Payız fəsli daxil oldu. Dərslər başlandı. İndi müəllimlərimizin barəsində bir az söhbət eləsək, heç pis olmaz.


Hər kəs yüz ildən sonra Qafqaz müsəlmanlarının məktəb işlərindən xəbərdar olmaq istəsə, onlar üçün bu bir neçə sətri yazmaq olar:

İndi Qafqazda heç müsəlman məktəbi yoxdur ki, orada müəllimlərin içində bir nəfər, ya iki nəfər sarıqlı müəllim olmasın. O ki qaldı hökumət məktəbləri, – əgər orada oxuyan uşaqların bir qədəri müsəlmanlar olsa, burada bir nəfər sarıqlı müəllim əlbəttə tapılar.

Bu dediyimiz sarıqlı müəllimlərin bəzisi prixod mollalarıdır, amma çoxu qazılardan və məclis üzvlərindəndirlər; yəni bunların hamısı idareyi-ruhaniyyənin məvacib alan qulluqçularıdır. Həmin sarıqlı müəllimlərimiz öz dairələrində camaat içində nüfuz sahibi bir adamlardır.

İdareyi-ruhaniyyə tərəfindən rəsmi qulluqlarından savayı bunlar camaat içində həm vaizdirlər, həm mərsiyəxandırlar və məlumdur ki, heç bir xeyir və şər məclislərimiz bunlarsız ötüşə bilməz.

Bununla bərabər, bunların hər biri bir məktəbdə və bəlkə iki-üç məktəbdə müəllim hesab olunurlar.

Demək olmaz ki, bu sarıqlı müəllimlərimiz müəllimlikdən çox məvacib alırlar; məsələn, Danabaş kəndində Molla Tarqulu müəllimlikdən ayda on dörd şahı iki qəpik alır.


Verdikləri dərs hər yerdə bir cürdür və çox məvacib alanla az məvacib alanın bu barədə təfavütü yoxdur.

Əvvələn, nə vaxt ki, kefləri istədi, – dərsə gedəcəklər, nə vaxta ki, kefləri istəmədi, yainki vaxtları olmadı, – getməyəcəklər. Orucluqda və məhərrəmlikdə heç dərs deməzlər; çünki yarmarka vaxtı çox şüğlləri olur.Özgə vaxtlarda da ölü yerinə getsələr, kəbin kəsməyə və talaq verməyə getsələr, qonaqlığa, təziyəyə, mərsiyəyə, müsəllaya, qəbr üstə, camaat namazına, əshabi-kəhf ziyarətinə və qeyri min-min bu cür işlərə məşğul olanda, söz yox, dərsə gedə bilməzlər. Çünki məvacib öz vaxtında yetişəcək. Məsələn, Bakıda Molla Ruhulla əfəndi həmişə məsciddə və minbərdə ola-ola iki şəhər məktəbində və bir də “Səadət”də, ya qeyri bir məktəbdə müəllim hesab olunur. Amma şəhər məktəblərinin birində, məsələn, ildə yetmiş beş dərsin qırx beşini ötürür və ancaq otuz dərsə gedə bilir. Dəxi yazıq nə eləsin, parçalana bilməz ki?


Verdikləri dərslər də həmişə bir cürdür: əvvəlinci şöbədə – şəkkiyyat, ikinci şöbədə – Övc-ibn-Ünqün tərifi, üçüncü şöbədə – “səngini-bədəni-xudra bər payi-çəp əndazəd”.

Hər yerdə bir cürdür: istər Danabaş kəndində, istər Ordubad mədrəsələrində, istər Tiflis gimnaziyalarında, istər Bakının behiştlik məktəblərində.

Hələ bu dəfəliyə bəsdir.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 8 sentyabr 1908, №36

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

“Qeyrət” mətbəəsi

Tiflisdə təzə açılan “Qeyrət” mətbəəsində türkcə, farsca, ərəbcə və rusca hər cür kitab, dəftər, hesabnamə, paket (zərf), ziyarət kağızçası (kartışka) və özgə hər növ ticarət-sövdagar və zavod kağızları çap edilir.“Qeyrət” mətbəəsində çap ediləcək kitab və kağızlar Rusiyadakı müsəlman hərflərinin ən son və yaxşısı ilə basılacağı kimi, çap qiyməti də mümkün dərəcədə ucuz olacaqdır. “Qeyrət” mətbəəsi həmişə sifarişlərin gözəl təb edilməsinə, vaxtında hazır olmağına və ucuz çap etmək ilə müsəlmanca əsərlərin nəşrinə xidmət edəcəkdir.

