Necədir, dadaş? İndi gəldin mənim sözümə? İndi bu qoca Mollanın qədrini bilərsən?

Bir il bundan qabaq sən başlayırdın “Dəbistan” jurnalı çıxartmağa və məndən məsləhət soruşdun. Yadındadır mən sənə nə dedim? Yoxsa yadından çıxıb? Həyə yadından çıxıb qoy yadına salım:

Mən sənə dedim: “dəli olma”. Sən dedin: “yox, “Dəbistan” çıxardacağam. Mən sənə dedim: “başına soyuq dəyib”. Sən dedin: “yox, çıxardacağam”. Mən sənə dedim: “görükür ki, çox pulun var”. Sən dedin: “yox, çıxardacağam”.

Sonra sən mənə dedin: “pəs nə qayırım? “.

Mən sənə cavab verdim ki, “həyə istəyirsən müsəlman içində bir qazanclı iş başlayasan, bir qədər pul götür, özünü ver Zəngəzur və Qarabağ aclarının içinə, adını qoy hacı Əliiskəndər və ac kəndlilərə beş manat ver, on beş manatlıq hüccət al və bir il çəkməsin ki, Qaracadağın anbar sahibi mollasından dövlətli ol”.

Sən dedin: “yox, “Dəbistan” çıxardacağam ki, məktəb uşaqları oxusunlar və qabağa gəlsinlər”.

Mən sənə dedim: “sən sərsəmləyibsən”.

Sonra sən genə məndən soruşdun ki, “pəs nə qayırım?”.

Mən sənə cavab verdim ki, cibinə bir qələmdan qoy, saqqalını uzat, barmaqlarının uclarına həna qoy qızarsınlar və get əyləş müsəlman içində və başla ona-buna dua yaz.

Sən dedin: “yox, “Dəbistan” çıxardacağam ki, millət oxusun və gözünü açsın”.

Mən sənə dedim ki, “bir az az ye, çünki turşdu, ürəyinə dəyər”.

Sən mənə cavab verdin ki, “yox, “Dəbistan” çıxardacağam”.

Mən səndən soruşdum: “kim sənin “Dəbistan”ını alacaq?”.

Sən dedin: “bakılılar”.

Mən sənə cavab verdim ki, “bir qabaqca özünü ver Tyomni ryad çarsusuna, gör mümkündürmü bu tərəfdən o tərəfə keçmək? Gör bir sənin bakılıların çarsuya doluşub nəyə məşğuldurlar”.

Sən dedin: “yox, “Dəbistan” çıxardacağam”.

Axırda sən genə məndən soruşdun ki, “pəs nə qayırım?”.

Mən sənə cavab verdim ki, “bari beynini qaraldıb “Dəbistan” yazınca get heç olmasa dur Bakının azarxanalarının qapısında və dava almağa gələn müsəlman övrətlərinə sataş və onlara tamaşa elə, ürəyin açılsın”.

Mən gördüm ki, bu da sənin xoşuna gəlmədi və sən genə məndən soruşdun ki, “pəs nə qayırım?”.

Mən sənə cavab verdim ki, “get yat”.

Müxtəsər, əzizim, mənim nəsihətlərimin heç birisini qəbul eləmədin və lap axırda mənə dedin ki, “yox, “Dəbistan” yazacağam ki, millətimə bir mənfəət olsun”.

İndi, dadaş, keyfin necədi? Gətir görüm neçə müştərin var? De görüm neçə müsəlman şagirdi sənin “Dəbistan”ını oxuyur? Gətir görüm, hanı “Dəbistan” ının qədrini bilənlər?

Mən sənə demədimmi “biz müsəlmanlara “Dəbistan” zad lazım deyil? Və bir də indi hələ xalqdan nə istəyirsən? Hələ indi ki, yaydı: Qovun-qarpız vaxtıdı, nə “Dəbistan” bazlıqdı?”.

Belədi, qardaşım, belədi dadaşım. İnan mənim sözümə ki, belədi. And içməyə ştraf qoymasaydılar, hər nəyə desən and içərdim ki, belədi.

İndi də ki, qovun-qarpız vaxtıdı, nə “Dəbistan” bazlıqdı?

Qızdırmalı

“Molla Nəsrəddin”, 8 iyul 1907, №25

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Oktyabr inqilabı və şaxsey

Oktyabr inqilabı barəsində çoxları çox şey yazırlar və hey yazmaqdadırlar, amma mən qorxuram bir şeyi unudub yaddan çıxaralar.Gərək biz hamımız bunu etiraf edək, yəni boynumuza alaq ki, Oktyabr inqilabı bir para insanları işdən salıb, lap bədbəxt elədi. Mən o adamları deyirəm ki, mahi-məhərrəmdə onların ixtisası, onların peşəsi imam təziyəsinin “yubiley” bayramını icarəyə götürmək idi.

2 dəq
Məşğuliyyət

Doğrusu budur ki, biz bakılıların çoxdandır ki, qulağımız buna adətkərdə olmuşdu ki, Bakıda, ələlxüsus Bakı rayonunda, hərdən bir parta-part düşə: “Vodə, bu nədir?” “Nə bilim, filankəs vurdu, filankəsi öldürdü”.Doğrusu budur ki, belə işlərin özü bir məşğuliyyətdir; yoxsa, vallah, bikarçılıqdan adamın başı şişir.

2 dəq
Müxbirlər

İndi bu saat kənd müxbirlərinin qəzet və jurnallara yazdıqları rəvayətlər qədim əsrdə Əbuhərirənin rəvayətlərini yada salır.Əbuhərirə deyəndə də islamın birinci əsri, o gözəl əsri yada düşür, haman əsri ki, gözəl islam dini az qalmışdı ki, tamam yer üzünü tutsun.

2 dəq
Həmmalül-müqəddəs

Həmin nömrənin səhifəsində çəkilən bir həmmalın dalındakı namaz tayları barəsində, söz yox, bəzi oxucular ola bilər ki, əhvalatdan müxbir olmayalar. Onunçün də burada bu barədə mətləbə şərh verməyi lüzumdan xali görmədik.Bu bəndeyi-xuda bir mömün islam ümməti və Əli şiəsidir, gün, yövmiyə dua və sənada razü niyaz əhlidir və demək olar ki, bir gün də vacibi namazlarını qəzaya qoymayıbdır, sonra bu mömin Allah bəndəsini əcəl dərk eləyir və bu da darülfünadan darülbəqaya rehlət edib çıxıb gedir.

2 dəq

Başqa şairlərin şeirləri · Satira