Meşədə gördüklərim
(Bekkerin səyahətnaməsi)
Məktub nömrə 2.
Yanvarın 16-sında gəlib çıxdım Bakıya. Bakının özgə işlərindən yana heç bir söz danışmaq istəmirəm. Ondan ötrü ki, Bakı bir şöhrətli vilayətdir, yer üzündə Bakını tanımayan adam yoxdu. Amma bu gün burada bir möcüzə üz verdi, əgər başağrısı olmasa, bu barədə sizə bir neçə söz yaza bilərəm.
Bəli, yanvarın 16-sında yetişdim Bakıya və Təzəpirin yanında bir mənzil kirayə elədim; çünki xəyalım bir ayadək burada qalmaqdır. Bəli, axşam oldu. Oturmuşdum evdə və “İrşad”ın 14-cü nömrəsini oxuyurdum. İran xəbərlərindən bunu oxudum ki, Astarada naibülhökumə on ildir ki, qəssablardan hər qoyuna on şahı və hər mala bir qran bıçaq pulu alır və bu da yazılmışdı ki, İran və Astara müəllimxanalarında uşaqlar əbcədin heccəsini, maşallah, səkkiz ildə qurtarırlar.
Elə bu əhvalatı oxumaqda idim, gördüm ki, parta-part düşdü. Qapıya çıxıb gördüm ki, adamlar qaçışırlar və evlərin qapı-pəncərələri bağlanır. Başımı yuxarı qalxızıb gördüm ki, hər evin damının üstündə bir neçə əli tapançalı durub atır.
Mən bu işlərə çox təəccüb eləmədim; çünki eşitmişdim ki, Bakı vilayətində hərdənbir dəstə davası düşər, hərdənbir erməni-müsəlman davası düşər, hərdənbir bikarçılıq davası düşər.
Bu heyndə bir qoca kişi yavaş-yavaş gəlib, istədi mən durduğum qapıdan keçsin. Mən bu kişidən soruşdum ki, “ey əmi, sən Allah, mənə de görüm, bu dava ki, başlanıb, nə davasıdır?” Qoca kişi mənə cavab verdi ki, “dava-zad yoxdur, ancaq ay tutulub”. Dedim: “Bəs top-tüfəng atmağın nə mənası?” Qoca kişi mənə cavab verdi ki, “ayın qabağını kəsən cinlər, şəyatinlərdi. İndi onlar hamısı top-tüfəngin səsinə qorxub qaçacaqlar və ayın qabağı açılacaq”. Qəribəsi budur ki, bir az keçdi, hava başladı işıqlanmağa və ay təmamən görsəndi.
Çox təəccüb!
Mən nə qədər şükr edirəm ki, bu vilayətlərə gəlib, nə qədər işlər öyrəndim və nə qədər elmim artdı, nə qədər təcrübə hasil elədim. Yoxsa bizim axmaq ingilislər guya öz aralarında bir kosmoqrafiya elmini icad eləyiblər və ay tutulanda deyirlər ki, yer durur ay ilə günün qabağına və qoymur işığı düşsün ayın üstünə.
Bu sözlərə mən bundan sonra inanmayacağam. Ondan ötrü ki, əgər cin-şəyatin söhbəti yalandırsa, bə niyə topun, tüfəngin səsinə ayın qabağı açıldı?
Həmçinin günün tutulmağı. Deyirlər ki, yanvarın onunda Bakıda gün tutulanda buranın qız məktəbində qızlara dua oxutmasaydılar, gün açılmayacaq idi.
Cənab Molla Nəsrəddin! Mən məktubu qurtarıram və həmin məktubun bir surətini də göndərirəm ingilis qəzetlərində bu xəbəri yazsınlar. Amma bunu da indidən deyirəm ki, mənim vətənimdə mənim bu sözlərimə inanmayacaqlar; yəni inanmayacaqlar ki, ay tutulanda adamlar dam üstə çıxıb, tüfəng-tapanca atsınlar və əllərinə daş alıb, mis qabları çalsınlar.
Dəxi mən neyləyim, canları cəhənnəmə! İnanacaqlar inansınlar, inanmayacaqlar inanmasınlar.
“Molla Nəsrəddin”in müxbiri Bekker
Bakı, 22 yanvar
“Molla Nəsrəddin”, 27 yanvar 1907, №4
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-mesede-gorduklerim-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dünən yox, sırağagün hava çox sakit idi. Müdirimiz də çox sakit idi. Öz kabinəsində oturub nəsə yazırdı. Dəftərxanadan heç kəsi çağırmırdı.O gün nə bir külək səsi eşitdik, nə müdirimizin səsini eşitdik. Səbəbini bilmədik ki, aya niyə təbiət bu gün sakitdir. Və nə olur ki, bir gün tufan qopur, bir gün heç balaca yarpaq da tərpənmir?
Xam xəyal edirlərXam xəyal edirlər o məsul işçilər ki, onların öhdəsinə qoyulan vəzifəni səhl sayırlar. Nəticəsini axırda görəcəklər.Xam xəyal edirlər ingilis hökumətinin əfqan nümayəndələri o yerdə ki, Beççeyi-Səqqaya göstərdikləri maddi köməkliyi məxfi hesab edirlər; Beççənin cəmi qoşunları bu saat ingilis tüfəngləri ilə tüfəngləniblər.
“Fırıldaq baş tutmadı”“Xaçpərəst voskresenyesi və müsəlman cüməsi”Yer üzündə dinlərin ən əlası babilikdir. Ancaq heyif ola ki, şura əsrində yaşayanlar bu gözəl dinin qədrini bilmədilər.
TəmizlikMən uşaqlıqdan eşitmişdim ki, təmizlik yaxşı şeydir. Hətta şəriət də təmizliyi xoş tutur (izaleyi-nəcasət).Sonralar, böyüdükcə görürdüm ki, təmizlik doğrudan da, yaxşı şeydir. Hətta hər barədə geridə qalan İran şəhərlərində də bəzən təmizlik asarını görərdim və bunu da görərdim ki, təmiz olan məkandan azarbezar uzaq gəzir və natəmiz yerləri və insanları azar-bezar dost tutur.
Başqa şairlərin şeirləri · Satira
Belə bir əsrdə kim elmİ-maarif günəşiÇacib öz nurunu hər bir təbəqat üstündə.
Hacı Nemət kişiGözlərin aydın olsun, ay Hacı Nemət kişi!Sən daha bundan belə eyləmə xiffət, kişi!
ŞURƏ GƏLİB ŞAD OLUN, İRANLILAR!Şurə gəlib şad olun, iranlılar!Qüssədən azad olun, iranlılar!
“Novator” rəssamaBir paltar geymisən başa düşmürəm,Astarı hansıdır, üzü hansıdır.