Məşədi Qulaməli Təbrizdə bir sövdəgər idi. Hər nə rastına gələrdi, alıb satardı. Dükanı bizim qonşuluqdaydı. Dükanında olardı kömür, köhnə paltar, at yəhəri, ulağ palanı, qab-qacaq, köhnə yorğan–döşək və qeyri belə–belə şeylər.

Bir gün bazardan keçirdim, gördüm Məşədi Qulaməlinin dükanının qabağında üç-dörd kəl arabası durub, hamısı doludu kürəknən. Qulaməli də bikef oturub, hesab çortunu qabağına qoyub, fikrə gedib. Mən dayandım və buna salam verdim. Qulaməli istər–istəməz salamımı aldı və dinmədi.

Mən çox istəyirdim qonşumun dilxorluğunun səbəbini biləm, onunçün bir az da dayandım və soruşdum; dedim:

Məşədi, səni bikef görürəm!

Kişi başını qalxızıb, cavab verdi:

– Allah öz birliyi xatirinə, bu bədbəxt qardaşımı mənim əlimdən alsın!

Dedim:

– Kişi, hövsələni ye bədduva eləmə. De görüm neyləyib qardaşın?

Dedi:

– Daha bundan artıq neyləyəcək? O Allahın lənətinə gəlmişə gör mən nə yazmışam, o mənə nə göndərib? (bu sözləri deyəndə, əlini uzatdı kürək arabalarına).

Dedim:

– Sən nə yazmışdın?

Dedi:

– Mən ona yazmışdım, qardaş, indi qış yaxınlaşır, Daş – Qalada yaxşı, ucuz kürklər olur; ucuz ala bilsən, yaxşı mənfəət edərik; nə qədər pulun olsa al, qızırqanma; Hacı Qurbannan da iki yüz tümən göndərdim. Ay molla əmi, indi gör, o məlun nə alıb göndərib: min dörd yüz kürək alıb göndərib. Özü də bilirsən, birini neçəyə alıb? Birini iki qrana alıb. Amma bu saat Təbrizdə bir qrana nə qədər istəsən, mən sənə alım. Zalım oğlu, zalım, yəqin ki, mənim kağızımda “kürk” sözünü, “kürək” oxuyub. Ax, bir aləm mənə ziyan vurdu.

Molla Nəsrəddin

“Yeni yol”, 18 oktyabr 1922, №6

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Oxucularımıza

Məcmuəmizin 15-ci nömrəsində “Təzə həyat”ın məsləki barəsində bir neçə söz danışmışdıq. Bizim bu sözlərimizə “Təzə həyat”ın acığı tutub, başlayıb bizim xüsusumuzda küçə söyüşləri söyməyə. Bu söyüşlərə biz cavab yazmayacağıq və buna da iki səbəb var: əvvəla, məcmuəmizdə yer azdır və ixtiyarımız yoxdur bu az yeri qərəzi -şəxsi münasibətlə vuruşma meydanı edək.Saniyən indiki halımızı nəzərə alıb Qafqazda müsəlman qəzetlərinin çoxalmasını qənimət hesab edirik və “Təzə həyat”ın özünün də camaatımız üçün nafe olmağını danmırıq, bu şərt ilə ki, əvvəlinci nömrənin baş məqaləsini və qalan nömrələrdə bir para məddahanə mənzumələri cırıb tullayaq Kaspi dəryasına.

1 dəq
Türkiyə məşrutəsinin keçmişindən

Türkiyə sultanlarına hələ XVIII əsrdə aydın olmuşdu ki, ümumiyyətlə, dövlət quruluşunda və xüsusilə-hərbi təsisatda olan anomaliya Türkiyənin mədəni inkişafını və habelə işğalçılıqdakı müvəffəqiyyətli hərəkətini ləngidir.Böyük sərkərdələr Napalyon və Suvorov bütün dünyaya səs saldıqları zaman, onlardan birincisinin müzəffər qoşunları Misrə, digərininkilər isə Qərbi Avropaya hücum etdikləri zaman, nəhayət, türk qoşunları Avstriya və Rusiyanın birləşmiş qoşunları tərəfindən Serbiya və Rumıniyada büsbütün darmadağın edildikləri zaman dahi Sultan Səlim salis çox aydın başa düşdü ki, onun dövründəki dövlət quruluşu Türkiyə imperiyasını açıq-aşkar uçuruma doğru aparmaqdadır.

