Əvvəla cənab Hop-hopdan çox təvəqqə edirik ki, biz təbrizlilərə və bizim hürriyyətə sataşmasın.

Lay-lay hürriyyət!

Yəni necə “lay-lay hürriyyət?!” Hop-hop bizim hürriyyətə deyir “lay-lay hürriyyət”. Yəni Hop-hopun sözündən bu çıxır ki, bizim hürriyyət, Allah eləməmiş, guya yatıb, yainki istəyir yatsın, yainki yatacaq.

“Lay-lay hürriyyət!”

Hop-hopdan çox təvəqqə edirik ki, bizim hürriyyətə sataşmasın! Doğrudur, indiyə kimi bizim hürriyyət yatmışdı, amma indi hophoplar da qoymayacaqlar ki, pişiyim, pişiyim ilə bir tövrnən bu yazıq hürriyyəti yuxudan oyadaq.

“Lay-lay hürriyyət?”

Yəni Hop-hopun sözündən bu çıxır ki, bizim hürriyyətə lay-lay deyir ki, genə hürriyyətimiz yatsın. Məgər dəxi bəs deyil. Min ildən artıqdır ki, bizim hürriyyətimiz yuxuda idi. Məgər min il bəs deyil.

Yəni nə eybi var ki, hürriyyətmiz min ildir yuxuda idi?? Bəlkə elə məsləhət belə imiş. Söz yox ki, məsləhət belə imiş. Məlumdur ki, məsləhət belə imiş. Əlbət ki, məsləhət belə imiş. Çünki əgər məsləhət belə olmasaydı, niyə bəs bu min ilin müddətində bizim müctəhidlərimiz bircə dəfə də demirdilər ki, hürriyyət yaxşı şeydir.

“Lay-lay hürriyyət!!”

Min ildir bizim üləma, füzəla, füzəla və üləmamız deyirlər “Laylay hürriyyət!” Həqiqət, əgər hürriyyətin oyanmağı indiyə kimi lazım olsaydı, yəni əgər hürriyyət yaxşı şey olsaydı, niyə bəs indiyə kimi min-min məzlumun dadü fəryadı müctəhidlərin nəzərində ola-ola ağalar bircə dəfə də yazmırdılar və demirdilər ki, hürriyyət lazımdır.

“Lay-lay hürriyyət!”

Cənab Hop-hopdan çox artıq təvəqqe edirik ki, bizim hürriyyətə sataşmasın.

Məgər min illərin müddətində İranın həbsxanalarında çürüyən günahsız məzlumları bizim müctəhidlər görmürdülər?! Məgər xanlarımızın, mülkədarlarımızın, vəzirlərimizin, hətta fərraşlarımızın yumruğunun altında zıqqıldayan biçarə rəiyyətin sədasını müctəhidlərimiz eşitmirdilər?

“Lay-lay hürriyyət!”

Min ilin müddətində kimdirlər bizə deyənlər “lay-lay hürriyyət?!”

“Lay-lay hürriyyət!”

İndi də Hop-hoplar başlayıblar “Lay-lay hürriyyət!” Belə görürük ki, bu yazıq hürriyyətin bəxtindəndir ki, indiyə kimi min illərdir ki, müctəhidlərimiz bir yandan deyiblər “lay-lay hürriyyət”, indi də bir yandan cənab Hop-hop başlayıb ki, “lay-lay hürriyyət”.

“Lay-lay hürriyyət!”

Bunların hamısı keçəndən sonra biz təbrizlilər bircə şeyə məəttəl qalmışıq: indiyə kimi min illərin müddətində bizim müctəhidlərimiz minlərcə kitablar bağlayıblar, minlərcə risalələr yazıblar, amma biz bu kitabları və bu risalələri nə qədər vərəqləyirik, hürriyyət sözü tapa bilmirik.

Yəni ağalar min illərin müddətində biz müsəlmanlara deyiblər “lay-lay hürriyyət!”

