Biz müsəlmanlar, əlbəttə və əlbəttə gərək, bir məxrəcə tabe olaq. Bu bizim alnımıza yazılıb, bunsuz biz müsəlmanlar nəfəs çəkə bilmənik; necə ki, balıq və heyvan havasız nəfəs çəkə bilməz. Bu da bir qismətdir ki, gözə görünməyən və dünya və aləmi yox yerdən xəlq edən Allah-taala həzrətləri biz xoşbəxt millətə təyin edibdir.

– Vələzzalin.. .

– Yox, olmadı.

– Vələzzalin.. .

– Yenə olmadı, məxrəci düz olmadı.

– Vələzzalin.

– Yox belə deyil.

– Vələzzalin.

– Gədə, düz oxu, dilini ikiqat bük, ucunu dirə qabaq dişlərinə, dodaqlarını yumrula, yumurta məxrəcinə oxşasın; “zat”ı bir az nazik çıxart, ancaq iki dişin arasından keçsin, dəxi o biri dişlərinə dəyməsin.

– Vələzzalin.

– Hə, belə ha!.. .

Xudavəndi-aləmdən qabaqca hökm olmuşdu ki, xoşbəxt müsəlmanların mübarək beyni bir övqat ərəb məxrəcinin altında əzilsin və necədə ki, lazım idi əzildi. Bir müddət təhsili-elm və fənn, dünya mədəniyyəti və həqiqi işıqlanmağımız məhz “vələzzalin”in məxrəcindən ibarət idi.

İndi də pərvərdigari-aləmin hökmü budur ki, biz müsəlmanlar bir qədər də rus məxrəci ilə özümüzü bəxtəvərləndirək.

Bunu hamı görür ki, bu saat Qafqaz müsəlmanlarını idarə edən şəxslərin heç birisi müsəlmanca yazıb-oxumaq bacarmır; nəinki bacarmır, bəlkə hələ fəxr eləyir ki, bacarmır.

İndi bu saat Qafqazda bəzi şəhərləri çıxandan sonra çox yerdə milli komitetlərimizdə hər nə danışıq olur – hamısı rus dilindədir. İndi bu saat müsəlman içində o qədər ki, rus məxrəcinin hörməti var, İranda təzə rus təbəəsinin o qədər hörməti yoxdur.

Qafqazın mərkəzi hesab olunan ən baş məclislərimizdə, dünyavü aləm bir-birinə dəyə, müsəlmanca danışılmaz. Elə məclislərdə olmuşam ki, bir tərəfdə əyləşib müfti və şeyxül-islam, bir tərəfdə əyləşiblər müsəlman qardaşlar. Həmin müsəlman məclisində ki, tək bir nəfər də türk dili bilməyən yoxdur, həmin ana məclisimizdə elə qəliz məxrəclə rusca danışıq olur ki, məclisin əvvəlindən axırına kimi şeyxül-islam cənabları bilmir ki, nə danışıldı. Çünki rusca danışılır.

Məclislərin əvvəlindən axırınadək danışıqlar rus dilində əmələ gəlir. Hər bir cavan müsəlman qardaş ki, rus məxrəcində yədi var, özünü verir haman məclisə və danışmağa bir mətləbi də olmasa, milçək uçmağını bəhanə eləyib durur ayağa və əllərini yuxarı qalxızıb qızıla oxşar düymələrini görsədə-görsədə, boğazındakı nişastalı yaxasını düzəldə-düzəldə, ənnik-kirşanla bəzənmiş göz-qaşını məclisdə əyləşən müsəlman qızlarına görsədə-görsədə elə bir yumuşaq məxrəclə rusca danışır ki, guya bu saat sud məclisində dava vəkili kimi prokurora cavab verir. Bunlar hamısı müsəlman cavanlarıdır.

