Ləpə
Mən bizim guya ana dilimizdə qəzetələri oxuyanda həmişə fikrimə gəlir ki, mən bisavadam.
Amma birdən yadıma düşür ki, axı mən on iki il müsəlman dərsi oxumuşam!..
Elə götürürəm qəzeti əlimə və istəyirəm oxuyam. Görürəm ki, başdan yazılıb “şimdi”, ortalığa da bir neçə kəlmələr düzülüb, axırda da yazılıb məsələn, “dir”.
Söz yox ki, “şimdi” və “dir” ana dilimizin əlamətləridir və bunları da mən qanıram (amma “şimdi” yerinə “indi” yazmaq olmaz).
Qərəz, başdan “şimdi”, axırda “dir”. Amma ortalıqdakı sözlər nə sözdü, vallah, qanmıram. Məsələn, “şimdi övzai-haliyyeyi-təkvni ixtisasından mərhəleyi-mərüzati-etilaqi nayiqeyizövrəqü ciceyi dəciheyi-nəciceyi-məcihəsindən mayəftun üftan olacaqdır”.
Başdan “şimdi”, axırda da “olacaqdır”, amma ortadakı sözləri qanmadım.
Bu ortadakı sözlərə “ləpə” deyirlər.
Məsələn, mən həmişə ləpə yeyəndə elə bilirəm ki, mən azarlıyam, ondan ötrü ki, zəhrimar heç həllə getmir.
Buradan bir haşiyə çıxaq.
Bizim nurdidə Qulaməli çox bərk heyzə olmuşdu, sancıdan rahatlığı yox idi, qızdırmadan gözlərini aça bilmirdi, ilan kimi sürünürdü, gah bağırıb, gah da sayıqlayırdı.
Bizlərdə adətdi, azarlı görməsinə əliboş gəlməzlər. Çünki ata-babamızdan məsəldi ki, “azarlının gözü gələnin əlinə baxar”. Odur ki, azarlı görüşünə gələnlər hər nə gətirsələr, gərək öz əllərilə azarlıya heç olmasa, bir az dadızdırsınlar.
Nurdidə Qulaməlinin xəstəliyini eşidib qohum-qardaş hərə bir növ xörək bişirib başladılar bir-bir təşrif gətirməyə. Hamıdan qabaq nurdidə Qulaməlinin Pərzad xalası gəldi və turşulu kələm dolması gətirmişdi. Arvad dolma nimçəsini qoydu azarlının qabağına və başladı: “Xalan qadovu alsın, ye, balam, ye, yeməsən ölərsən, yazıq balam, gözlərin quyunun dibinə düşüb”.
Pərzad xala dolmanın hamısını zornan yedirtdi nurdidə Qulaməliyə. Bir-iki saat keçməmişdi, Qulaməlinin bibisi Hürzad bibi girdi içəri və dəsmala bükülmüş bir qabı qoydu azarlının qabağına. Dəsmalı açdı və bir zorba küftəni əlinə götürüb istədi soxsun azarlının ağzına. Qulaməli əllərini uzadıb istədi küftəni kənar eləsin, amma Hürzad bibi yapışdı azarlının əllərindən və küftəni zornan soxdu Qulaməlinin ağzına: “Di ye, di ye, bala, ye, yeməsən ölərsən”.
Bir az keçməmişdi Qulaməlinin dayısı arvadı Balaxanım zəfəranlı bal halvası gətirdi. Bu arvad da “Yeməsən ölərsən” deyə-deyə zornan bal halvasını tıxdırdı naxoşun boğazına.
Bir azdan sonra qonşumuz Tükəzban əmidostu ədviyyəli firni bişirib gətirmişdi. Bu da zornan və davaynan bir neçə qaşıq tökdü Qulaməlinin boğazına. Sonra bacısı Telli uzaq kənddən qardaşının azarlı olmağını eşidib ləpəli və turşulu bozbaş bişirib gətirmişdi və bundan əlavə Tellinin əri də qızıləhmədi almalarından üç-dördünü gətirmişdi. Telli içəri girən kimi özünü saldı azarlının üstünə və başladı: “Bacın sənin qadovu alsın, ye, yeməsən ölərsən”.