İndi rəhmətliyin oğlu Hop-hop da bir tərəfdən başlayıb “lay-lay hürriyyət!”

Rəhmətliyin oğlu istəyir ki, “pişiyim-pişiyim”nən oyatdığımız hürriyyəti bir də yatırtsın.

İndi bu da bir tərəfdən başlayıb.

“Lay-lay hürriyyət!”

“Molla Nəsrəddin”, 2 oktyabr 1907, №37

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Qız uşağı

Qədim ərəblərin içində bir belə adət var idi ki, qız uşağı anadan olan kimi tutub onu boğarmışlar.Amma şükür olsun Allaha, biz bu barədə ərəblərdən bir az yaxşıyıq. Biz qız uşağını boğmuruq.

3 dəq
Papaq

73-cü nömrəli cənab “Təzə həyat”ın xoşuna gəlmir ki, rus qızları bizim papaqlara gülürlər və papaqlı müsəlmanla bir yerdə gəzmək istəmirlər. Cənab “Təzə həyat” təəccüb edir ki, ruslar papağı bir verstlikdən görüb qaçırlar.“Təzə həyat”ın yazmağından mən belə başa düşdüm ki, cənab “Təzə həyat” burada rus qızlarını və xam rusları günahkar edir, nəinki papağı.

3 dəq
Bizim işlərimiz

Məlumdur ki, bu il çox yerlərdə quraqlıq keçir və əkinlər susuzluqdan yanıb puça çıxırlar. Və bir para yerlərdə camaat müsəllaya çıxıb Allahdan yağış istəyib. Və axırda bu da məlum oldu ki, Allahtaala müsəllaya çıxanların duasını qəbul eləməyib və heç bir yana yağış göndərməyib, necə ki, məsələn, Ağdamda və sair yerlərdə.Ədibi-biəvəz Mirzə Melkum xan “Qanun” ruznaməsində başdan belə yazır ki: “Mən sözümü o kəslərə yazıram ki, adamdırlar”.

4 dəq
Təbriz işləri

İndi şükür olsun Allaha, Təbriz sakitlikdir. Bir müddət bundan irəli, Allah göstərməsin, çox şüluğ idi. Amma indi, Allaha şükür olsun, bir qiylü qal-zad yoxdur. Allah bir də keçən günləri göstərməsin. Yəni məşrutənin xasiyyətindəndir: hər yerə ki, məşrutə gəlir, dünya guya ki, az qalır bir-birinə dəysin. Təbrizdə həmçinin, nə qədər ki, bu zəhrimar məşrutə yox idi, qoyunlar qurdlar ilə otlayırdılar və hərçənd ki, qurdlar acanda qoyunları tutub yeyirdilər, amma genə elə bir qarışıqlıq olmurdu. Amma bu məşrutə çıxan kimi əhali neçə tirə oldu: mollalar ayrılıb bir dəstə bağladılar, Ağa Seyid Haşım bir dəstə bağladı, Ağa Şeyx Səlim bir dəstə bağladı, bir dəstə Ağa Mirzə Əlinin dəstəsi, bir dəstə Xiyaban dəstəsi, bir dəstə Leylaabad dəstəsi, Sürxab dəstəsi, Dəvəçi dəstəsi, Bağmeşə dəstəsi, İsmayıl dəstəsi, Hacı Səməd dəstəsi, Qələbanbaşı dəstəsi, Kərbəlayı Həsən, nə bilim, qurd dəstəsi, meymun dəstəsi və genə bilmirəm nə dəstəsi.Hələ bunlar kifayət edər, sözüm burada deyil. Sözüm burasındadır ki, bu dəstələrin heç biri özgə arzuları və niyyətləri yox idi, məhz istədikləri bir-birini yox eləmək idi. Zalımların gözləri elə qızmışdı ki, ədavətlərinin şiddətindən məşrutə-flan yaddan çıxıb getmişdi Rusiya vilayətinə, yəni getmişdi orada verilən məşrutənin yanına.

2 dəq

Başqa şairlərin şeirləri · Satira