Mən elə qanıram ki, bizim işimiz qurtarıb gedibdir. Elə rus misyonerləri buna çalışırdılar; o qədər ki, levitsiklər, radlovlar və ostroumovlar və bunlardan savayı Miropyev və qeyriləri kimi nə qədər müntəzəm dəstələr nə müddətlərlə çalışırdılar ki, bizləri ruslaşdırıb dilimizdən və vətənimizdən bizi bilmərrə ayıralar.

Məlum olur ki, bu yolda məsrəf olunan rus milyonları səmərəsiz xərclənmədi. Bundan gözəl nəticə olmaz ki, indi biz görürük.

Bəs, bundan sonra nə eləməli? Hələ indiyə kimi olan olub keçən keçib. Bəs, bundan sonra?

İndi biz görürük ki, camaatımız içində hörmət sahibi rusca danışanlardır. Biz görürük ki, millət içində ixtiyar sahibi müsəlmanca savadsız müsəlman qardaşlardır. İndi biz görürük ki, bir məclisdə gurultulu alqışları qazanan rus məxrəcini layiqincə tələffüz edən müsəlman tələbələridir.

Bəs, bundan sonra millətin təklifi nədir? Yenə haman ruslaşmaq yolu ilə getmək, ya qeyri bir yol seçmək?

Qabaqkı yol, yəni haman indiki rusi məktəblərinin və rus təhsilinin yolunu getsək, ruslaşıb xoşbəxt olacağıq və əgər o yolu qoyub milli yol ilə getsək, hörmətimiz o qədər olmayacaq. Nə eləməli?

Doğrusu, mən oğlumu bisavad və lakin rus məxrəcinin tərəfinə göndərəcəyəm. Doğrusu, oğlumu xoşbəxt istəyirəm. Yoxsa ruslaşmaq, müsəlmanlaşmaq mənim qulağıma girməz.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 12 iyul 1917, №16

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Məscid məsələsi

Bəli, çarşab və papaq barəsində maarif komissarı yoldaş tərəfindən sadir olan qərarları oxuduq, məzmunundan xəbərdar olduq və məlum şeydir ki, maarif dairəsində xidmətdə bulunan qadın və “irkaklar” haman qərarda da tabe olmalıdırlar və olacaqlar da və eləyə də bilməzlər olmasınlar.Bununla bərabər “Molla Nəsrəddin” idarəsinə axır vaxtlarda çoxçox məktublar daxil olmaqdadır və məktub sahiblərinin içində qadın yoldaşlarnan bərabər kişilər də vardır.

2 dəq
İsa bayramları

Bəli, İsanın mövludunun bayramı yavuqlaşır. Mən ümidvaram oluram ki, bu il keçən illər kimi bizim Şura məktəblərinin rəhbərləri inşallah və inşallah yenə qədim əsrlərdəki kimi məktəb şagirdlərini Xristiyan bayramlarının şərəfinə və hörmətinə dərsdən azad edəcəklər.Hətta nəinki tək bircə xristiyan balalarını, bəlkə onlar ilə bərabər İslam və yəhudi uşaqlarını da bu nemətlə feyziyab edəcəklər.

2 dəq
Dindar firqəçi yoldaşlar

Şura seçkiləri münasibətilə*İndi, məsələn, bir bikar adam müsəlman firqəçi və komsomol yoldaşların siyahısını qoya qabağına və başlaya həmin yoldaşların dindarları ilə dinsizlərini mülahizə eləməyə və axırda bu siyahıdən dindarları seçə qoya bir tərəfə, dinsizləri də qoya o biri tərəfə, görəsən, hansı hansından çox çıxar?

1 dəq
Pillə-pillə

Necə ki, məlumdur – bu gün bizim bayramımızdır; çünki bu gün biz ərəb əlifbasından xilas oluruq.Aşkar işdir ki, xah ərəb əlifbasından qurtarmaq, xah çadranı və papağı tullamaq – bunlar hələ səhldir: nə eybi var, papaq olmaz – kepka olsun; çadra olmaz – şlyapa olsun, səhldir.

1 dəq

Başqa şairlərin şeirləri · Satira