1 dəq
Məmmədqulubəy Kəngərlinin tərcümeyi-halı

(Əxirən həyatına fəcianə bir surətdə xatimə çəkilən sabiq topçu ofiseri Məmmədqulubəy Kəngərli)*Bu il avqust ayının 29-da Batum şəhərində Məmmədqulubəy Kəngərlinin erməni komiteti tərəfindən göndərilən ermənilər tərəfindən şəhid edildiyini duyub qəlbən ağlamayan qafqazlı bir müsəlman yoxdur. Zənn edirəm, məhz millət yolunda qurban olan belə bir vücudi-müqəddəsin tərcümeyi-halını yazmaq, bilməyənlərə tanıtmaq, onu bilən hər sahibqələmimizin, əlbəttə, ən birinci borcu idi. Nə fayda ki, indiyə qədər bu borcu yerinə yetirən bir kəs meydana çıxmadı. Doğrusu, bu hal bu qədrnaşünaslıq ümumi–millətin üstə bihədd naşükürlük töhməti qoyacağından qorxdum. Sevgili millətimə öylə böyük bir təqsiri rəva görmədim. Bu səbəblədir ki, sahibqələm olmaya-olmaya, mərhumun vətənindən minlərcə verst uzaqda ola-ola qəlbim razı olmadı ki, öylə bir mücəssəmi – həmiyyənin, fədakari-millətin tərcümeyi-halı yazılmamış qalsın. Buna görə millətin qədrşünaslığı naminə mərhumun tərcümeyi-halından bildiyim qədər yazıram:

8 dəq
Oxucularımıza

Məcmuəmizin 15-ci nömrəsində “Təzə həyat”ın məsləki barəsində bir neçə söz danışmışdıq. Bizim bu sözlərimizə “Təzə həyat”ın acığı tutub, başlayıb bizim xüsusumuzda küçə söyüşləri söyməyə. Bu söyüşlərə biz cavab yazmayacağıq və buna da iki səbəb var: əvvəla, məcmuəmizdə yer azdır və ixtiyarımız yoxdur bu az yeri qərəzi -şəxsi münasibətlə vuruşma meydanı edək.Saniyən indiki halımızı nəzərə alıb Qafqazda müsəlman qəzetlərinin çoxalmasını qənimət hesab edirik və “Təzə həyat”ın özünün də camaatımız üçün nafe olmağını danmırıq, bu şərt ilə ki, əvvəlinci nömrənin baş məqaləsini və qalan nömrələrdə bir para məddahanə mənzumələri cırıb tullayaq Kaspi dəryasına.

1 dəq
Türkiyə məşrutəsinin keçmişindən

Türkiyə sultanlarına hələ XVIII əsrdə aydın olmuşdu ki, ümumiyyətlə, dövlət quruluşunda və xüsusilə-hərbi təsisatda olan anomaliya Türkiyənin mədəni inkişafını və habelə işğalçılıqdakı müvəffəqiyyətli hərəkətini ləngidir.Böyük sərkərdələr Napalyon və Suvorov bütün dünyaya səs saldıqları zaman, onlardan birincisinin müzəffər qoşunları Misrə, digərininkilər isə Qərbi Avropaya hücum etdikləri zaman, nəhayət, türk qoşunları Avstriya və Rusiyanın birləşmiş qoşunları tərəfindən Serbiya və Rumıniyada büsbütün darmadağın edildikləri zaman dahi Sultan Səlim salis çox aydın başa düşdü ki, onun dövründəki dövlət quruluşu Türkiyə imperiyasını açıq-aşkar uçuruma doğru aparmaqdadır.

8 dəq

Başqa şairlərin şeirləri · Satira