O idarə qulluqçuları ki, eydi-mübarəki-rəməzanda qulluqdan azad olub, bütün gün gəzməklərinə getdilər, yainki səhərdən axşama kimi evlərində yatdılar, onlar güman etməsinlər ki, onların boynunda dəxi başqa bir təklif yoxdur.

Eydi-şərifi-rəməzanda məktəblərdən, nəşriyyat idarələrindən, maarif müəssisələrindən azad olub tətilə qalmış və bayram şəraitini əmələ gətirməmiş müsəlman və müslimələr şəriət sahibinin yanında müşğüzümmə ola bilərlər.

Sözlərimi heç kim nə səhl saysın, nə də zarafat. Bütün tətil etmiş idarələrdə qulluq edən müslimin və müslimat rəməzan şəraitini bilirlərmi? Bilirlərsə əməl edirlərmi? Bilmirlərsə, zəhmət çəkib Təzəpir məscidində axundlardan təlim alırlarmı? Heyhat!!!

Madam ki, müsəlman qulluqçusu eydi-rəməzanda müsəlman olduğu üçün qulluqdan azad edilir, bizim əqidəmizcə, onları yalnız qulluqdan buraxmaq kifayət etməz. Bəlkə onlara bayram günü nə ilə məşğul olmağı və nə etməyi də öyrətməlidir. Çünki müsəlman olduğun üçun qulluqdan azad olursan – deməli, müsəlman kimi də rəftar etməlisən.

Bu ilki rəməzan keçdi; biz ümid edirik ki, gələn il bu nöqsan aradan götürülər və rəməzan bayramı üçün lazımi idarələr tərəfindən müəyyən təlimnamə bəistilahi-rus instruksiya da “Ramazan-Bayramskaya instruksiya” çap olunar və xidmətdən azad olan cəmi müslimin və müslimat bilərlər ki, məsələn, bayram günü neçə rükət namaz qılsınlar, nə dualar oxusunlar.

Rəməzan bayramını belə etmək lazımdır:

Hər bir namazla, bayram duası ilə və başqa şərt-şürut ilə. Yoxsa tək idarəmizi bağlamaqdan bir şey çıxmaz.

Həmçinin başqa dini bayramlarda da və hətta hamı dinlər üçün ayrı-ayrı təlimat çap eləmək olar.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 24 aprel 1926, №17

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira