Belə-belə sözləri qəzetlərdə çox yazanda mən qorxuram təzə həkimlərimiz bu sözləri öz üstlərinə götürələr. Çünki məlum şeydir ki, bu qədər xərc ki, cavanlarımızın ali təhsili yolunda qoyulur, kənd əhalisi də müntəzir ola bilər ki, darülfünundan ilbəil təhsilini tamam edən təbiblərimiz kəndli qardaşlarını yada salalar və bilələr ki, onlar ziyalı cavanların köməyinə çox möhtacdırlar.

Amma mən bu barədə üzr istəyirəm və qəti surətdə deyirəm ki, novrəs təbiblərimizin kəndistana getməklərinin heç tərəfdarı deyiləm və bu iş də baş tutan iş deyil. Buna iki böyük səbəb var:

Birinci səbəb təzə həkimlərimizin cavanlığıdır. Burada uzun danışmaq istəmirəm, ancaq bunu deyirəm: vallah, insafdan və mürvətdən çox uzaqdır ki, iyirmi-otuz yaşında, şəhərlərdə yaşamış bir cavana deyirsən “get otur skuçnı kəndin bir bucağında və orada kənd əhalisinin yolunda işlə”. Bu birinci səbəb və bu barədə çox danışıq heç lazım da deyil.

Qaldı ikinci səbəb. Bu xüsusda bir qədər fikir edib, məsələnin hər bir tərəfini mülahizə etdikdən sonra bu söhbəti əbədi ortalıqdan götürmək lazımdır.

Mənim sözüm budur ki, təbabət elmini təzə itmama yetirən və təcrübə görməmiş bizim cavan həkimlərimiz, hamısı birdir, kəndə getsələr də, orada görəcəkləri xəstəliklərin çoxunu təşxis edə bilməyəcəklər. Mən bilirəm ki, bunun qabağında sən mənə nə deyəcəksən; deyəcəksən: “xub, necə Bakıda, habelə qəzalarda da təcrübəli həkimlər də var, xəstəxanalar da var. Və cavan həkimlər ki, təcrübəni bəhanə edirlər, qəzalarda da bu təcrübəni ələ gətirə bilərlər”. Bunun da cavabında mən sənə deyirəm ki, “Yaxşısı budur söhbəti burada tamam edək, çünki çox danışan adama lağlağı deyərlər”.

Burada istədim söhbəti tamam edəm, – bir şey yadıma düşdü: qəzalarda həkimlərin azlığı təzə iş deyil. Mənim yadımdadır ki, iyirmi il bundan qabaq Azərbaycan kəndlərini səyahət edən vaxt mən görərdim ki, kəndlilər həkimsiz, dərmansızdır. Məsələn, uşaqlıqdan gözümüzü açıb görmüşük ki, Azərbaycanın Ağdam və Qarabağ kimi böyük qəzasında ancaq üç nəfər həkim və tək bircə xəstəxana var, Cavanşir qəzasında tək bircə nəfər həkim var. Və hər kəs ki, məmləkətə yaxşıca bələddir, bilir ki, qeyri qəzalarda da hələ bundan əskikdir, nəinki artıqdır...

Amma bunun nəticəsi o qədər də pis olmadı; ondan ötrü ki, kənd camaatı o vaxt ki, gördü bir yanda bir həkim və dərman yoxdur, labüd qalıb öz başının çarəsini qıldı. Məsələn, birisi ki, azarladı, çarəsiz qalıb dərdini qonşusu İmaməliyə dedi, o da atasından və babasından eşitdiyi müalicə yolunu göstərdi: Dəllək usta Cəfər xəstənin başının üstünü kəsib qan aldı, Gülsüm xala da şüvərən bişirdi gətirdi, Dostu nənə uşağın burnunu püflədi, Cahan bibi arvadın göbəyini saldı və beləliklə, əcəli yetməyən şəfa tapdı, əcəli yetən də bu namərd dünyanı tullayıb çıxdı getdi həmişəlik axirət evinə.

Amma mənə qalsa, indi söylədiyim dava-dərmandan əfzəl axund molla Məhəmmədin və fazil şeyx Cəfərin bir nüsxə dualarıdır ki, salasan suya, verəsən naxoş içsin.

Sözüm oradadır ki, istər şəhərdən darülfünun təbibləri kəndə getsin, istərsə getməsin, kəndlilər duanın bərəkətindən dava-dərmansız qalmayacaqlar və dünya belə gəlib, belə də gedəcəkdir.

Lağlağı

“Molla Nəsrəddin”, 13 iyun 1925, №24

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci məclis

Ikinci məclis vaqe olur Fazil Məhəmməd ibn Yəqubun evində. Oturub Fazilin övrəti M ə ş ə d i Z e y n ə b, başı aşağı, qəmgin; yanında beş-altı yaşında oğlu H e y d ə r öz-özünə oxuyur. Uzaqdan küçə uşaqlarının qiylü qalı eşidilir və küçə qapısını daşa basırlar. Daxil olurlar dəli M o l l a A b b a s və dəli övrəti P ı r p ı z S o n a. Bunları küçə uşaqları daşa basa-basa qovurlar içəri. Məşədi Zeynəb bunları görcək tez durur ayağa və yerdən başmaq tayını götürüb, atır dəlilərin üstə. Dəlilər ağlamsınırlar və bir tərəfdən küçə uşaqlarından qorxurlar, bir tərəfdən də Məşədi Zeynəbin başmaq atmağından özlərini qoruyurlar.M ə ş ə d i Z e y n ə b (acıqlı). Itilin cəhənnəmə buradan!

192614 dəq
Üçüncü məclis

Küçədə uzaqdan qiylü qal, səs-küy eşidilir; qiylü qal gəldikcə yavuqlaşır və küçədə Molla Abbas görsənir. Onun dalınca Pırpız Sona və bunların dalınca küçə dolusu küçə uşağı bunları daşa basır; dəlilər dinmirlər və bir tövr özlərini qoruyurlar.M o l l a A b b a s. Ay camaat, vallah, bu uşaqlar məni dəli eləyəcəklər.

19267 dəq
Dördüncü məclis

Dəlixana. Dəli M o l l a A b b a s ayaq üstə durub, əlini göyə qalxızıb, moizə edir. Oturublar dəlilər: P ı r p ı z S o n a, F a r m a s y o n R ü s t ə m, S ə r s ə m H e y d ə r, H ə m z a d Q u r b a n, C i n n i M u s t a f a. Dəlilər dəli Molla Abbasın moizəsinə qulaq asırlar.M o l l a A b b a s. (səsnən, avaznan oxuya-oxuya deyir). Əlhəmdilillah rəbbül-aləmin vəssəlatü vəssəlam əla seyidəl-mürsəlin və ilahit-tahirin, əmma bəd....

192612 dəq
Beşinci məclis

Şəhərin kənarı, camaat ayaq üstə, əlləri duada, dodaqları dua vird edir. Çoxu müsafir paltarında zəvvardırlar. Çavuş oxuyur:Düşüb könlüm mənim də iştiyaqə,

192613 dəq

Başqa şairlərin şeirləri · Satira