Bir qədər də keçəndən sonra nurdidə Qulaməlinin kiçik qardaşı Kərbəlayı Haqverdi əlində bir-iki müsəlman qəzeti girdi içəri və azarlının qabağına qəzetləri qoyub dedi: “Dadaş, bu qəzetləri gecə yatanda qoy başının altına, həman saat şəfa taparsan. Nurdidə Qulaməli soruşdu ki, o qəzetlərdə nə xasiyyət var ki, mən olardan şəfa tapım. Kərbəlayı Haqverdi cavab verdi ki, bu qəzetlərdə yaxşı məscid moizələri var, yaxşı təbriknamələr var, bayram duaları var. Pir olmuş Kərbəlayı Haqverdi deyəsən ki, elə bilirmiş, Qulaməli gecə yatdı və səhər lap sağ və salamat dürdü ayağa və qaçdı küçəyə aşıq oynamağa.
Amma bilmirəm, nurdidə Qulaməlinin şəfa tapmağı xalalarımızın xörəyindən oldu, yainki eydnamələrimizin təsirindən.
Hər nədənsə, şükür Allaha ki, axırı səlamətlik oldu.
Lağlağı
“Molla Nəsrəddin”, 13 yanvar 1908, №2
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-lepe
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sən nə qədər istəyəsən ki, “Naloq”dan yana kəndlinin yükünü yüngülləşdirəsən. Sən əgər belə tutaq ki, istəyəsən kəndlidən heç bir qəpeyk də “Naloq” almayasan, yenə kəndlinin vergi barəsində elə bir böyük dərdi var ki, heç indi sənin xəyalına gəlmir.Bu dərdin adı cərimədir.
İnna Lillahi və İnna ileyhi raciunXülaseyi-kəlam, bu dünyada hali-həyatımızda nə qədər məsciddən və minbərdən qaçmaq istəsək, yenə öləndən sonra məscidə qayıdacağıq və biz özümüz öləndən sonra məscidə getmək istəməsək, yenə dost-aşnalarımız gəlib, qohum-qardaşlarımıza nəsihət eləyəcəklər ki, cənazə Təzəpir məscidinə aparılmayınca dəfn olunmasın.Qəzetlərdə böyük xətt ilə elanlar yazılacaq ki: “Şura qulluqçusu filanın vəfatı kəmali-təhəssürla dost və aşnalara xəbər verilir və mərhumun cənazəsi saat 10-da Təzəpir məscidindən götürülüb, filan Şura idarəsi qabağında dayandırılıb, idarə yoldaşları tərəfindən nitqlər söylənəndən sonra, qəbiristana aparılacaqdır”.
DinsizlikPənah aparıram bir Allaha ki, onun mərhəmətinin intəhası yoxdur. Və məhz belə bir Allahın mərhəmətinə arxalanıb, bu aşağıdakı sözləri cürət edib yazıram. Yoxsa, bu sözlərin hər birindən qan qoxusu gəlir.Söhbət Holbax filosofun barəsindədir. Bu şəxs, Fransanın ən məşhur filosoflarındandır ki, on səkkizinci qərinədən bu günə kimi bunun kitabları Avropanın cəmi darülfünunlarında oxunur.
Qız mütribləriMəlumdur ki, camaatımız drama teatrosuna kəmmeyl gəlir. Hətta Mirzə Fətəli kimi ustadımızın əsərləri də camaatı teatroya o qədər cəlb eləmir, nə qədər ki, gərək edəydi. Bunun səbəbi hər nədirsə, onda işimiz yoxdur.Sözümüz çarə üstədir ki, nə eyləyək camaatı teatroya çəkək?
Başqa şairlərin şeirləri · Satira
Tumanov izn alır ki, ŞirvanəSığnağdan çəkə dəmir yolunu;
Nuşirəvanü Hatəmi Qanuni dəhrdəHəcv*Nuşirəvanü hatəmü Qanuni dəhrdə,
Min il yazasan da bu müsəlman başa gəlməzMİn il yazasan da bu müselman başa gəlməz,Nadandı ki, nadandı ki, nadan, başa gəlməz.
XanbacıXanbacı, bu kişilər bizdə həya qoymadılar,Etməmiş zülmü sitəm, cövrü cəfa qoymadılar.