrə qoyaq kənara. – Dedim:
– Yox, Məşədi Qulamhüseyn, əgər sən bayaq nağıl elədiyin keyfiyyəti məhz zarafat üçün düzəldib nağıl eləyirdin ki, ancaq bir qədər gülək, günümüz xoş keçsin, söz yox, daxı bu barədə heç danışmayaq, keçək bir ayrı söhbətə; amma əgər rus qızı xüsusunda rəvayət elədiyin söhbət səhihsə, onda mən səndən acizanə, dostluğumun naminə rica edirəm ki, bu sirri açıb mənə bəyan edəsən. – Dostum dedi:
– Di elədə yaxşı qulaq as. – Dedim:
– Hazıram.
Məşədi Qulamhüseyn belə başladı rəvayət eləməyə:
– Bu rus qızı, necə ki, qabaqca da demişəm, tamojnada dasmotrşik İvanovun qızıdı. Atası bizim tamojnada dörd ildir qulluq edir və çox da yaxşı kişidir. Tamojna qulluğunda onun da mənə yaxşılığı keçər, mən də ona görüm-baxım edərəm. İşlərim yaxşı tutanda ona parçadan, xoşgəbardan sovqat göndərərəm. Özü kimi yaxşı bir arvadı da var, tez-tez məni qonaq da çağırırlar. Mənim, doğrusu, onlara getməyə çox xoşum olmazdı; çünki hər işləri öz qaydasınca yola vurmaq olar, ancaq kifir uşağı kifirlər donquz ətindən əl çəkmirlər. Gözəl qızdan savayı bunların genə iki balaca qızları var: biri yeddi-səkkiz, biri dəxi də ondan kiçik. Qabaqlarda mən onlara gedib gələndə xəyalıma bir şey gətirməzdim; amma axır vaxtlar haman qıza diqqət elədim gördüm ki, vaqeən xeyli gözəldir. Amma çifayda, yaşımın bu vaxtında o cür hurilər ilə dostluq qatmaq bizə, söz yox, qismət olmuyacaq. Xülasə. İki-üç həftə bundan qabaq xaçpərəstlərin pasxa bayramı idi. Mən hər ilki kimi getdim rus və erməni aşnalarımın evinə bayram görüşünə. Qabaqca getdim tamojna nəçərnikinin evinə, ordan poçt nəçərnikigilə və müxtəsər belə-belə axırda gəldim həmin İvanovgilə. Evin içində oxumaq səsi gəlirdi. Girdim içəri, gördüm üç-dörd nəfər rus kişisi, ev sahibi özü, arvadı, qızları stolun başında oturub yeyib içməkdə və oxumaqdadırlar. Məni görcək məclis tamamən “urra” qışqırıb qalxdı ayağa, bir neçəsi qaçdı qabağıma, başladılar məni qucaqlamağa və öpməyə və hər birisi məni öpdükcə deyirdi: “Xristos voskres”, yəni İsa dirildi. Mən istədim mane olam, amma o dəmdə yadıma saldım ki, bu gün bir bayram günüdür ki, xaçpərəst içində öpüşməyi rədd etmək böyük ədəbsizlik və bəlkə də günah hesab olunur. Mən qorxdum ki, bu qanunu pozmaqla ev sahibini həmişəlik özümdən incidəm. Bu da mənim üçün məsləhət deyildi. Qabaqca mən ilə öpüşən İvanov ilə üç nəfər kişi idi ki, bunların ikisini tanıdım: birisi genə bizim tamojnada dasmotrşik Vasilyev idi, o birisi bir cavan oğlan idi. Bunlardan sonra İvanovun arvadı haman kişilər kimi özü yavıqlaşdı və onlar kimi mənim dodaqlarımdan müvafiq qaydada öpdü, çəkildi. Sonra aha… gördüm haman gözəl qız… aha… yavıqlaşır… sənin əziz canın üçün, atamın qəbrinə and olsun, haman sən gördüyün gözəlçə rus qızı, o laləyə oxşayan dodaqlarını gətirib yapışdırdı mənim ağzıma və “Xristos voskres” deyib məni elə öpdü ki, huşum az qaldı başımdan dağıla və çünki mən bunu bilirəm ki, sən məni yaxşı tanıyırsan, bu səbəbə də artıq and içməyi lazım bilmirəm.
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-rus-qizi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əgər desək ki, müsəlman intelligenti qorxaqdır, – insafdan uzaq olar. Müsəlman intelligentinə qorxaq demək olmaz; çünki elə bir məqam və elə bir iş yadıma gəlmir ki, müsəlman intelligentləri orada qorxaqlıq büruzə verələr.Keçən vaxtlarda hökumət məmurlarının qabağına çıxıb cürət ilə söz danışan – müsəlman intelligenti olub.
Rus məxrəciBiz müsəlmanlar, əlbəttə və əlbəttə gərək, bir məxrəcə tabe olaq. Bu bizim alnımıza yazılıb, bunsuz biz müsəlmanlar nəfəs çəkə bilmənik; necə ki, balıq və heyvan havasız nəfəs çəkə bilməz. Bu da bir qismətdir ki, gözə görünməyən və dünya və aləmi yox yerdən xəlq edən Allah-taala həzrətləri biz xoşbəxt millətə təyin edibdir.– Vələzzalin.. .
MillətlərAxır vaxtlarda Qafqazda və Rusiyada qəzetlərdə bir məsələ danışılmaqdadır. Aya səbəb nədir ki, Finlandiya və Ukrayna müstəqil idarə sahibi olmaq yolunda çalışanda Qafqaz millətlərindən bu barədə bir səs çıxmadı; bir surətdə ki, Qafqaz millətlərinin içində elə bir millət də tapıla bilərdi ki, onun istiqlaliyyətə hazırlığı Ukraynadan artıq olsun; məsələn, Gürcüstan. Aya bunun səbəbi nədir? Çoxları buna belə məna verirlər ki, doğrudur, Qafqaz millətlərinin də azad olmaq yolunda çalışmağa haqqları ola bilərdi, amma onları bircə şey saxlayır; o da məhz insaniyyət və ədəblilik.Açığı budur ki, guya Rusiya hökumətinin başının qarışıqlığı vaxtında Qafqaz millətləri istəmədilər hökumətə dəxi də artıq dərd-sər versinlər. Guya Qafqaz millətləri istədilər cavan-mərdlik büruzə versinlər; çünki Qafqaz millətlərinə yəqindir ki, hökumət də axır qanacaqsız deyil, əlbəttə, inşaalah başı açılandan sonra ola bilməz ki, Qafqaz yoldaşlarını yada salmasın.
EhsanAxır vaxtlar qaçqınlardan çox danışırlar (bikarçılıq pis şeydir). Hələ danışmaq nədir ki! Qəzetlərdə də yazırlar (çünki yazmağa söz tapmırlar).Danışırlar ki, Türkiyədən alınan yerlərin əhalisi yaman bir haldadır. Yazırlar ki, İrəvan quberniyasında və İranda müsəlmanlar qan ağlayırlar. Yazırlar ki, bu millətin guya sahibi yoxdur (bəs Bakı milyonçuları?).
Başqa şairlərin şeirləri
پیموده و در میان گرفته
Təcnis: Məcnun olub səhralara düşmüşəmMəcnun olub səhralara düşmüşəm,Zeydsən Leylinin sorağını gör,
Əs indiQorxuram ki qala bu həsrət canda,Əs, ey canım, bad-i-murad, əs indi,
Rəhmət pir ustada, körpü tikənəthumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.