Doğrusu budur ki, biz bakılıların çoxdandır ki, qulağımız buna adətkərdə olmuşdu ki, Bakıda, ələlxüsus Bakı rayonunda, hərdən bir parta-part düşə: “Vodə, bu nədir?” “Nə bilim, filankəs vurdu, filankəsi öldürdü”.

Doğrusu budur ki, belə işlərin özü bir məşğuliyyətdir; yoxsa, vallah, bikarçılıqdan adamın başı şişir.

Amma, baxıb görürəm ki, bir-iki ildir ki, Bakıda və xüsusən Bakı ətrafında deyəsən sakitlikdir.

Bu, əlbəttə, pis şey deyil; amma, vallah, bikarçılıqdan az qalır adamın beyni qaralsın. Bu barədə mənim gileyim tək bircə Bakı milis təşkilatındandır; səbəb budur ki, hər bir yanda bir nəfər igid başını qaldırmaq və öz rəşadətini göstərmək istəyirsə, baxıb görürsən ki, milis nəfərləri fövri atlandılar, tüfəngləndilər və düşdülər çöllərə ki, nə var-nə var, biz gərək filan qulduru tutaq, filan qaçağı tapaq.

Misal üçün götürək Xızı dairəsində bir nəfər Allah bəndəsi Mirzə Baba Baxış oğlunun əhvalatını. Bunun günahı nə idi ki, Bakı milisləri hücum çəkdilər və kişini narahat etdilər?

Mirzə Babanın günahı o idi ki, tək bircə nəfər kəndlini öldürtmüşdü ki, kəndlinin göyçək arvadı Mirzə Babaya qalsın. Yaxşıca da fürsət ələ düşmüşdü: burada böyük ədavət əmələ gələcək idi, bir tayfa o biri tayfa ilə uzun illər davada olacaq idi, bir-birindən qisas alacaq idi, hədsiz qanlar töküləcək idi. Yenə milislər burada bişmiş aşa su qatdılar və qoymadılar bazar qızışsın: milis rəisi Bakıdan milis nəfəratından bir dəstə tutdu və düşdü Xızı səhralarına ki, mən ya gərək ölüm, ya da gərək bu quldur-qaçaqların kətirini kəsəm.

Doğrudur, xah Xızı dairəsində, xah Maştağa və Bilgəhdə axıruxur qaçaqlar milisin qorxusundan puç olub getdilər; ancaq bir tərəfə baxanda, əlbəttə, qulaq dincliyi yaxşı şeydir və bilirəm ki, sən deyəcəksən: Yaşasın cəmi milis xidmətçilərimiz! – Ancaq heyif keçən günlərə! Mağıl keçənlərdə insanın bikarçılıqdan beyni qaralanda bu parta-partın özü bir gözəl məşğuliyyət idi.

Ax, keçən günlər!!!

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 17 noyabr 1927, №46

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Həmidə! (Bakı, 17 sentyabr)

Padaqranın müalicəsi haqqında məktubunu aldığım zaman bilmədim sənə necə cavab verim. Bakıda gətirilmə palçıq var, amma onun barəsində rəylər yaxşı deyil. Müalicəni gərəkdir əməlli-başlı eləmək. Buna isə həm pul, həm də başqa şeylər lazımdır. Ona görə də mən belə hesab eləyirəm ki, hələlik gözləyib dözə bilirsənsə, gərək gözləyəsən. Mən sənə kömək eləyə bilərdim, amma, əvvəldən, yayda var-yox pulumu xərcləmişəm, ikincisi, indi [məktəblərdə] məşğələlər başlandığına görə xərc-xiracatım xeyli artmışdır, maddi vəziyyətim ağırlaşdığı üçün hətta qəpikləri də saymaq və çox ehtiyatla tərpənmək lazım gəlir.Sənə Şuşada söz vermişdim ki, müalicədə sənə kömək eləyəcəyəm və hətta Tiflisə də gedəcəyəm. Mən vədimə əməl eləməyə hazıram, amma yuxarıda izah elədiyim səbəbə görə indi yox, çünki belə bir səfərə başlamaq üçün müəyyən miqdarda məbləğ gərəkdir. Bir də indi heç cür yola düşə bilmərəm, çünki indi Bakıda jurnalla və başqa məsələlərlə bağlı çoxlu işim var.

1 dəq
Münəvvər! (20 iyun)

Şüşə qabdakı pambığı ehtiyatla çıxart ki, içində dərman var.Qlazomer tapılmadı, həqiqi ayna yoxdur, şüşə və çinidən var ki, onları da doktor Mehmandarov məsləhət görmədi sənə göndərim. Axtaracağam, tapan kimi göndərərəm. Sizdən bircə dənə də kağız almamışam, nigaranam, bilmirəm Həmidə xanımın və uşaqların kefi necədir. Adamların [həbsdən] azad olmaları barədə əlləşirəm.

1 dəq
Əzizim Midhət! (4 iyul)

Sən və o biri uşaqlar necəsiniz? Anan necədir? Nə üçün mənə heç kağız yazmırsan?Bu kağızla sənin diqqətini bir məsələyə cəlb eləmək istəyirəm: kənddən Şuşaya yola düşəndə və Ağdamda sən bütün yolu faytonun qozlasında üst-başı kirli sürücünün yanında oturmusan. Halbuki gərək öz ananın yanında oturaydın, çünki daha sən kiçik oğlan deyilsən axı. Ananın yanında təzə xanımı oturtduğunuza görə Müzəffər Ağdamda bazarda sizin yanınızda ola bilməyib və utandığından çalışıb aradan çıxsın. Bu səbəbdən o, sizi Şuşaya da yola salmaq istəməyib (bir də axı, heç onun üçün oturmağa yer də yox imiş). Amma bu onun işidir və ananın işidir, səndən – oğlumdan – xahişim budur ki, bundan sonra həmişə ananın yanında olasan, qozlada yox (əgər səni buna vadar eləyən səbəb olmasa).

1 dəq
Əzizim Məmmədəli! (9 oktyabr)

Povestkaları göndərdim, 55 manat puldur. Mümkün olsa, ev kirayəsini ver (45 manat), söz vermirəm ki, bu yavıqlarda sənə pul göndərəm. Mən Səmədovlara tel vurmuşdum ki, sənə 50 manat versin, bilmirəm niyə 25 manat verib. Vera Akimovnanın getməyi yaxşı oldu, hətta Manyaya da de ki, onunla əlaqəsini kəssin. Mən məhz o səbəbə Manyanın buraya gəlməyini istəmişdim ki, o dəli övrət onu bəhanə edib, buralara gəlməsin. Əgər Manya istəsə, həmişə gələ bilər.Səy elə jurnalı çıxart. Evdən çox nigaranam. Eşidirəm ki, evimizdə, bir növ, biqaydalıq və nizamsızlıq var. Sən bunu bil ki, orada sən mənim vəkilimsən və yaxşı işlərlədə, pis işlərlə də insafının yanında sən cavabdeh olacaqsan.

1 dəq

Başqa şairlərin şeirləri · Satira