Səhifə 2 / 2 · 50%

Məşədi İmaməlinin başmağının səsi gəldi və söhbət burada qurtardı.

Məşədi İmaməli naharı hazırladı və çox səliqəli və çox ləzzətli plova və bal qayğanağına bizi qonaq elədi.

Gecəni yatdıq ki, səhər duraq, Məşədi Qulamhüseynlə bahəm Naxçıvana gedək. Sübh tezdən durduq və çayımızı içib, ikiqatlı poçt arabasına mindik və yola düşdük. Atları sürən bir yekə papaq qoca kişi idi ki, yol uzunu mürgüləyirdi. Hava bərk soyuq idi; amma Əlincə çayında gün elə qızdı ki, daha buludlardan kölgə umurduq. Məşədi Qulamhüseyn az danışırdı. Mən bir qədər alçaqdan buna dedim:

– Məşədi Qulamhüseyn, sən bilirsən ki, dünyada sənin tək mənim heç iki nəfər də dostum yoxdur. İndi gərək bizim bu dostluğumuzun xatirəsinə sən mənə ən səmimi qəlbdən deyəsən görəm, haman rus qızı ki, küçədə bizim qabağımıza çıxdı və sən məni xəbərdar elədin ki, mən ona diqqətlə baxım, bəs səbəb nə oldu ki, sən gizləndin və istəmədin ki, qız səni görsün?

Burada Məşədi Qulamhüseyn bir baxdı üzümə, amma dinmədi, sonra qəh-qəh çəkib güldü; o qədər güldü ki, arabaçımız yuxudan oyanıb, əvvəl bizə tərəf döndü baxdı, sonra başladı atları haylamağa. Təkərlərin hay-küyü Məşədi Qulamhüseynin gülməyini basdı və dostum ovcunun içində papirosunu tüstüləyib ağzını tutdu qulağıma tərəf və dedi:

– Utanıram. – Və genə qəh-qəh çəkib güldü. Mən də başladım gülməyə və doğrusu budur ki, heç özüm də bilmirəm ki, niyə gülürəm.

Yarım saatdan sonra gəldik çıxdıq Çeşməbasar kəndinə. Arabaçı atları saxladı, düşdü yerə və başladı atların o qulağından-bu qulağından dartmağa. Sonra qamçısını arabanın içinə tullayıb getdi; haradansa bir bağ yonca gətirdi, saldı atların qabağına. Ağızlarından cilovun dəmirini aldı və getdi girdi çayçı dükanına. Biz də düşdük yerə və bir neçə qədəm kənara gedib bir dik yerdə əyləşdik. Məşədi Qulamhüseyn əlini qoydu dizinin üstünə və mənə dedi:

– İndi sən gərək cəmi əzizlərinin canına and içəsən ki, bu saat burada sənə hər nə nağıl eləsəm, onu nə qədər canın sağdır, bir yanda bir kəsə söyləməyəsən.

Mən and içdim. Məşədi Qulamhüseyn başladı.

– Uca olan Allah-taala cəmi günahkarların günahından keçsin, mən də onların içində. Ağama ərz olsun ki, bayram günü İvanovun evindən çıxdım, düz getdim mənzilə. Nahar vaxtı idi. Məşədi İmaməli çörəyi gətirdi qoydu ortalığa; amma gördüm ki, iştaham yoxdu. Axşam vaxtı bir stəkan çay içdim və güclə bir tikə çörək yedim, yatdım və sübh tezdən durub getdim Araz qırağına. Çayın lil suyu burula-burula, yavaş-yavaş axıb gedirdi və dünyada yaşıyan adamlar ilə işi də yox idi; çünki nə rusların pasxa bayramından xəbəri vardı, nə də rus qızları ilə öpüşməyin dadını anlamışdı. Çayın kənarından qayıdıb bir də gördüm ki, İvanovun evinə tərəf üz qoyub getməkdəyəm. Mərdi-mərdana girdim həyətə və İvanovun qapısını döydüm. Qapı açıldı, qapını açan haman kafirin qızı idi. Mənim indi yaxşı yadımda deyil ki, mən nə elədim, amma bunu bilirəm ki, “Xristos voskres” deyib qucağımı açdım qızın qabağına və istədim qızı qucaqlayıb öpəm.

