Qız uşağı
Qədim ərəblərin içində bir belə adət var idi ki, qız uşağı anadan olan kimi tutub onu boğarmışlar.
Amma şükür olsun Allaha, biz bu barədə ərəblərdən bir az yaxşıyıq. Biz qız uşağını boğmuruq.
Amma öz aramızdı, qız uşağı bir şey deyil. Mən bunu çox yerdə görmüşəm ki, qız uşağı olan evdə xeyir-bərəkət olmur və çox evə də qız uşağı düşmür. Mənim bir xalam var idi: gəlini oğlan doğanda qırxı çıxana kimi hər gün gəlinə quymaq pişirərdi, amma qız doğanda yavan çörəkdən savayı bir şey verməzdi yesin.
Bu hamıya məlumdur ki, birinin oğlu olanda xəbər gətirib muştuluq alırlar, amma qızı olanda evdə hamı yas saxlayır. Mənə uşaqlıqda nağıl edərdilər ki, mənim anam anadan olanda babam eşidib və istəyib gəlsin anamı boğsun. Amma boğsaydı, deyəsən pis olmazdı: nə mən indi dünyada olardım, nə bu sözləri yazardım, nə də oxucularımıza başağrısı verərdim.
Qərəz, evdə qız uşağı bir şey deyil. Amma söz buradadır ki, dəxi olandan sonra çarə nə: dəxi boğmaq ki, olmaz.
Sonra qız uşağı özbaşına başlayır böyüməyə. İki yaşa çatır, üç yaşa çatır, beş yaşa çatır və axırda gəlib çatır səkkiz yaşa.
Çünki hər bir yaranmış, hər bir canlı şey, hər bir heyvan gərək yavaş-yavaş böyüyə, qız uşağı da öz-özünə yekəlir. Hərçənd ki, heç kəs görmür ki, o yekəlir və heç kəsə lazım deyil onun yekəlməyi, amma qız yavaş-yavaş yekəlir.
Elə ki, qız uşağı səkkiz yaşına çatır, bir gün görür ki, evlərinə üç nəfər arvad xəlayiqi gəldi. Arvadlar bir qədər qızın anası ilə danışıb gedirlər. Qız anasından soruşur: bu arvadlar niyə gəlmişdilər? Anası cavab verir ki, “o sənə borc deyil”.
Axşam olur, qızın atası gəlir evə. Qızın anası əri ilə xəlvətcə bir neçə söz danışandan sonra qızı çağırırlar və deyirlər: a qız, sən indi yekəlib ağıllı-başlı qız olubsan, get ayaqlarını yu təmiz olsun və çadrasız küçəyə çıxma və hər kəs səni bundan sonra danışdırsa danışma. Çünki indi dəxi ayıbdı, maşallah sən ağıllı-başlı yekə qız olubsan.
Sabahkı günü haman üç nəfər arvad genə gəlirlər və bir az keçib qoyub gedirlər. Genə qız anasından soruşur ki, bu arvadlar genə nədən ötrü gəlmişdilər? Genə anası cavab verir ki, “sənə borc deyil”.
Bir neçə gündən sonra qız baxıb görür ki, deyəsən işlər indi özgə işə oxşayır. Gələn, gedən, girən, çıxan, qonaq, çay, şirni, qənd, molla, qışqırıq, flan və flan.
Qız genə anasından soruşur ki, “bu nə qışqırıqdı?” Anası genə cavab verir ki, “sənə borc deyil”.
Axırda qohum-qardaşlardan bir-iki arvad xəlayiqi yığışır, qızı zornan tutub uzadırlar yerə, qaşlarının tüklərindən bir neçəsini qopardırlar, qaşlarına və gözlərinə bir az qara mürəkkəb sürtürlər, yanaqlarına bir az gülnar qırmızısı yaxırlar, alnına və üzünə bir az gəc sürtürlər, başının tüklərindən bir az kəsib tel qayırırlar, sonra qızı durğuzurlar ayağa, çıxardırlar küçəyə, qabağına bir ayna tuturlar və başlayırlar mizləməyi.