8 dəq
Hicab məsələsi və cavabımız

Dünyada hər cür çətin və xariqüladə bir məsələ bəsirət və insaf ilə müzakirə olunsa, şəksiz, həqiqət tərəfi axtarılar. Həqiqət axtarılan yerdə də mütləq ixtilaf olur. Şüurlu ixtilaf isə, əlbət şüurlu ittihadı meydana gətirir. Hər halda, möhkəm və davamlı ittihad məhz fəhm və bəsirət yolu ilə olan ixtilafdadır. Bu səbəblədir ki, “ixtilafü ümməti rəhmətün” buyurulubdur. Amma, heyf ki, zəmanəmizin biz mollaları arasındakı ixtilaf aləmin başına böyük bir bəla olubdur. Nə cür olmasın ki, əqli ilə şəri dəlillər ilə mübahisə edib həqiqəti axtaracağımız yerdə, hər birimiz başımıza bir avam dəstəsi yığıb “təkfir” silahilə vuruşmağa başlayırız. Gözəl şəriəti əldə bəhanə edib biçarə avam camaatı öz qərəz və mərəzimizə alət edirik. Dəstə riyasətliyini, avamlıqdan gələn mənfəəti-şəxsiyyəni həmişə saxlamaq üçün araya min cür böhtan və təvil salırıq. Heç mümkün deyil ki, biz mollalar öz aramızda, öz qaydasilə müzakirə və mübahisə edib axırda bir tərəfə tabe olaq: görəcəksən ki, bir paramız əcələ bir dəstə sazlayıb qışqırırıq: filankəs, məsələn, hicabı inkar edib dinindən çıxıb, onun qanı halaldır. Biçarə camaat da elə güman edir ki, bu cür mollaların qeyrət və namusları bu cür həqarətə davam gətirə bilmir; elə zənn edir ki, bir para mollalarımızda doğrudan din, millət və vətən qanı var və o qan qoymur ki, müsəlmanların haqq və etiqadına toxunsunlar.Amma vallah, yalan: gündə yüz kərə milli və dini haqq və ixtiyarımıza toxunurlar. Milli və dini hüquq və namusumuzu ayaqlar altına alırlar. Lakin heç birimizdə dodaq tərpədəcək bir cürət yox. Cümləmiz siçan kimi evlərimizin deşiklərinə soxulub öz canımızın qeydinə qalırıq. Bir saatlıq rahəti, bir qəpiklik mənfəəti heç bir şeyə dəyişmirik. Amma Allah göstərməsin ki, bir adam məhz tərəqqiyi-millət naminə, bir ixtilaflı məsələdən bəhs aça və ya “adət”in ziddinə gedə, hər deşikdən baş qaldırıb başına ildırımlar yağdırırıq. Hər birimiz guya din və millətin ən qeyrətli hamisi, canıyananı donuna girib zəmanə aslanı, qəhrəmanı oluruq. Halbuki bunların hamısı avamı allatmaq, “mən varam” demək, yalançı alimlik göstərmək, asanca şöhrət qazanmaqdır. Nə deyim? Həqq – taala cümləni biz mollaların fəndi felindən, riyasət və mənfəət tamahından, ikiüzlülük sifətindən uzaq eləsin.

11 dəq
Təşəkkür

Məcmuəmiz bağlanan vaxt Nuxa, Bakı və Gəncə şəhərinin maarifpərvər cənabları Tiflis general-qubernatoruna teleqraf göndərib xahiş etmişdilər ki, məcmuənin açılmasına izn versin.Dostlarımızın dualarının bərəkətindən məcmuəmiz açıldı. Və indi də məcmuəmizin açılmağı barəsində Nuxa, Gəncə, Bakı, İrəvan, Culfa, Şamaxı, Şuşa və hətta Şimali Qafqazdan təbrik teleqramları gəlməkdədir.

1 dəq

Başqa şairlərin şeirləri · Satira