Məlumdur ki, camaatımız drama teatrosuna kəmmeyl gəlir. Hətta Mirzə Fətəli kimi ustadımızın əsərləri də camaatı teatroya o qədər cəlb eləmir, nə qədər ki, gərək edəydi. Bunun səbəbi hər nədirsə, onda işimiz yoxdur.

Sözümüz çarə üstədir ki, nə eyləyək camaatı teatroya çəkək?

Çox təcrübələrdən sonra axır vaxtlarda bu üsulu işlətməyə başladılar:

Hər nə əsər olursa-olsun, arada bir balet dəstgahı olsun.

Balet ibarətdir ondan bir dəstə ənlik-kirşanlı qız, corabsız və tumansız, ağ ayaqlarında güləbətin başmaqlar, əynində su kağızından nazik və əlvan köynəklər səhnəyə çıxıb, başlayırlar oynamağa. Muzika çalınır, cavanlar həyəcana gəlir və ümumiyyətlə, Quba meydanından yığışan camaat o dərəcədə fərəhlənir ki, teatro qurtarıb, pərdə salınandan da sonra gözü səhnədə nigaran xahi-nəxahi durub, çıxır gedir.

Onun üçün axır vaxtlar teatro elanlarında hər dəfə yazılır ki, ikinci pərdə ilə üçüncü pərdə arasında balet oyunu oynanacaqdır.

Çünki belə yazılmayanda camaat teatroya getmir, istər Mirzə Fətəlinin, istər Şekspirin əsəri qoyulsun.

Yaxşı olardı (Kimyagər) pyesində də Molla İbrahim Xəlil müştəriləri aldadanda ortalığa bir balet dəstəsi çıxa. Habelə pis olmaz Hacı Qarada da Hacı Əmi Araz çayına düşəndə qız mütribləri səhnəyə çıxıb, oynayalar.

Bəlkə də yersiz düşə, amma məqsəd camaatın rəğbətidir ki, o da hasil olacaq.

Hər kəsin bu barədə bir rəyi ola bilər.

Bu mənim rəyimdir.

İdarədən:

Biz bitərəf qalıb bu məqaləni buraxdıq. Lakin bu fikrə şərik deyiliz. Çünki bu da bir cür (iskusstvo) sənayeyi-nəfisədir.

Cırcırama

“Molla Nəsrəddin”, 29 noyabr 1924, №25, səh. 4-5

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Kürk

Məşədi Qulaməli Təbrizdə bir sövdəgər idi. Hər nə rastına gələrdi, alıb satardı. Dükanı bizim qonşuluqdaydı. Dükanında olardı kömür, köhnə paltar, at yəhəri, ulağ palanı, qab-qacaq, köhnə yorğan–döşək və qeyri belə–belə şeylər.Bir gün bazardan keçirdim, gördüm Məşədi Qulaməlinin dükanının qabağında üç-dörd kəl arabası durub, hamısı doludu kürəknən. Qulaməli də bikef oturub, hesab çortunu qabağına qoyub, fikrə gedib. Mən dayandım və buna salam verdim. Qulaməli istər–istəməz salamımı aldı və dinmədi.

1 dəq
Cəfəngiyat

Mənim bir xərəngə yoldaşım bu gün üç dəfə göz elədi.Birinci dəfə vağzaldan bir tanışımız gəlirdi.

1 dəq
Şura

O şey ki, qoca Molla Nəsrəddinin qəlbinə və məzasına hər babətdən müvafiqdir – onun adı Şuradır.Şura üsul-idarəsi!

2 dəq
Yaxın Şərq məsələsi

Leyfild, 24 oktyabr. Təzə rəisül–vüzəra Bonar–Lou kralın dediyinə müşərrəf olub ona izhar etdi ki, təzə kabinənin təşkilini öhdəsinə götürür.Bu yavuq vaxtda Bonar–Lou öz deklarasını bəyan etməyə hazırlaşmaqdadır. Hərçənd piş əz vəqt deklarasiyanın məzmunundan xəbərdar olan yoxdur; amma hökumətin təzə rəisi Kamal paşanın müzəffəriyyətinin əsbabı barəsində xüsusi məclislərdə öz məhrəmlərinə elə bir nəzəriyyat meydana qoyur ki, bu vaxtadək Yevropanın politikaşünaslarından belə bir işarələr indiyədək olunmayıb. Söhbət İranın türklərə bu müharibədə nə münasibətdə olmağı barəsindədir.

2 dəq

Başqa şairlərin şeirləri · Satira