Qız ağlayır, gözlərinin yaşını tökür, haray-dad eləyir ki, “axı məni hara aparırsınız?”.
Arvadlar genə qıza deyirlər: “Çox danışma, atan gəlib qulaqlarını kəsər”.
Yəni səkkiz yaşında qızı öz evindən zor ilə, çəkə-çəkə, mizləyəmizləyə, qorxuda-qorxuda aparıb qatırlar bir özgə kişinin evinə və sonra qayıdıb gəlirlər. Qız ağlaya-ağlaya qalır özgə kişinin evində və nə qədər yalvarır ki, “ana, sən Allah sən getmə burdan, barı sən də qal mənim yanımda “. Amma heç kəs qıza qulaq vermir. Çünki qız uşağı evdə bir şey deyil, başdan olmağı hamıdan məsləhətdir.
Sonra qızın qohum-qardaşları qayıdıb gələndən sonra bir zorba kişi gəlir qızın yanına.
Murdar və kafir urusların içində bir belə qayda var: hər kəs bir balaca qıza və yainki yekə qıza zor eləsə, haman adamı tutub göndərirlər on iki il Sibirdə katorqa çəkir.
Amma biz pakizə müsəlmanların da içində belə qayda var: bir kişi balaca qıza zor eləsə, biz haman kişini küçədə görəndə deyirik: “Allah mübarək eləsin”.
Bunlar hamısı necə olur-olsun, amma qız uşağının evdən tez rədd olmağı çox məsləhətdir. Ondan ötrü ki, evdə qız uşağı bir şey deyil.
“Molla Nəsrəddin”, 8 iyul 1907, №25
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-qiz-usagi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu kooperativ bayramını mən heç başa düşmədim və heç bilmədim ki, insanlar neyləmək istəyirlər? Axırı, deyəsən, lap zarafat oldu.Kooperativ – yəni dövlətməndliyi aradan götürmək, yəni sərmayədarçılığın qarşısına birləşmək və ümum zəhmətkeşlərin hərəsinin saqqalından bir tük ayırıb milyonçu yaratmağın qabağını almaq.
Bəxt lazımdırAğstafada dəmir yol işçilərindən Məhəmməd Hacızadə ən zəhmətkeş bir adamdır:1) Zəhmətkeşliyinə dəmir yol idarəsindən əlində vəsiqəsi var.
Gecənin sahibsiz vaxtıYay zamanı gecələr Bakıda şəhəri mühafizət etmək üçün kifayət qədərincə milis nəfərləri vardır; ancaq yay gecələrinin ikicə saat sahibsiz vaxtı var: o da sübh saat dörddən saat beşə və altıya kimidir.Həmin iki saatın müddətində, – mən milis nəfəri tərəfindən üzü istəyirəm, – bu vaxt şəhər bunların ixtiyarından çıxıb keçir aşağıda saydığım vətəndaşların ixtiyarına:
Yoldan azanlarBuzovna və Zuğulba əhalisinin fikrinə gələ bilər ki, bu günlərdə Buzovna və Zuğulbada keflənib biabırçılıq salan və axırda böyük cinayət törədən Sesin və onun həmtayları Lenin firqəsinə sitayiş edənlərdir.Hər kəs bu əqidədə olmuş olsa, böyük qəflət etmiş olacaqdır.
Başqa şairlərin şeirləri · Satira
Əfsus ki, yoxdur yetişən dadına şeyxin,Get məscidə, bax naləvü fəryadına şeyxin.
Zurnaçılar işə başladıZurnasın molla Qəni köklədi saz etdi yenə,Çaldığı nəğməsini dur diraz etdi yenə.
Gözün aydın“Mus-Mus!” deyə, axır Rza xan Mustafalaşdı,Gizlin bəzənib çıxdı üzə, maskasın açdı;
Xəsisin heyfi, varisin keyfiXəsisin heyfi, varisin keyfiŞeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.