Bakı

Özün bilirsən ki, axır vaxtlar başım ağrıyır və bir şey də yaza bilmirəm. Çoxdan fikrim vardı ki, indi yaxşı bəhanə də düşdü o fikri əmələ gətirməyə: mənim qəti qərarım budur ki, dəxi “Molla Nəsrəddin” jurnalını çıxartmaqdan bilmərrə əl çəkmək, evdə oturmaq və hökumətimizdən beş-on manat pensiya istəmək – ki, elə bilirəm, ona bəlkə haqqım da ola, – və pensiya da olmasa, bir özgə mənbədən bir müxtəsər xərclik axtarmaq.

Əgər “Molla Nəsrəddin”in nəşri hökumətə lazım olsa, heç sözüm yoxdur, özgə bir imza ilə məcmuənin nəşrinə heç müzaiqəm yoxdur. Hətta, yaza da bilsəm, sətir haqqının sahibi olaram.

Amma bunu deyirəm ki, bundan sonra mənim imzam məcmuədə görünsə, o vədə şikayətçi olsam, gərək heç kəs məndən inciməyə.

İndi də başım ağrıyır, çıxa bilmirəm.

Cəlil Məmmədquluzadə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Məramnamə

Tiflisdə müsəlmanların bir “Xanımlar cəmiyyəti-xeyriyyəsi” var. Hərdənbir idarəmizə kağızlar yazıb soruşurlar ki, bu cəmiyyətin “məramnaməsi” nədir, yəni nəyə qulluq eləyir, məqsədi nədir?..Keçən vaxtlarda bir-iki kağız sahiblərinə cavab verdik ki, “Xanımlar cəmiyyəti-xeyriyyəsinin” məramnaməsi pul yığmaqdır, vəssəlam. Bizim bu cavabımızı eşidib, keçən il bir-iki Tiflis xanımları küçədə üzüaçıq mənə rast gəlib başladılar giley-güzarı ki, “sən niyə ona-buna yazırsan ki, bizim məqsədimiz pul yığmaqdır, niyə bizim bu qədər zəhmətlərimizi gizləyib, haqqı danırsan və bizə yaraşmayan adı bizim üstümüzə qoyursan, məgər görmürsən ki, biz hər il “bal” veririk, qızlarımızı orada işlədirik? Məgər bu millətpərəstlik deyil, məgər bizim üçün bu fədakarlıq deyil? Dəxi bizdən nə istəyirsən?”.

1 dəq
Yadigari-həzrət İbrahim Xəlil

Yaxud “Qurban Bayramı”Tarixin göstərməyindən belə anlaşılır ki, həzrət İbrahim Xəlil zilhəccənin onuncu günü sübh tezdən yerindən durub Həcərdən olan balaca oğlu İsmayıla dedi: “Bala, dur gedək!”. Oğlu başladı getməyə və gördü ki, atası bıçaq və kəndir də götürür, tifil soruşdu: “Ata, məni hara aparırsan?”. Atası cavab verdi: “Oduna”. Həzrət İbrahim çölə çıxıb qəfildən yapışdı oğlunun xirtdəyindən, basıb qoydu ayağının altına, bıçağı çəkib başladı yazıq uşağın başını kəsməyə. Məsum balası başladı yalvarmağa ki, “ay ata, aman günüdür, mənim axır günahım nədir ki, məni öldürürsən?”. Bir tərəfdən uşaq yalvarır, bir tərəfdən də gözləri qızmış həzrət İbrahim bıçağı daşa çəkir ki, itiləsin. Elə bıçağı uşağın boğazına çəkdiyi əsnada, yuxarıdan Allah-taala qeyzə gəlib çağırdı: “Dayan, dayan! Yekə kişi, qudurmamısan ki! İnsan da ağlı başında ola-ola, məgər oğlunun qanını tökər? Ay vəhşi, ay nainsaf!”.

2 dəq
Nainsaflıq

Məhərrəm yetişdi. Şaxseylər gediləcək, başlar yarılacaq, şərbətlər içiləcək, məşəllər yanacaq.Bunlar hamısı öz qaydası ilə. Lakin bircə şey var ki, mənim xoşuma gəlmir və heç bir insaf əhlinin xoşuna gərək gəlməsin.

1 dəq
Cavabımız

Mərvdən 558 və Teymurxan-Şuradan130 nömrəli oxucularımıza

3 dəq

Başqa şairlərin şeirləri