Məşədi Qulamhüseynin söhbətinin burasında mən daha özümü saxlaşdıra bilmədim və bərk güldüm; amma Məşədi gülmədi və dedi:

– Amma bu zalımın qızı, bu mürüvvətsizin qızı, qoşa əllərini yuxarı qalxızıb tutdu gözümün qabağına və ancaq bunu dedi:

– Poşol k çortu!..

Məşədinin ağzından bu söz çıxan kimi mən elə bərk uğundum ki, arabaçı çayçı dükanından çıxıb başladı mənə tamaşa eləməyə...

Arabanı mindik və yarım saata gəldik çıxdıq Naxçıvana.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Qorxmayanlar

Əgər desək ki, müsəlman intelligenti qorxaqdır, – insafdan uzaq olar. Müsəlman intelligentinə qorxaq demək olmaz; çünki elə bir məqam və elə bir iş yadıma gəlmir ki, müsəlman intelligentləri orada qorxaqlıq büruzə verələr.Keçən vaxtlarda hökumət məmurlarının qabağına çıxıb cürət ilə söz danışan – müsəlman intelligenti olub.

2 dəq
Rus məxrəci

Biz müsəlmanlar, əlbəttə və əlbəttə gərək, bir məxrəcə tabe olaq. Bu bizim alnımıza yazılıb, bunsuz biz müsəlmanlar nəfəs çəkə bilmənik; necə ki, balıq və heyvan havasız nəfəs çəkə bilməz. Bu da bir qismətdir ki, gözə görünməyən və dünya və aləmi yox yerdən xəlq edən Allah-taala həzrətləri biz xoşbəxt millətə təyin edibdir.– Vələzzalin.. .

3 dəq
Millətlər

Axır vaxtlarda Qafqazda və Rusiyada qəzetlərdə bir məsələ danışılmaqdadır. Aya səbəb nədir ki, Finlandiya və Ukrayna müstəqil idarə sahibi olmaq yolunda çalışanda Qafqaz millətlərindən bu barədə bir səs çıxmadı; bir surətdə ki, Qafqaz millətlərinin içində elə bir millət də tapıla bilərdi ki, onun istiqlaliyyətə hazırlığı Ukraynadan artıq olsun; məsələn, Gürcüstan. Aya bunun səbəbi nədir? Çoxları buna belə məna verirlər ki, doğrudur, Qafqaz millətlərinin də azad olmaq yolunda çalışmağa haqqları ola bilərdi, amma onları bircə şey saxlayır; o da məhz insaniyyət və ədəblilik.Açığı budur ki, guya Rusiya hökumətinin başının qarışıqlığı vaxtında Qafqaz millətləri istəmədilər hökumətə dəxi də artıq dərd-sər versinlər. Guya Qafqaz millətləri istədilər cavan-mərdlik büruzə versinlər; çünki Qafqaz millətlərinə yəqindir ki, hökumət də axır qanacaqsız deyil, əlbəttə, inşaalah başı açılandan sonra ola bilməz ki, Qafqaz yoldaşlarını yada salmasın.

1 dəq
Ehsan

Axır vaxtlar qaçqınlardan çox danışırlar (bikarçılıq pis şeydir). Hələ danışmaq nədir ki! Qəzetlərdə də yazırlar (çünki yazmağa söz tapmırlar).Danışırlar ki, Türkiyədən alınan yerlərin əhalisi yaman bir haldadır. Yazırlar ki, İrəvan quberniyasında və İranda müsəlmanlar qan ağlayırlar. Yazırlar ki, bu millətin guya sahibi yoxdur (bəs Bakı milyonçuları?).

2 dəq

Başqa şairlərin şeirləri