O şey ki, qoca Molla Nəsrəddinin qəlbinə və məzasına hər babətdən müvafiqdir – onun adı Şuradır.

Şura üsul-idarəsi!

Şükür eləyirəm vicdanıma ki, ölmədim və arzu etdiklərimə çatdım.

Şura üsul idarəsi, məsləhət və məşvərət üsul hakimiyyəti –budur sitayiş etdiyimiz yol, budur təqlid etdigimiz məslək, budur etiqadımız.

Etiqadımız bunadır ki, vətən və məmləkət orada yaşayan əfradının hamısınındır. Pəs, vətənin və məmləkətin idarəsinin təəllüqi həman əfradadır.

Bunlardır tək bircə hakimlər, bunlardır ancaq padşahlar və məmləkət bunların məhz bunların məsləhəti və məşvərəti, bunların şurası ilə idarə olunacaq.

Pəs, şura, şura budur.

Budur mənanın təfsiri.. .

Amma.. .


Bunu bir müxtəsərcə ərz edim ki, keçən yaz fəsli kənddə idim və məlumdur ki, insan bir ovqat şəhərdən kənar düşəndə bir növ yadırğayır, bir para mənaları zehnindən çıxardır. Ələlxüsus ki. mənim kimi

– bir az ki, adam qocalır, bildiyini başlayır mürür ilə itirməyə. Odur ki, şura istilahının mənası zehnimdən bilmərrə çıxıb getmişdi ki, Allah rast saldı, vağzalların birində Bakıdan gələn maşın dayandı və mənə dedilər ki, bu vaqonda Bakıdan şura vəkilləri qayıdıb gəlirlər.

Aha, haman saat xəyalıma gəldi ki, ey dili-qafil, gir bunların yanına, həman sözün mənasını bunlardan soruş sana bəyan etsinlər.

Bəli, girdim, gördüm-bir neçə əşxas, bir neçəsi kəndli, bir neçəsi şəhərli, bir neçəsi əmələ, oturub-xiyar yeyürlər.

– Əssəlamun əleykum, ay əleykəssəlam, Molla Nəsrəddin əmi, buyur əyləş, xiyar tənavül eylə.

– Xeyr, nuşi-can olsun, ancaq rica edirəm bircə bunu fərmayeş buyurun görək, deyir siz Bakuya şuraya getmişdiniz.

– Bəli, Molla əmi, getmişdik.

– Xub, nə var, nə yox?

– Nə olacaq, sağlığın.

– Xub, orada deyirlər siz şura etdiniz.

– Bəli, Molla əmi, şura etdik.

– Xub, pəs, orada dəxi nəyə məşğul idiniz?

– Molla əmi, ərz olsun ki, orada biz bir neçə gün avtomobilə mindik, gəzdik, sonra da hərəmiz başımıza buxara dərisindən bir tazə pa-paq qoyduq gəldik. Doğrudur, Molla əmi, biz Bakıda şura etdik, ki, aya pəs, biz orada danışılan sözləri niyə anlamadıq.

– Bəli, indi başa düşdüm, xudahafiz.

– Xudahafiz.


Pəs, ey mənim əzizim, həman şuranın mənası budur ki, bir neçə millət vəkili vaqonda oturub öz aralarında şura edirlər ki, aya onlar hara getmişdilər, haradan gəlirlər və nədən ötrü getmişdilər və orada danışılandan nə anlayublar.

Vəssalam!.. .

Şura, şura – budur, ey mənim əzizim.

“Molla Nəsrəddin”, 2 noyabr 1922

№1, 1341, 11 Rəbbül-əvvəl

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Həmidə! (27 noyabr 1913)

Arx barədə iş dekabrın 11-nə təyin olunub. Malikanənin planını və o sahə ilə ki, İbiş arx çəkib, həmin sahəyə aid sənədləri təcili göndər. İş ondadır ki, onlar məhkəmədə tələb edəcəklər biz sübut eləyək ki, bu sahə bizimdir.Uşaqlar səlamətdirlər. İşlər köhnə qaydadadır. Amma indi bu alçaq pristavla əlləşmək lazımdır: o inciyib ki, nə üçün şahidlər – Ələkbər, Camal və Qasım istintaqda ifadə veriblər ki, pristav Aslanı döyüb. İstintaqı qəza rəisinin köməkçisi aparırdı. Buna görə pristav bizdən narazı olan adamları başına yığıb, onları öyrədir ki, bizim əlimizdən şikayət eləsinlər. Onlara dil verir ki, dalınızda dayanmışam...

2 dəq
Əziz Həmidə! (1913)

Heç kəsə demə ki, sənə bu cür teleqramlar göndərirəm: məni başa düşməzlər və elə güman elərlər ki, mən sənin yanında lovğalanıram.Sənin Cəlilin

1 dəq
Həmidə! (1 aprel 1914)

Bizdə hər şey öz qaydasındadır. Uşaqlar səlamətdirlər. Bəs haçan gələcəksən? Gələndə limfa da gətir.Burada yaz pis keçmir. Qəmər və Münəvvər sənə salam göndərirlər. Dəyirman işləyir.

1 dəq
Məmmədəli! (1913, ya 1914)

Jurnalın 2-ci nömrəsindən sənə baqacda 5 yüz göndərdim və teleqrafla baqacın nömrəsini məlumat elədim. Ancaq 3-cü nömrədən sənə 3 yüzdən artıq göndərə bilməyəcəyəm, çünki səhvən az çap olunub və bu üç yüzü də poçtla banderol edəcəyəm və satılan jurnalın hər birinə 18 qəpik göndərə bilməsən, Bakı bazarından bizə bir şey qalmayacaq. Çünki, vallah, jurnal qızıl qiymətinə başa gəlir, o dərəcədə hər bir şey bahadır; ələlxüsus bu şəkilləri.Cəlil

1 dəq

Başqa şairlərin şeirləri · Satira