Bu saat bir çox yerlərdən xəbər gəlir və bunların da görürsən biri “Amma”ilə qoyur, biri “Lakin” ilə qurtarır. Biri “fəqət” ilə qurtarır, biri “ancaq” ilə qurtarır və habelə. Bunlar bizim yazımızda olmasaydı, işlərimiz çox əla surətdə keçərdi.

Hər gün qəzalarımızdan bir xoş xəbər eşidirsən. Amma axırda görürsən ki, bu xoş xəbərin quyruğunda ya bir “Amma” var, ya “Fəqət” və ya yuxarıda yazdıqlarımızdan biri.

Məsələn, yazırlar ki, Ermənistan cümhuriyyətində Vedibasar kəndində kooperativ çayxanası açılıbdır. Söz yox ki, bu xəbər xoş xəbərlərin biridir. “Amma”... burada bir “Amma” var. O da budur ki, həmin çayxanada qulluqçuların birinə bir stəkan çayı nisyə buraxırlar, o birisinə nisyə buraxmırlar. Bu surətdə ki, qulluqçular bu işdən böyük zəhmətə düşürlər.

(Biçarələr!!!)

(“Zəngi” qəzetəsi)

Deyirlər ki, Ağstafa dairəsi “Poylu” kəndində yeddi yüz nəfər kəndli yaşayır. Fəqət... demək burada bir “Fəqət” var. O da budur ki, bu yekəlikdə kənddə heç bir kəs razı olmur ki, bir lazımı məsələ barəsində danışmaq üçün onun evinə yığışsınlar. Buna görə də kənd iclasları palçıqlı və tozlu küçələrdə baş tutur.

(“Yeni Gəncə”)

Yenə yazırlar ki, Ucar dairəsində qadınlar təşkilatında iyirmi beşdən artıq qadın nümayəndələri var. Amma... amma indiyə qədər qadınlar arasında bir iş görülməmişdir.

(“Yeni fikir”, min altmış doqquz)

Deyirlər ki, Eçmiyədzin qəzasının Hacı Bayram kəndində bir nəfər yaxşı molla var ki, adı molla Səfərəlidir və çox böyük kitablar oxuyubdur. Məsələn:

“Gülüstan” kitabını ikinci babadək.

“Cameyi-Abbasi” kitabını da əzbər bilir. Amma... amma bunun tək bircə eybi budur ki, arvadlara yalandan dua yazır ki, uşağı olsun və bir belə duaya on beş manat pul alır.

(“Şərq qapısı”)

Gəncədə təzə açılan çit fabrikasını Allah mübarək eləsin. O fabrikada bina olunan qəhvəxananın banilərinə Xudavəndi-aləm uzun ömür əta etsin. Amma... amma səd əfsus ki, fəhlələrə verilən xörəklərin içində hər cür həşərat ölüsü üzməkdə olur.

(“Yeni Gəncə”)

Ağdaş qəzası Qazıqumlaq kəndində küy birliyi təsis edilmişdir ki, oradan kəndlilərə kotan, buğda, taxta və qeyri-əşya verilir ki, sonra vaxtı-vaxtında qaytarsınlar. Amma... amma çətini burasındadır ki, kəndlilərin varlısı küy birliyinə borclu düşəndə bir tövr ilə borcunu tapıb qaytara bilir. Amma kasıbı borclu düşəndə bilmir haradan alıb, qaytarsın.

(“Şəki fəhləsi”)

Hamı bunu bilir ki, kəndlərdən şəhərə gəlib darülmüəllimində oxumaq ağıllı işdir. Amma... daxi Gəncəyə deməyiblər. Məsələn bir nəfər bədbəxt tələbə İbrahim Vəlizadə şəhərdən kooperativə mal aparan araba kəndə getdiyi yerdə “Buzdağ” da quldurlara rast gəlir və onlar ilə arabaçılar arasında vaqe olan atışmada İbrahim yaralanır və vəfat edir.

(“Kommunist”)

Başqa məmləkətlərdə olduğu kimi, Naxçıvan ölkəsində də cocuqlar yurdu var. Amma bu yurdda cocuqlara verilən tərbiyə o qədər müsbət nəticə vermir. Çünki uşaqların çoxu 29 yaşındadır. Bu uşaqlar eşitdikləri nəsihəti bu qulaqlarından alıb, o biri qulaqlarından çıxardırlar.

(“Yeni fikir”, 1929)

Lağlağı

“Molla Nəsrəddin” 1 may 1926, №18

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira